Onlayn ictimai-siyasi qəzet
Azərbaycan hökuməti bu ilin ikinci yarısında ciddi borclanmaya gedəcək.
Musavat.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin dövlət büdcəsinin yarımillik icrasına dair arayışı və ilin sonuna gözləntilər barədə hesabatında əksini tapıb.
Hesabata əsasən, Azərbaycanın dövlət borcu ilin sonunadək 4 milyard manata yaxın artacaq. Nazirlik vurğulayır ki, bu il iyulun 1-nə dövlət borcunun (xarici və daxili) ümumi məbləği 23 milyard 830 milyon manat olub. Ümumi dövlət borcunun 7 milyard 848,6 milyon manatı (4 milyard 616,8 milyon dollar) və ya 32,9 faizi xarici dövlət borcunun, 15 milyard 982,0 milyon manatı (67,1 faizi) daxili dövlət borcunun payına düşüb. Gələn ilin əvvəlinə isə ümumi borc 27 milyard 604 milyon manata (xarici dövlət borcu 4 milyard 833,0 milyon dollar, daxili dövlət borcu isə 19 milyard 387,1 milyon manat) yüksələcək. Yəni xarici dövlət borcu 216,2 milyon dollar, daxili dövlət borcu isə 3 milyard 405,1 milyon manat artacaq.

Bu, son illərdə xarici dövlət borcunun azaldılması istiqamətində aparılan siyasətin dəyişəcəyi anlamına gəlir və hələ ötən ilin payızında – 2026-cı ilin dövlət büdcəsi hazırlanarkən hökumət bunun anonsunu vermişdi. Son aylarda beynəlxalq maliyyə qurumları ilə intensivləşən danışıqlar prosesin başladıldığından xəbər verir. Hökumət xarici borcların əsasən beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində infrastruktur layihələri və yaşıl enerji layihələri üçün götürüləcəyini açıqlayıb.
İyulun 1-i tarixinə 2026-cı il 1 yanvar tarixinə olan göstərici ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 196,7 milyon ABŞ dolları (334,4 milyon manat) və ya 4,1 faiz, ÜDM-ə nisbəti isə 0,3 faiz bəndi azalıb. Daxili dövlət borcu isə 2026-cı ilin əvvəli ilə müqayisədə 1 milyard 822,5 milyon manat və ya 10,2 faiz, ÜDM-ə nisbəti isə 1,6 faiz bəndi azalıb. Daxili dövlət borcunun 45,3 faizini dövlət qiymətli kağızları, 54,7 faizini isə 2023-cü ilin sonundan etibarən dövlət borcuna aid edilən “Aqrarkredit” QSC BOKT-un dövlət zəmanətli borcu təşkil edir.
Bir qayda olaraq daxili borclanmada əsas məqsəd büdcə kəsirinin bağlanmasıdır. Hökumətin yeni proqnozuna görə, 2026-cı ilin sonuna dövlət büdcəsinin kəsiri 1 milyard 497,6 milyon manat olacaq. Maliyyə Nazirliyinin açıqlamasına əsasən kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcək.

Maraqlıdır ki, nəzərdə tutulan daxili borclanma həddi gözlənilən büdcə kəsirindən 2 dəfədən də çoxdur. Bu isə daxili borclanma hesabına başqa layihələrin maliyyələşdiriləcəyi ehtimalını gündəmə gətirir. Çünki yanvar-iyul aylarında dövlət büdcəsi kəsirlə deyil, əksinə, profisitlə icra olunub: bu dövrdə dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 855,9 milyon manat və ya 3.8 faiz çoxdur. Xərclər isə 20 milyard 174,4 milyon manata bərabər olmaqla, ötən ilin deyni dövründəkindən 229,8 milyon manat və ya 1.2 faiz çoxdur. Bu isə 7 ayda büdcədə 3 milyard 420,3 milyon manatlıq profisit yaranmasından xəbər verir. Bütün bunlar daxili borclanmadan əldə olunacaq vəsaitlərin yalnız büdcə kəsirinin qapadılmasına xərclənməyəcəyindən xəbər verir.
Qeyd edək ki, Maliyyə Nazirliyi ilin birinci yarısında daxili bazarda cəmi 200 milyon manatlıq istiqraz yerləşdirib. Bu, faktiki olaraq ilin sonuna qalan 4 ayda 3 milyard manatlıq yerləşdirmə ediləcəyi deməkdir. Artıq sentyabrın 1-nə 200 milyon manatlıq yeni istiqrazların yerləşdiriləcəyinə dair elan açıqlanıb.
Daha maraqlı bir məqam budur ki, hökumət büdcənin bütün istiqamətləri üzrə xərclərin ilkin təsdiq olunmuş məbləğini azaltmaq niyyətindədir – büdcə xərclərinin təsdiq olunmuş göstəriciyə nisbətən 2 faiz az - 40 milyard 862,6 milyon manat olması və nəticədə 841 milyon manata qənaət edilməsi planlaşdırılır.
Açıqlanan sənədə əsasən büdcənin dövlət borcuna xidmət istisna olmaqla, bütün xərc istiqamətlərində az vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu zaman əsaslı xərclər 352,6 milyon manat, cari xərclər 488,5 milyon manat azaldılacaq.
Birinci yarımildə ümumi dövlət borcuna xidmət xərcləri üzrə dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada nəzərdə tutulan yuxarı hədd (dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması) gözlənilib. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil edib. Bu məqsədlə dövlət büdcəsindən 944,8 milyon manat xərclənib. Bu, dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərin 5,6 faizinə bərabər olub. Sözügedən vəsaitin 668,9 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, o cümlədən 494,2 milyon manatı hökumət tərəfindən cəlb olunmuş xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin, 174,7 milyon manatı hökumət tərəfindən cəlb olunmuş xarici dövlət borcu üzrə faiz ödənişlərinin, 275,9 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin (faiz ödənişləri) təmin edilməsinə yönəldilib.

Azərbaycanda daxili borclanmanın sürətlə artması Hesablama Palatası tərəfindən mənfi tendensiya kimi qiymətləndirilir. Palata dəfələrlə dövlər büdcəsinə verdiyi rəylərdə bu sahədə siyasəti tənqid edərək, daxili borclanma sürətinin azaldılmasını təklif edir. Palatanın hesablamalarına əsasən aşağı faizli xarici borcları daha yüksək faizlə daxili borclanma hesabına bağlamaq rasional yanaşma deyil.
Dünya,
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ