Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 10:00
“Qarabağ” Çempionlar Liqasında yeni tarix yazmaq üçün İtaliyadadır. Rəqib “Napoli”dir. Oyun noyabrın 26-da, Bakı vaxtı ilə saat 00:00-da argentinalı, əfsanəvi futbolçu Dieqo Armando Maradonanın adını daşıyan “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək.
Görüşün baş hakimi FİA referisi Şimon Marçinyak olacaq. Ona Tomaş Listkeviçlə Adam Kupsik kömək göstərəcək. Dördüncü hakim funksiyasını Voyçex Miç yerinə yetirəcək. VAR-da niderlandlı Pol van Bokel, AVAR-da isə xorvatiyalı İvan Bebek olacaq. Rəqib haqda uzun-uzadı danışmağa gərək yoxdur. Kəsəsi, “İnter”, “Milan”, “Yuventus”, “Roma” və s. kimi güclülərin iştirak etdiyi ölkədə birinci olublar.
Heç şübhəsiz ki, qarşılaşma bu turun ən diqqətlə izlənilən oyunu olacaq. Çünki hazırda mübarizə aparan 36 klub sırasında “köhlən atlar” ən sürpriz komanda sayılır. Aktivində 7 xalı olan baş məşqçi Qurban Qurbanovun komandası “Benfika” və “Kopenhagen” klublarını devirməyi, “Çelsi” kimi güclü rəqibi ilə heç-heçə qalmağı bacarıb. Əgər “Napoli” önündə də ya qələbə, ya da bir xal qazansa, növbəti ən böyük uğur qazanılacaq və bu mərhələdə ilk 24-lüyə düşmə şanslarımız daha da artacaq. Hazırda rəqibin aktivində 4 xalı var və bu oyun onlar üçün davam, ya tamam oyunu da ola bilər.

Natiq Muxtarlı
İdman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a təxminlərini bölüşüb: ““Napoli” ilə qarşılaşma “Qarabağ” üçün çətin olacaq. Amma meydan sahibləri üçün “davam-tamam” anlamındadır, bu qarşılaşma. Ona görə də, düşünürəm ki, bu oyunda gərginlik altında “Qarabağ” yox, “Napoli” olacaq.
Güman ki, Çempionlar Liqasının startında “Napoli”nin hədəfi ilk 8 komanda sırasına düşmək idi. Amma artıq bu hədəfdən uzaqdırlar və indi ilk 24 komanda arasına düşmək üçün mübarizə aparırlar.
Bəs “Qarabağ”ın hədəfi nə idi? Kimsə “Qarabağ”dan nəticə tələb etmirdi. Amma bu gün “Qarabağ”ın ən azı 24 komanda arasına düşmək üçün əla şansı var. “Napoli”yə məğlub olsa belə, bu şans azalmayacaq. Böyük ehtimalla, qalan oyunlarda bir qələbə bu hədəfə çatmaq üçün yetərli olacaq. Ona görə də qoy “Napoli” narahat olsun. Sözsüz ki, elə buna görə də İtaliya nəhəngi daha aqressiv oyuna üstünlük verəcək".
N.Muxtarlı bir vacib məsələyə də toxundu: “Millinin oyunları ilə bağlı yaranan fasilə həmişə "Qarabağ"ın zərərinə işləyib. Bu fasilədən “Napoli” maksimum yararlandı. Heyətdə zədəlilər vardı, fiziki durum yerində deyildi. “Atalanta” ilə qarşılaşma göstərdi ki, bu problemləri qismən həll ediblər.
Üstəlik, “Napoli”nin stadionu da yaxşı vəziyyətdə deyil. Klubun prezidenti arenanı “zibillik” adlandırıb. “Qarabağ” texnikalı komanda olduğu üçün “zibillik”də oynamaq onlara çətinlik yaradacaq. Texnikalı komandalar üçün ot örtüyünün yaxşı vəziyyətdə olması vacibdir.
Bu amilləri nəzərə alsaq, “Napoli”nin üstün durumda olduğu görünür. Amma “Qarabağ” da “Qarabağ”dır. Hər bir rəqiblə oynamağı bacarır. Kadinin yoxluğunu nəzərə almasaq, heyətdə çatışmazlıq yoxdur. Fiziki durum da yerində olsa, “Napoli”nin başını ağrıdacaq, “Qarabağ”.
Heç şübhəsiz ki, bu qarşılaşmada fiziki güc çox tələb olunacaq. “Napoli”nin “Qarabağ”la açıq futbol oynayacağını gözləmirəm. Onlar Qurban Qurbanovun yetirmələrinə boş sahələr verməməyə çalışacaqlar. Yəqin ki, sıx oynayacaqlar, pressinq tətbiq edəcəklər. Belə deyək, Konte amilini nəzərə alsaq, “Napoli” tipik İtaliya futboluna üstünlük verəcək. Belə komandalara qarşı oyunlarda “Qarabağ” çətinlik yaşayır.
Ona görə də “köhlən atlar” meydanda maksimum konsentrasiyalı olmalı, səbirlə öz məqamını gözləməlidir. “Qarabağ”ı avantüraya vadar edəcək heç bir amil yoxdur. Start təzyiqi dəf edilsə, vaxt keçdikcə “Napoli”nin futbolçularında əsəbilik, tələskənlik yaranacaq. O məqamda səhvlər edəcək, boşluqlar verəcəklər. Məhz o məqamı gözləmək lazımdır. Səbirlə, səbirlə, səbirlə. “Qarabağ” uduzsa belə bu, dünyanın sonu olmayacaq. Çünki məğlubiyyət fonunda da, 24 komanda arasına düşmək şansı yetərincə yüksək olaraq qalacaq. Bu amili nəzərə alsaq, İtaliyada tam sərbəst olmaq, həyəcansız, stressiz öz oyununu oynamaq lazımdır. Bakıda “Çelsi” ilə keçirilən oyunda sürət olduqca yüksək idi. Azərbaycan futbolu üçün hətta heyrətamiz sürət idi. Amma “Qarabağ” bu sürətə tab gətirdi. “Napoli” istəsə belə, “Qarabağ”a o sürəti təklif edə bilməyəcək. Qurbanovun yetirmələri müdafiədə kobud səhvlərə yol verməsələr, ələ düşəcək imkanlardan maksimum yararlansalar, İtaliyadan xal və ya xallarla qayıda bilərlər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ