Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sədrinin səlahiyyətləri müvəqqəti olaraq İttifaqın İdarə Heyətinin üzvü, Xalq artisti Şəfiqə Məmmədovaya həvalə edilib.
Musavat.com xəbər verir ki, bu barədə qərar Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin keçirilən iclasında qəbul olunub.
İclasda İttifaqın Konfransının keçirilməsi məsələsi də müzakirə edilib. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək. Bununla yanaşı, təqdim edilmiş siyahı əsasında İttifaq üzvlərinin siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.
İclasda İdarə Heyətinin üzvü, eyni zamanda İcraçı katib Əli İsa Cabarovun istefa ərizəsinə də baxılıb. Ərizə İdarə Heyəti tərəfindən qəbul edilib.
İclasın digər mühüm qərarı isə Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiqlənməsi olub. Bu qərar da İdarə Heyəti tərəfindən yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Əli İsa Cabbarov Musavat.com-a açıqlamasında bildirib ki, AKİ sədrliyinə namizədliyini geri götürüb. O, İttifaqla bundan sonra hansısa formada əməkdaşlığının davam edib-etməyəcəyinin isə yeni sədrin mövqeyindən asılı olacağını deyib.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) mayın 26-da keçirilən qurultayında rejissor Əli İsa Cabbarovun AKİ-nin yeni sədri seçildiyi elan olunsa da, bir sıra kino və incəsənət xadimləri səsvermənin legitimliyini şübhə altına alıblar.
Şahanə Rəhimli
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ