İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbu-Dabidə strateji razılaşmalar: Azərbaycanın qlobal təsir dairəsi genişlənir

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri Azərbaycanın milli maraqlara söykənən, müstəqil siyasi iradəyə əsaslanan və qlobal reallıqları qabaqlayan xarici siyasət doktrinasının növbəti mühüm təzahürü kimi qiymətləndirilir".

Bunu Musavat.com-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib. O bildirib ki, bu səfər bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, beynəlxalq siyasi və iqtisadi gündəlikdə mövqeyi nəzərə alınan, çəkisi artan və söz sahibi olan dövlətdir.

"Prezident İlham Əliyevin formalaşdırdığı idarəçilik modeli güclü dövlətçilik, strateji baxış və siyasi sabitlik üzərində qurulmuş konseptual yanaşma kimi beynəlxalq müstəvidə qəbul olunur. Dövlət başçısının milli maraqlara əsaslanan prinsipial mövqeyi və uzunmüddətli planlaşdırmaya söykənən qərarları Azərbaycanın qlobal siyasətdə etibarlı, proqnozlaşdırıla bilən və məsuliyyətli aktor kimi mövqeyini möhkəmləndirib. Məhz bu xətt nəticəsində Azərbaycan qlobal enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional sabitlik məsələlərində mühüm rol oynayan dövlət statusu qazanıb.

Müasir beynəlxalq sistemdə geosiyasi çəkisi artan dövlətlər təkcə iqtisadi resurslara deyil, siyasi iradəyə və strateji qərarvermə qabiliyyətinə malik olmalıdırlar və Azərbaycan bu meyarlara tam cavab verir. Prezident İlham Əliyevin liderliyi ilə Bakı böyük güclər arasında balanslaşdırılmış siyasət yürüdərək müstəqil mövqeyini qoruyub saxlayıb, eyni zamanda milli maraqlarını qlobal proseslərlə uzlaşdırmağı bacarıb. Bu yanaşma Azərbaycanın beynəlxalq platformalarda, xüsusilə enerji və təhlükəsizlik sahələrində etibarlı tərəfdaş kimi qəbul edilməsini təmin edib.

Azərbaycanın qlobal siyasətdə artan çəkisi Yaxın Şərq və Afrika istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdə də özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan bu xətt ideoloji yanaşmalardan deyil, milli maraqların müdafiəsi, siyasi suverenliyin möhkəmləndirilməsi və iqtisadi təhlükəsizliyin təminindən qaynaqlanır. Afrika ölkələri ilə əlaqələrin genişlənməsi Azərbaycanın qlobal Cənubda siyasi mövqelərini gücləndirir, Yaxın Şərq istiqaməti isə maliyyə, enerji və logistika baxımından ölkəmizin beynəlxalq təsir imkanlarını artırır".

Səlçuk Karakılıç bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı Azərbaycanın qlobal siyasətdə artan nüfuzunun mühüm göstəricisidir:

"BƏƏ kimi beynəlxalq maliyyə və enerji sistemində mühüm yer tutan dövlətin Azərbaycanla uzunmüddətli əməkdaşlığa xüsusi önəm verməsi Bakının beynəlxalq etimad qazandığını təsdiqləyir. Enerji, investisiya və müdafiə sahələrində əldə olunan razılaşmalar Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasının praktik nəticəsi kimi Azərbaycanın qlobal iqtisadi və siyasi zəncirlərdə mövqeyini daha da möhkəmləndirir.

Bu səfərin Qarabağ və Zəngəzur dəhlizi kontekstində də strateji əhəmiyyəti vardır. Qarabağın bərpası Prezident İlham Əliyevin milli dövlət quruculuğu siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, artıq beynəlxalq iqtisadi maraqların da kəsişdiyi prosesə çevrilib. Zəngəzur dəhlizi isə Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan regional kommunikasiya strategiyasının əsas dayağı kimi Azərbaycanın Avrasiya məkanında nəqliyyat və ticarət mərkəzinə çevrilməsi məqsədinə xidmət edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri Azərbaycanın qlobal siyasətdə artan strateji çəkisinin, müstəqil dövlətçilik modelinin və milli maraqlara əsaslanan liderlik xəttinin növbəti təsdiqi kimi çıxış edir. Bu səfər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclü, etibarlı və təsir imkanları genişlənən dövlət kimi mövqeyini daha da möhkəmləndirir",-deyə S.Karakılıç əlavə edib.

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR