İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədalətin bumu, dünya hegemonu? – ABŞ hərbi cinayətlərin araşdırılmasına qarşı...

Dünyada ədalət çatışmazlığı sindromu var. Əslində həmişə belə olub. Sadəcə, bu qədər olduğu olmayıb.

Həmişə heç olmasa bir qarşı ağırlıq mərkəzi olardı, təəzinin gözü çox da əyilməzdi. Məsələn, SSRİ\Rusiya bir ədalətsizlik edəndə qarşısına ABŞ çıxırdı, ABŞ haqsızlığa qol qoyanda Rusiya və digərləri əzilənə sözdə olsa da, qahmar dururdu.

İndi elə şey yoxdur. Rusiya 4 il 6 aydır suveren bir dövlətin 20 faizdən çox ərazisini işğal edib, iri şəhərlərini darmadağın dağıtmaqdadır, ABŞ aqressora “dur” deməkdənsə, hər fürsətdə Ukraynanı birtərəfli güzəştlərə zorlamaq istəyir, üstəlik, tələb edir ki, Ukrayna cavab zərbələri endirərkən seçici olsun, çox dərinə getməsin.

Şimali Koreya bütün vasitələrlə Moskvanın Ukraynaya qarşı apardığı müharibəyə qatılıb, prezident Tramp Kim Çen Inı bu işdən çəkindirməkdənsə, ona “dostum” deyir, görüş vəd edir, həm də ölkəsinin ordusunun Cənubi Koreya ilə təlim keçirməsini yasaqlayır.

Çin ehtiyatlı bir şəkildə Rusiya-Ukrayna savaşında tərəfə çevrilmədən öz çıxarlarını düşünür, amma ABŞ administrasiyası ona xəbərdarlıq edir. Yəni müharibədə tərəfə çevrilən ŞKDR-ə bir münasibət var, ehtiyatlı siyasət yeridən Çinə başqa münasibət.

İndi də ABŞ ABŞ hökuməti Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akane və prokurorun baş məhkəmə vəkili Əbdülay Seyə sanksiyalar tətbiq edib.

Bu məhkəmə beynəlxalq miqyasda törədilən hərbi cinayətləri araşdırır, insanlığa qarşı ağır cinayətlərə qol qoyan adamları cəzalandırır, ABŞ isə onunla müttəfiq olan ölkələrin rəsmi şəxslərini müdafiə edir, onların istintaqını və təqibini qanunsuz sayır, bu işdə prinsipial mövqe tutan şəxslərə sanksiya tətbiq edir.

Söhbət İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzada törədilən qırğınlara görə məsul tutulmasından, ABŞ-nin onu müdafiə etməsindən və BCM-ni “haqsız” çıxarmasından gedir.

İsrail tərəfi özü də etiraf edir ki, Qəzzada ölən 50 min civarında adamın cəmi 25 faizi legitim hədəf, yəni silahlı şəxslər olub, yerdə qalanı mülki şəxslərdir. Yəni bu savaşda on minlərlə mülki şəxs həlak olub və bu, insanlığa qarşı cinayət aktlarıdır. Ancaq Netanyahunu və onun komandasındakı bəzi konkret şəxsləri ittiham etmək olmaz, çünki onlar Trampın müttəfiqləridir.

Bu xüsusda danışan ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Akene və Sey BCM-in yurisdiksiyasına razı olmayan ölkələrin rəsmilərinin istintaqına, saxlanılmasına və ya təqibinə yönəlmiş məhkəmə hərəkətlərində birbaşa iştirak ediblər.
Ediblər, lap əcəb ediblər. Belə çıxır ki, bir ölkə BCM-in rusidiksiyasına razı olmursa, avtomatik olaraq onun rəhbərlərinin insanlığa qarşı cinayət törətmək kimi eksklüziv hüquqları yaranır?

Doğrudan da Əbdülay Sey BCM prokurorluğunda baş məhkəmə vəkilidir və Netanyahu üçün həbs orderinin verilməsini istəyən prokurorlar komandasında çalışıb.

Ancaq başqa ölkələrin hərbi cinayət törətməkdə ittiham olunan liderləri üçün də həbs orderi verən prokurorlar var və ABŞ onlara qarşı sanksiya tətbiq etmir. Bu şəxslər isə maraqlı ölkələrin sanksiyasına məruz qalır.

Beləcə, hər tərəf öz adamını ədalətli mühakimədən qoruyur, törətdikləri əməllərə görə onların beynəlxalq məhkəmədə cavab vermələrinə maneə yaradır.

30 il boyunca Azərbaycana qarşı hər cür cinayət törədən (mülki şəxsləri kütləvi qətliama məruz qoymaqdan tutmuş 4 min əsiri məhv etməyə qədər) erməni hərbi canilər məhz bu cür ədalətsiz himayədarlıqların sayəsində məsuliyyətdən yayına biliblər.

Beynəlxalq güclər Rusiyanın acığına serbiyalı hərbi caniləri Haaqada mühakimə etdi, amma Köçəryan-Sarkisyan tandeminin cinayətlərinə diqqət yönəldən olmadı. Çünki ikincilərin havadarları çox idi və onlara münasibətdə Rusiya ilə ABŞ fikir ayrılığına malik deyildi. Üstəlik, Fransa da erməni canilərdən yana idi.

Beləliklə, başqa vaxt özünü bütün dünyada insan haqları və demokratiyanın keşikçisi kimi aparan, ilbəil uyğun hesabatlar hazırlayan, başqa ölkələrdə insanlara zülm edən rəhbərləri “qara siyahı”ya salan ölkənin özü hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasına qarşıdır.

Vaşinqtonun BCM-dən narazılığının səbəbləri təkcə İsraillə bağlı deyil, BCM Əfqanıstan müharibəsində minlərlə mülki insanın məhkəməsiz öldürülməsində iştirak edən ABŞ əsgərləri ilə bağlı aparılan araşdırmaları da top-tüfənglə qarşılayır.

Yəni bütün ölkələrin yol verdiyi hərbi cinayətləri araşdırmaq olar, amma ABŞ-nin və onun müttəfiqlərinin əməllərinə toxunulmamalıdır. Belə ədalət olarmı?

Niderland hökuməti Vaşinqtonun bu qərarına qarşı çıxıb. Ölkənin xarici işlər naziri Tom Berendsen BCM-in və digər beynəlxalq məhkəmə qurumlarının səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilməli olduğunu bildirib.

Ancaq baxaq, görək, Niderland özü 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində mülki şəxsləri qorumalı olan, ancaq bunu etməyərək, 10 minə yaxın insanı serb cəlladlara təhvil verən, onlardan 8 min 372-sinin iki günün içində məhv edilməsinə şərait yaradan niderlandlı hərbçiləri mühakimə etdimi? Etmədi, Karaciç və Mladiç ömürlük həbs cəzası aldı, ancaq niderlandlı hərbçilərin işi “qismən məsuliyyət daşımaq” kimi tövsif edoldi və xətm olundu.

ABŞ administrasiyası BCM-in prokurorlarını və hakimlərini əvvəllər də sanksiya siyahısına daxil edib. 2025-ci ilin fevral ayında o vaxtkı baş prokuror Kərim Xan, avqust ayında isə daha iki hakim və iki prokuror sanksiyalara məruz qalıb.

Yəqin ki, bundan sonra da belə şeylər olacaq.

Ancaq qəribədir ki, ABŞ-nin bəzi senator və konqresmenləri 2023-cü ilin sentyabrında Xankəndidən könüllü və təhlükəsiz şəkildə köçən ermənilərə qarşı kütləvi zor tətbiq edildiyi barədə haray-həşir salırlar. Allahdan, onların əlində bir fakt, hətta bir fotoşəkil və ya videoçarx yoxdur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR