İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya ÇALXALANIR - 2 nəhəng nüvə dövləti HƏRƏKƏTƏ KEÇİR

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla görüşü zamanı Tayvan məsələsinə toxunaraq xəbərdarlıq edib. O bildirib ki, əgər Tayvanla “yanlış davranılsa”, bu, Çin və ABŞ arasında qarşıdurma və hətta münaqişəyə səbəb ola bilər.

Si Cinpin deyib ki, belə bir vəziyyət iki ölkə arasındakı münasibətləri ciddi təhlükə altına qoyacaq.

Çin liderinin sözlərinə görə, Pekin “vahid Çin” prinsipini əsas məsələ hesab edir və Tayvanın müstəqilliyi istiqamətində atılan addımlara qarşı çıxır.

Si Cinpinin Trampa bu xəbərdarlığı çəkindirici məqsəd daşıyır, yoxsa ABŞ ilə Çin arasında Tayvan məsələsinə görə münaqişə ehtimalının real olduğunun mesajı kimi oxunmalıdır?

ORUCOV SON.jpeg (33 KB)

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Si Cinpinin Donald Trampa Tayvan məsələsi ilə bağlı xəbərdarlığı həm çəkindirici diplomatik mesajdır, həm də real risk siqnalıdır. Yəni burada təkcə ritorika yoxdur, Pekin Vaşinqtona açıq şəkildə “qırmızı xət”lərini xatırladır:

“Pekin göstərmək istəyir ki, Tayvan məsələsində geri çəkilmək niyyətində deyil və lazım gələrsə, güc tətbiqinə də hazırdır. Çin üçün Tayvan məsələsi adi geosiyasi problem deyil, dövlətin ərazi bütövlüyü, milli suverenliyi və kommunist hakimiyyətinin legitimliyi ilə bağlı strateji məsələdir. Pekin hesab edir ki, “vahid Çin” prinsipi müzakirə predmeti ola bilməz. Buna görə də Tayvanın formal müstəqilliyinə aparacaq hər hansı addım Çin rəhbərliyi tərəfindən birbaşa təhlükə kimi qəbul edilir. Si Cinpinin bəyanatında diqqət çəkən məqam odur ki, o, “yanlış davranışın” qarşıdurma və hətta münaqişəyə gətirə biləcəyini xüsusi vurğulayır. Bu, əslində ABŞ-yə ünvanlanmış xəbərdarlıqdır. Burada əsas məsələ odur ki, Çin artıq əvvəlki kimi yalnız diplomatik etirazlarla kifayətlənmir. Son illərdə Tayvan ətrafında hərbi təlimlər intensivləşib, Çin donanması və aviasiyası adanın ətrafında təzyiqi artırıb, blokada ssenariləri üzərində işlənildiyi açıq görünür. Bu isə onu göstərir ki, Pekin Tayvan məsələsində hərbi variantı artıq nəzəri ehtimal kimi deyil, real strateji alət kimi masada saxlayır”.

Ekspertin fikrincə, bütün sərt ritorikaya baxmayaraq, yaxın perspektivdə tammiqyaslı ABŞ-Çin müharibəsi hələlik hər iki tərəf üçün çox riskli görünür. Çünki iki ölkə iqtisadi baxımdan bir-birinə ciddi bağlıdır, mümkün müharibə qlobal iqtisadiyyatı sarsıda, nüvə gücləri arasında birbaşa qarşıdurma nəzarətdən çıxa bilər:

“Bu səbəbdən Si Cinpinin açıqlaması daha çox “çəkindirmə strategiyası”nın tərkib hissəsi kimi görünür. Pekin Vaşinqtona əvvəlcədən xəbərdarlıq edir ki, Tayvan məsələsində müəyyən hədlər keçilərsə, Çin sərt reaksiya verəcək. Ən təhlükəli ssenari tərəflərin bilərəkdən deyil, yanlış hesablama nəticəsində toqquşmaya sürüklənməsi ola bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR