Onlayn ictimai-siyasi qəzet
1937-ci il repressiyalarının ən qorxulu simalarından sayılan Ağasəlim Atakişiyevin fəaliyyəti və sonrakı taleyi bu gün də ən çox müzakirə olunan tarixi mövzulardan biridir.
Musavat.com xəbər verir ki, Cavid Zeynallının paylaşdığı məlumata görə, Ağasəlim Atakişiyev sonralar İkinci Dünya müharibəsində iştirak edib, general rütbəsinə qədər yüksəlib və 1950–1953-cü illərdə Azərbaycan SSR-in daxili işlər naziri vəzifəsində çalışıb.
Lakin onun adı daha çox 1937-ci il repressiyaları ilə bağlı çəkilir. Bildirilir ki, Atakişiyev həmin dövrdə sadəcə verilən əmrləri icra etməyib, işgəncələri şəxsən təşkil edib, dindirmə üsulları təklif edib, məhbusları alçaldıb və bütün prosesləri sənədlərlə rəsmiləşdirib.
Əhməd Cavadın, Mikayıl Müşfiqin, Əhməd Rəcəblinin, İsmixan Rəhimovun və digər onlarla azərbaycanlı ziyalının məruz qaldığı işgəncələrin təşkilatçılarından birinin məhz Ağasəlim Atakişiyev olduğu qeyd edilir.
Onun Mircəfər Bağırova yazdığı məktublardan birində Mikayıl Müşfiqlə bağlı belə deyilir:
"Məhbus Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (M.Müşfiq) kamerada özünü yaxşı aparmır, mahnı oxuyur, mahnının sözləri arasında sizi və dövləti söyür. Yaxşı olardı ki, İsmayılzadəni təhlükəli məhbus hesab edərək, Baş Kəşfiyyat İdarəsinin Xüsusi Şöbəsinin sərəncamına verək".
Mənbəyə görə, Atakişiyevi Mircəfər Bağırov yetişdirib. Lakin Bağırovun istintaqı zamanı onun əleyhinə ifadə verən ilk şəxs də məhz Atakişiyev olub.
Bildirilir ki, Əhməd Cavad ilk dindirmə zamanı Atakişiyev tərəfindən o qədər döyülüb ki, huşunu itirib. Atakişiyev istintaq zamanı şairin taleyi ilə bağlı belə ifadə verib:
"Güllələnməyə çatmadı. İşgəncə vaxtı öldü".
1956-cı ildə Ağasəlim Atakişiyevə 25 il həbs cəzası verilib. Lakin o, cəmi 13 il cəza çəkdikdən sonra azadlığa buraxılıb.
Yazıda qeyd olunur ki, onun azadlığa çıxmasında tarixçi Ziya Bünyadov şəxsən maraqlı olub və bununla bağlı müraciət edib. Səbəb isə repressiyalar dövrünə dair qaranlıq qalan məqamları birbaşa həmin hadisələrin iştirakçısından öyrənmək istəyi olub.
Ağasəlim Atakişiyev Bakıya qayıtdıqdan sonra Ziya Bünyadova həmin dövr barədə çoxsaylı etiraflar edib, xatirələrini danışıb. Bildirilir ki, sonralar Ziya Bünyadov bu məlumatlardan istifadə edərək məşhur "Qırmızı terror" kitabını qələmə alıb.
Atakişiyevin taleyi ilə bağlı ən dramatik hadisələrdən biri isə öz ailəsində yaşanıb. Vaxtilə repressiya etdiyi Əhməd Rəcəblinin qızı Xalidə ilə Atakişiyevin oğlu Tofiq bir-birini sevərək gizlicə ailə qurublar.
Beləliklə, həbsdən qayıdan Atakişiyev vaxtilə repressiya etdiyi şəxsin qızını öz evində gəlin kimi görüb.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ