İnsanlara hürriyət, millətlərə istiqlal!

Efir qovğaları – dalaşdıranlar məmnun, dalaşanlar razı, tamaşaçılar xoşnud

 

Hər millətin bir döyüş, yarış növünə aşırı (“ifrat” da yazım, dil əldən getməsin) marağı var, bizimki də xoruzdöyüşdürmə, itboğuşdurma və buna tay olan dava-dalaşlardır.

Məsələn, ispanlar korridanı sevirlər, zər-zibalı geyinmiş bir toreador meydana çıxır, bordağa bağlanıb bəslənmiş buğaya qırmızı parça göstərib qızışdırır, sonra ora-burasına nizə sancır. Düzdür, bəzən kələ də buynuzunu toreadorun bir yerinə ilişdirib havaya tolazdayır, amma bu, elə də tez-tez baş vermir. Əsas odur ki, bu döyüş növü xalqa xoş gəlir və bütün ispanlar bununla qürur duyurlar.

Bir ara ermənilər Xankəndi şəhərinin yaxınlığında qoduq ötüşdürürdülər, az qala beynəlxaq yarış statusu alacaqdılar. Hazırda Vəngin qoduqları yekəlib, kökəlib eşşək olublar, ya tənbəlləşib bir tərəfdə ağnayırlar, ya da Bakıya gətirilib, kolbasa sexində işə düzəldiliblər.

Bəzi ölkələrdə xanımını belinə alıb kross qaçmaq yarışı var. Əyləncəli şoudur. Kimin arvadı arıq, özü cantaraq, nəfəsi genişdirsə, qalib gəlir.

Qazax qardaşlar cıdır həvəskarıdır, harda yaxşı at minən görsələr, deyirlər, yəqin bir tərəfi qazaxdır.

Amerikalıların reqbiyə maraqları böyükdür, İngiltərədə təpədən yumru pendir dığırlayıb, dalınlca qaçmaq yarışı var.

Xüləs, dünya qəribə yarışma, döyüşmələrlə doludur. Biz də yuxarıda dediyimiz yarışlara meylliyik. Amma son vaxtlar hökumət it və xoruz döyüşdürənləri cərimələyir. Ortada mərc söhbəti də var deyə, iş böyüyür. Heyvanların hüquqlarını qoruyanlar da işə qarışır.

Ona görə də biz mehrimizi telekanalların efirində savaşanların şousuna salmışıq. Hələlik studiyalarda müğənnilərin, modellərin, aktrisaların, rəqqasələrin, cürbəcür manıs və civilərin boğuşmasına mane olan yoxdur. Əksinə, onları təşviq edirlər ki, canlı efirdə dalaşsınlar, cırmaqlaşsınlar. Təbii dava-dalaş olmayanda ssenari yazıb verirlər. Çünki belə olanda həmin telekanala baxanlar çoxalır, sonradan internetdə, sosial şəbəkələrdə həmin boğuşma videolarını izləyənlər artır və telekanal populyarlaşır.

Xalqımız üçün o qədər də fərqi yoxdur, ha mərəkədə it boğuşdurulsun, xoruz döyüşdürülsün, ha efirdə adamlar qovğa eləsin, qırğına çıxsın. Əsas odur ki, dinamika, ingilislər demişkən, “əkşn” olsun. “Əkşn” eşqi ilə yaşayan camaatıq biz. Yetər ki, ona ekrandan baxaq. Hər adamın efir boğuşmasında iştirakçı olmağa nə hünəri, nə də qabiliyyəti çatar. Çox adam görəndə ki, opponenti artıq sarsaqlamaq üzrədir və indicə bir əlbəyaxa davaya səbəb olası söz deyəcək, üzüsuluykən studiyanı tərk edər.

Adamlar da var, elə şeydən qorxmurlar, təki efir olsun, populyarlıq artsın, nəyə desən hazırdırlar. Sənət dünyasında populyarlığın öz qiyməti var. Qədirbilən xalqımız televizorda çox gördüyü müğənniyə daha çox pul verir. Televizorda görünməyən müğənni “Füzuli” kantatasından girib “Mənsuriyyə”yə qalxsa, oradan dövrə vurub Müslümün “O more”sini, “Cipsi Kinqs”in “Amor mio”sunu yüksək sənətkarlıqla ifa etsə də, hansısa məclisdə ona deyəcəklər, “ə, “omore, amore” nədi, sən canın, bir “Matani” oxu, uşaqlar oynasın”.

Telekanalların efirində peşələri yuxarıda sadalananların boğuşması bu üzdən dəb düşüb. Bu, telekanal rəhbərliyi ilə yanaşı, onlara da lazımdır. Biri kanalın reytinqini düşünür, o biri özünün şəxsi populyarlığını.

Bir ahıl müğənni var, istənilən sənətçidən populyardır. Adam it ilində nəsə oxuyub, amma indi heç nə oxumur, eləcə, bütün telekanalların efirində kiminləsə dalaşır, kiməsə ilişir. Telekanalların ən sevimli qonağı odur.

Maşallah, yenilər də çıxıb, dalaşa-dalaşa studiyaları gəzirlər, davalarının adını da “qalmaqal” qoyurlar. Hələ yaxşı ki, “polemika”, “debat”, “diskussiya” demirlər.

“Debat” demişkən, yadınızda olar, bir zamanlar ANS-də “Nəzər nöqtəsi” tok-şusu vardı, siyasətçilər studiyaya dəvət olunurdu, hansısa mövzuda (əasasən “sizin mövqeyiniz yanlışdır, bizimki doğrudur”) mübahisə edirdilər, millət də otururdu ekranın qabağında, ləzzətlə tamaşa edir, sabahısı günü kollektivlərdə müzakirə açırdılar ki, kim kimə qalib gəldi. (Hərçən irişə-irişə “dünən gördünüz, filankəslər necə boğuşurdu” deyənlər də vardı).

Bəzi siyasətçilər efirə tək gəlib çıxış edirdilər, rəqib istəmirdilər. Elə olanda tok-şouya baxanlar az olurdu. Çünki söhbətin dinamizmi olmurdu. Bunun da çarəsi o idi ki, aparıcı özü həmsöhbətinə dirəşirdi ki, bir az maraqlı olsun.

İndi siyasət mübahisələrinin yerini manıs-civi dava-dalaşları alıb. Baxanlar çox məmnundur. Baxmayanlar da çoxdur. Onlar o cür boğuşmalara baxmamaq üçün televizoru açmırlar, bu dəfə estetik əməliyyatlı, şişmə dodaqlı, silikonlu, milikonlu xalalar noutbukun monitorunda cövlan edirlər. Qurtuluş yoxdur.

Gün o gün olsun ki, qurtarsın davalar, efirlərdən dağılışsın yavalar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR