İnsanlara hürriyət, millətlərə istiqlal!

Kryuçkovun "kryuçok"u, DTK-nın son çırpıntısı– 35 il öncənin gerçək faktları

22 avqust SSRİ-nin tam sürətlə dağılmağa başladığı gündür. Buna qədər də çox şey olmuşdu: qırmızı imperiyanın sütunları 1988-ci ilin fevralından çatlamağa başlamışdı, epizodik demontaj olayları Tiflisdə, Bakıda, Vilnüsdə bir-birini əvəz etmişdi, amma 1991-ci ilin 22 iyunundan sonra dağılma prosesi sürətləndi.

Krımdakı Foros kurortunda girov saxlanılan SSRİ rəhbəri Mixail Qorbaçovun paytaxta qayıtması ilə “QKÇP qiyamı” süquta uğramış oldu və qiyamçılar çox keçmədən həbs edildilər. 4 il əvvəl Boris Yeltsini ölkə rəhbərliyi vəzifəsindən qalmaqalla uzaqlaşdıran Qorbaçov məhz Yeltsinin və komandasının dəyanəti, müqaviməti sayəsində hakimiyyətə qayıtdı.

Ancaq bu qayıdış nə onun özünü, nə də rəhbərlik etdiyi dövləti xilas etmədi. Əksinə, mərkəzdənqaçma prosesi şiddətləndi, müttəfiq respublikalar ard-arda müstəqilli bəyannamələri qəbul etdilər və ilin sonunda artıq SSRİ adlanan dövlət tarixə qovuşdu.

“QKÇP qiyamı” kompartiya elitasının və güc nazirliklərinin SSRİ-ni və hakim partiyanın hegemonluğunu qorumaq üçün son çırpıntı idi. Qiyam təşəbbüsünün arxasında Dövlət Təhlükəsizliyi Komitəsi (DTK - KQB) və onun rəhbəri Vladimir Kryuçkovun durduğu çox keçmədən məlum oldu. Ortaya çıxdı ki, qiyamın başında dururmuş kimi görünən vitse-prezident Gennadi Yanayev və baş nazir Valentin Pavlov müvəqqəti fiqurlar olub. Onlar Kryuçkovun "kryuçok"unda (qarmağında) olublar və rol oynayıblar. Qiyam “uğurla” başa çatsaydı, müqavimət ocaqları tam söndürüləndən sonra hakimiyyətə ya Kryuçkov özü, ya da onun irəli verdiyi kimsə sahib duracaqdı.

Tarixi həqiqət bundan ibarətdir.

Üstündən 35-38 il keçəndən sonra həmin dövrün hadisələrinə qiymət verənlər ya bilməzlikdən, ya da sırf siyasi qərəzlə o zamanın gerçəklərini təhrif edirlər. Yenə o zamanlar yetkin şəxs olan, xalq hərəkatında və ya dönəmin bürokratiyasında 7-ci dərəcəli mövqeyə sahib olan biri çıxıb “AXC-ni KQB yaratmışdı” iddiası irəli sürərək özü kimi birisinə istinad edəndə anlamaq olur. Bir də var, o vaxtlar suya “büvvə”, qəndə “qaqqa”, çörəyə “pəpə” deyən yaşda olan biri bu cür söhbətlərdə əminlik ifadə edəndə adam mat qalır.

Ağıl var, məntiq var, faktlar var. Bir fakt odur ki, DTK\KQB sona qədər var gücü ilə SSRİ-ni, kommunistlərin hegemonluğunu qorumağa çalışdı. İkinci fakt da odur ki, DTK tərəfindən yaradıldığı iddia olunan xalq hərəkatları (Azərbaycanda və digər ölkələrdə onlar “xalq cəbhəsi” adlanırdılar) DTK-nın layihəsinə qarşı çıxdılar, generalların və MK katiblərinin qiyamını pislədilər, onlara müqavimət göstərən Yeltsinə dəstək verdilər.

Belədirsə (və yüzdəyüz belədir), o zaman DTK o hərəkatları hansı gün üçün yaratmışdı və onlardan nə gözləyirdi?

Göründüyü kimi, bu, absurd iddiadır və vaxtaşırı qabarması “siyasi mübarizədə hər şey məqbuldur, rəqibi şərləmək də olar, şər-böhtana məruz qoymaq da” fəlsəfəsindən qaynaqlanır.

Daha bir fakt da odur ki, Kryuçkov və dəstəsi hakimiyyətdə möhkəmlənə bilsəydi, rəqiblərini, itaət etməyənləri sovet dövlətinin tarixində dəfələrlə sınanmış, “dədə-baba” üsulu ilə zərərsizləşdirəcəkdi – edamlar, sürgünlər, “bədbəxt hadisələr”, psixiatriya klinikasına yerləşdirmələr və s.

Birinci kimlərin başı gedəcəkdi? Əlbəttə ki, hərəkatçıların. Baltikyanı ölkələrdən Azərbaycana qədər 8 respublikada (Rusiya, Ukrayna, Litva, Latviya, Estoniya, Ermənistan, Gürcüstan və Azərbaycan) siyasi fəallıq göstərən müxalifətçilər cəzalandırılacaqdılar. O zaman yəqin ki, onları “xarici kəşfiyyat”a bağlayacaqdılar. Bu da çox sınanmış fənddir.

“SSRİ özü dağıldı” ehkamının puçluğunu da yuxarıdakı gerçəklik sübut edir. Bu 8 respublikanın Kremlə müqaviməti olmasaydı, SSRİ dağılmayacaqdı, sürünə-sürünə davam edəcək, çöküşü və ya yenidən dirçəlişi daha böyük faciələrlə müşayiət olunacaqdı.

Çin modelinə üz tutmaqla bəlkə də qırmızı imperiyanı qoruyub-saxlamaq mümkün idi, amma bundan ötrü idealistlər və asketik həyat tərzinə üstünlük verən, eyni zamanda qəddar rəhbər kadrlar lazım idi. SSRİ-də Den Syaopin yox idi. Səriştəsiz, müti və korrupsiyaya uğramış partburjuaziya oliqarxiyası bunu edəcək gücdə deyildi. Bəlkə Kryuçkov gerçəkdən də durumu toparlaya bilərdi, amma 70 il boyunca etdiyi məşum cinayətlər partiyanı o qədər gözdən salmışdı ki, xalqdan dəstəyi yox idi. Xalq Rusiyada və digər respublikalarda meydana çıxmış yeni qüvvələrin tərəfini tuturdu.

Uzun sözün kəsəsi, 35-40 ilin hadisələrinə qiymət verən adam ya o dövrün siyasət qazanında qaynayanlardan, işin içində olanlardan biri olmalıdır, ya da dövrün olaylarını ardıcıl izləyən, o zamana dair bir çox mənbələrdən materiallar oxuyan, söhbətlər dinləyən və qərəzsiz, obyektiv analiz aparmağa qabil olanlardan biri.

Ümumiyyətlə, böyük mövzularda səthi və qəti rəy bildirmək diletantlıq əlamətidir. Bu, təxminən baş verən hər şeyi “Amerikanın oyunları”, “masonların işi” deyə izah etmək kimi şeydir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR