Onlayn ictimai-siyasi qəzet
Kəlbəcərdə hava şəraiti kəskin dəyişib.
Musavat.com xəbər verir ki, rayon ərazisinə çovğunla müşayiət olunan dolu yağıb.
Dağlıq relyef və yüksəkliklə əlaqədar Kəlbəcərdə havanın qısa zaman ərzində dəyişməsi burada təbiətin xarakterik xüsusiyyətlərindən biri kimi diqqət çəkir. Kəlbəcərin özünəməxsus təbiəti digər bölgələrdən fərqlənməklə yanaşı, hava şəraitinin dəyişkənliyi ilə də seçilir. Burada günəşli və mülayim hava şəraitindən qısa müddət sonra yağış, dolu, külək və hətta çovğun müşahidə oluna bilər. Bəzən isə bir gün ərzində ilin 3-4 fəslinə xas hava mənzərəsini yaşamaq mümkündür. Xüsusilə dağlıq ərazilərdə yüksəklik fərqi hava şəraitinə ciddi təsir göstərir.
Hazırda müşahidə olunan çovğunlu dolu da Kəlbəcərin özünəməxsus iqlim xüsusiyyətlərinin daha bir nümunəsidir. Yay fəslinin son günlərində belə qışa xas mənzərənin yaranması ilk baxışda qeyri-adi görünsə də, Kəlbəcərin dağlıq iqlimi üçün bu cür hava dəyişiklikləri tamamilə xarakterikdir.
Kəlbəcəri fərqləndirən əsas xüsusiyyətlərdən biri də məhz təbiətin bütün fəsillərini özündə birləşdirən mənzərələr yaratmasıdır. Bir tərəfdə yaşıllıq, çiçəklənən yaylaq və günəşli hava, digər tərəfdə isə duman, dolu və çovğun – bütün bunlar Kəlbəcərin dağ təbiətinin yaratdığı nadir mənzərələrdəndir.
Bu gün yağan çovğunlu dolu Kəlbəcərin təbiətinin sürprizlərlə dolu olduğunu bir daha nümayiş etdirir. Dağlarda bəzən təqvimə deyil, təbiətin öz qanunlarına uyğun fəsil dəyişir.
Etibar Seyidağa,
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ