Onlayn ictimai-siyasi qəzet
İsrail və ABŞ hücumları zamanı İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürüldüyü barədə yayılan iddialar rəsmi şəkildə təkzib olunub.
Musavat.com xəbər verir ki, İran Daxili İşlər Nazirliyi bildirib ki, Əhmədinejad sağdır və səhhəti yaxşıdır.
Nazirliyin açıqlamasında qeyd olunub ki, o, bu gün günorta saatlarında Şəhidlər Qəbiristanlığını ziyarət edib. Yayılmış görüntülərdə keçmiş prezidentin qəbiristanlıqda insanlarla görüşdüyü və onlarla əl sıxdığı görünür.
Əhmədinejadın sözçüsü də yayılan xəbərlərin doğru olmadığını vurğulayıb. O bildirib ki, keçmiş prezidentin öldürüldüyü barədə məlumatlar həqiqəti əks etdirmir və o, təhlükəsiz vəziyyətdədir.
Bu arada İranın rəsmi xəbər agentliyi İSNA-nın məlumatına görə, Mahmud Əhmədinejad İsrail və ABŞ hücumlarında həyatını itirdiyi bildirilən İranın ali dini lideri Əli Xamenei və digər şəxslərlə bağlı başsağlığı mesajı yayıb. O, mesajında Amerika və İsrail tərəfindən həyata keçirildiyi hücum nəticəsində həlak olanların ailələrinə və İran xalqına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, son günlər regionda gərginlik fonunda müxtəlif məlumatlar yayılır. Bundan əvvəl bəzi mənbələr İsrail və ABŞ hücumları zamanı Əhmədinejadın da öldürüldüyünü iddia etmişdi.
Mahmud Əhmədinejad 1956-cı ildə İranın Semnan əyalətində anadan olub. O, 2005–2013-cü illərdə İranın prezidenti olub. Bundan əvvəl Ərdəbil əyalətinin qubernatoru və Tehran şəhərinin meri vəzifələrində çalışıb. Prezidentlik müddəti başa çatdıqdan sonra isə İranın ali lideri Əli Xamenei tərəfindən Məqsədyönlülük Şurasının üzvü təyin edilib.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ