İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çoxcəbhəli SAVAŞA gedir – Azərbaycanın ƏSAS prioriteti isə...

Son aylarda dünyada baş verən hadisələr bir həqiqəti açıq şəkildə göstərir: artıq beynəlxalq sistem sürətlə dəyişir və bu dəyişiklik təkcə siyasi yox, həm də hərbi və iqtisadi qarşıdurmalar fonunda baş verir. Xüsusilə fevralın 28-dən etibarən İranla ABŞ-İsrail arasındakı gərginliyin bu günə artan templə gəlib çıxması yeni münaqişə ocaqlarının yaranmasına səbəb olub.

Bu qarşıdurma artıq lokal çərçivəni çoxdan aşaraq regionun təhlükəsizlik arxitekturasını sarsıdıb. Vaşinqton və Təl-Əvivin Tehrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar İranın cavab zərbələri ilə müşayiət olunur. Bu isə müharibənin nəzarətdən çıxmaq riskini artırır. Ən kritik məqamlardan biri isə Hörmüz boğazı ətrafında yaranan vəziyyətdir. Dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi bu strateji nayihədə hər hansı blokada ehtimalı qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər.

Müharibənin yaratdığı ən mühüm təsirlərdən biri enerji bazarlarında hiss olunur. Neft və qaz qiymətlərindəki dalğalanmalar artıq bir çox ölkələrdə inflyasiyanı sürətləndirib. Avropa dövlətləri alternativ enerji marşrutları axtarmağa məcbur qalıb, Asiya bazarlarında isə panika hiss olunur. Bu fonda enerji təhlükəsizliyi məsələsi artıq milli təhlükəsizlik məsələsinə çevrilir.

Bəzi analitiklər hesab edir ki, Yaxın Şərqdə gərginlik müəyyən mərhələdə səngisə belə, qlobal qarşıdurma bununla bitməyəcək. Əksinə, diqqət getdikcə Çinlə Amerika arasında artan rəqabətə yönələcək. Artıq bu iki güc arasında iqtisadi, texnoloji və hərbi sahədə açıq rəqabət müşahidə olunur. Süni intellekt, yarımkeçiricilər və hərbi texnologiyalar sahəsində üstünlük uğrunda mübarizə yeni “soyuq müharibə”nin əsas elementlərinə çevrilib.

Başqa yandan, Ukrayna ətrafında gedən müharibə də hələ ki, yekunlaşmaqdan uzaqdır. Rusiya ilə Qərb arasında davam edən qarşıdurma faktiki olaraq qlobal bloklaşmanı daha da dərinləşdirir. Bu müharibə göstərdi ki, artıq dünya təkqütblü sistemdən çoxqütblü nizama keçid mərhələsindədir.

Bütün bu proseslər Azərbaycan üçün də həm risklər, həm də təzə imkanlar yaradır. Xüsusilə enerji ixrac edən ölkə kimi Azərbaycanın rolu artır. Eyni zamanda, regionda sabitliyin qorunması əsas prioritet olaraq qalır...

Göründüyü kimi, dünya yeni və daha mürəkkəb mərhələyə daxil olur. Müharibələr, iqtisadi qarşıdurmalar və geosiyasi oyunlar artıq paralel şəkildə inkişaf edir. Bütün bunlar isə bir sualı aktuallaşdırır: yeni dünya savaşı artıq başlayıb, yoxsa biz hələ onun başlanğıc mərhələsindəyik?

Milli Məclisin üzvü Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, hazırda qlobal geosiyasi proseslərdə bir neçə əsas tendensiya müşahidə olunur: “Bunlardan birincisi, regional müharibələrin sürətlə qlobal xarakter alması və beynəlxalq təhlükəsizlik sistemini sarsıtmasıdır. İkinci amil isə enerji resursları uğrunda mübarizənin kəskinləşməsi və dövlətlərin strateji davranışını müəyyən etməsidir. Üçüncüsü amil yeni siyasi və hərbi ittifaqların formalaşması perspektivi ki, bu prosesin qütbləşməni daha da dərinləşdirməsidir. Nəhayət, ən təhlükəli faktor texnologiyanın artıq geosiyasi alətə çevrilərək dövlətlər arasında rəqabətin əsas müstəvisinə transformasiya olunmasıdır”.

Deputatın sözlərinə görə, bu mürəkkəb və çoxqatlı proseslər Azərbaycanın da geosiyasi mövqeyinə birbaşa təsir göstərir: “Enerji ixrac edən ölkə kimi Azərbaycanın rolu mövcud şəraitdə daha da artır. Avropanın alternativ enerji mənbələrinə ehtiyacının artması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və ölkənin beynəlxalq enerji təhlükəsizliyindəki rolunu gücləndirir. Eyni zamanda, regionda sabitliyin qorunması Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas prioriteti olaraq qalır. Bu baxımdan, balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu hazırda ölkənin maraqlarının qorunmasında həlledici rol oynayır və bu amil Azərbaycanın xarici siyasətinin baza prinsiplərinin nə qədər dəqiq müəyyənləşdirdiyini nümayiş etdirir.

Bütün bu amillər fonunda yaranan suallara birmənalı cavab vermək mümkün deyil, lakin müəyyən konturları müəyyənlədimək olar. Əvvəla, qeyd edim ki, dünya hələ ki, klassik anlamda qlobal müharibə mərhələsinə daxil olmayıb. Lakin mövcud proseslər onu göstərir ki, biz artıq hibrid, çoxsahəli və mərhələli qlobal mübarizənin içindəyik. Bu mübarizə hərbi əməliyyatlarla yanaşı, iqtisadi sanksiyalar, enerji təzyiqləri, informasiya müharibələri və texnoloji rəqabət vasitəsilə aparılır.

Başqa sözlə, yeni dünya savaşı formal olaraq elan edilməsə də, onun ilkin mərhələsi artıq başlamış hesab oluna bilər. Bu mərhələnin əsas xüsusiyyəti isə onun parçalanmış, çoxmərkəzli və dağınıq xarakter daşımasıdır. Əgər mövcud tendensiyalar davam edərsə, bu qarşıdurma daha açıq və genişmiqyaslı fazaya keçə bilər.

Bütövlükdə dünya nizamı köklü dəyişiklik ərəfəsindədir və bu dəyişikliklərin istiqaməti böyük güclər arasında rəqabətin və yaranan böhranın hansı səviyyədə idarə olunacağından asılı olacaq. Mövcud reallıq isə onu göstərir ki, beynəlxalq sistem artıq əvvəlki sabitlik modelinə qayıtmayacaq və dövlətlər yeni, daha mürəkkəb və riskli geosiyasi mühitdə fəaliyyət göstərməyə məcbur olacaq”.

Cavanşir ABBASLI,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR