Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həm Əfqanıstan, həm də Pakistan rəhbərliyi üzərində ciddi siyasi nüfuzu mövcuddur"
Əfqanıstan-Pakistan sərhədində döyüşlərin yenidən başladığı barədə məlumatlar yayılıb. Bildirilir ki, Nouşera şəhəri yaxınlığında yerləşən Pakistan hərbi bazasına zərbə endirilib.
Yerli mənbələrin məlumatına görə, Kokal rayonundakı hərbi mərkəzə, eləcə də Pakistanın digər strateji obyektlərindən biri hesab edilən nüvə mərkəzinə endirilən zərbələrdən sonra vəziyyət kəskin şəkildə gərginləşib. Hadisələr nəticəsində çoxsaylı itkilərin olduğu iddia edilir.
Məlumatlarda qeyd olunur ki, paytaxt İslamabadda yerləşən xəstəxanalara yüzlərlə ölü və yaralının aparıldığı bildirilir. Rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı hələlik geniş açıqlama verilməyib. Regionda təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyətin daha da eskalasiya edə biləcəyi ehtimal olunur.
Bəs Əfqanıstan-Pakistan sərhədində döyüşlərin yenidən başlamasına səbəb nədir? Zərbə endirilən obyektlərin strateji əhəmiyyəti nədir? Hadisə regionda yeni hərbi eskalasiyaya səbəb ola bilərmi?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, iki ölkə baş verən müharibə, uzun illər davam edən qarşıdurmanın və siyasi mübarizənin nəticəsidir. Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökuməti ilə Pakistan dövləti arasında illərdir davam edən ciddi siyasi və təhlükəsizlik qarşıdurması mövcuddur: “Əfqanıstanda ABŞ-ın dəstəklədiyi Həmid Kərzayi hökuməti “Taliban”a qarşı təzyiqləri artırdıqca, silahlı qrupların dağlıq ərazilər vasitəsilə Pakistana sızması və burada baza yaratması halları çoxalmışdı. “Taliban”ın Əfqanıstanda yenidən hakimiyyətə qayıtmasından sonra isə bu proses daha da intensiv xarakter alıb. Məhz buna görə Pakistan Hərbi Hava Qüvvələri 21–22 fevral tarixlərində Əfqanıstanın Nanqarhar və Paktika vilayətlərinə hava zərbələri endirib. Pakistan tərəfi bu əməliyyatları “Pakistan Talibanı”nın düşərgələrini məhv etmək məqsədi daşıyan “kəşfiyyata əsaslanan əməliyyat” kimi təqdim edib.
“Taliban” hökuməti isə bu addımı Əfqanıstanın suverenliyinə qarşı açıq təcavüz kimi qiymətləndirərək fevralın 26-da Durand xətti boyunca Pakistan hərbi mövqelərinə genişmiqyaslı hücum başladığını elan edib. Fevralın 27-də Pakistanın müdafiə naziri Xavaca Asif ölkənin səbrinin tükəndiyini bildirərək artıq “açıq müharibə” vəziyyətində olduqlarını bəyan edib. Pakistan ordusu “Qəzəb lil-Haqq” (“Haqq naminə qəzəb”) adlı hərbi əməliyyatın başladığını açıqlayıb. Münaqişənin ən təhlükəli tərəfi isə Pakistan ordusunun hazırda yalnız Qəndahar və Paktiya bölgələrini deyil, həm də paytaxt Kabul şəhərini intensiv bombardman etməsidir.
Münaqişənin siyasi mahiyyəti Əfqanıstanın Pakistan dövlətinə qarşı fəaliyyət göstərən “Tehreek-e-Taliban Pakistan” təşkilatına sığınacaq və dəstək verməsi iddiaları ilə bağlıdırsa, digər mühüm amil hərbi-coğrafi məsələlərlə əlaqədardır. Belə ki, Əfqanıstandakı “Taliban” hökuməti iki ölkə arasındakı 2600 kilometrlik Durand xəttini rəsmi sərhəd kimi tanımır. Bu isə mütəmadi sərhəd toqquşmalarına və qarşılıqlı ittihamlara zəmin yaradır”.
Politoloq qeyd edib ki, müharibənin genişlənməsi regionda təhlükəsizlik balansını ciddi şəkildə dəyişə bilər:
“Çin və Rusiya mümkün iqtisadi qeyri-sabitlik risklərindən narahat olduqlarını gizlətmirlər. Hindistan isə mövcud vəziyyətdən müəyyən mənada məmnun görünür; Pakistanın diqqətinin Əfqanıstan istiqamətinə yönəlməsi Dehliyə öz strateji planlarını daha rahat həyata keçirmək imkanı yaradır”.
Zeynal Əmrəliyevin fikrincə, münaqişənin həllində potensial vasitəçi rolunu oynaya biləcək iki əsas ölkə Türkiyə və Qətər hesab olunur:“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həm Əfqanıstan, həm də Pakistan rəhbərliyi üzərində ciddi siyasi nüfuzu mövcuddur. Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan son dövrlərdə İslamabad və Kabil ilə diplomatik təmasları intensivləşdirib. Ankara vasitəçilik təşəbbüsü ilə çıxış edərək gərginliyin azaldılmasına töhfə verə bilər. Digər tərəfdən, Qətərin də hər iki ölkə üzərində mühüm təsir imkanları var. Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani hər iki ölkəyə böyük investisiyalar yatırır və hazırda Əfqanıstanın ən sıx diplomatik münasibətlər qurduğu dövlətlərdən biri məhz Qətərdir. Ehtimal olunur ki, yaxın vaxtlarda ya Doha, ya da Ankara diplomatik proseslərə aktiv şəkildə qoşulacaq”.
Politoloq vurğulayıb ki, hazırda münaqişə lokal xarakter daşısa da, onun gələcəkdə daha geniş regional toqquşmaların başlanğıcına çevrilməsi ehtimalı istisna edilmir.
Xalidə Gəray
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ