Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın sabiq prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə aid nadir arxiv videosu ictimaiyyətə təqdim olunub.
Musavat.com xəbər verir ki, video Sabir Rüstəmxanlı etiketi ilə yayılıb.
Kadrlarda Əbülfəz Elçibəy ictimaiyyətin daha çox alışdığı obrazdan fərqli şəkildə - saqqalsız görünür. Bu, onun Azərbaycan Elmlər Akademiyasının elmi işçisi, Əbülfəz Əliyev kimi tanındığı dövrə təsadüf edir.
Video 1988-ci ilin noyabrında, Bakıda Azadlıq meydanında (o vaxtkı Lenin meydanı) keçirilən mitinqlər zamanı Elçibəyin ilk çıxışlarını əks etdirir.
Görüntülərdə Elçibəy Moskvanı sərt şəkildə tənqid edir, SSRİ rəhbərliyini Azərbaycanı və regionu düzgün idarə etməməkdə, ölkəyə qarşı ayrı-seçkilik siyasəti yürütməkdə suçlayır.
1988-ci ildə Sovet İttifaqının hələ mövcud olduğu nəzərə alınarsa, həmin çıxışın o dövr üçün cəsarətli və prinsipial mövqe olduğu açıq görünür.
Xatırladaq ki, 1988-ci il noyabrın 17-də başlayan kütləvi mitinqlər dekabrın 5-dək davam edib. Azadlıq meydanına bir milyondan artıq etirazçı toplaşıb. Daha sonra Sovet ordusunun müdaxiləsi ilə aksiyalar zorakılıqla dağıdılıb, Milli Azadlıq Hərəkatının liderləri, o cümlədən Nemət Pənahlı həbs edilib. Bakıda komendant saatı elan olunub və general Dubinyak şəhərin komendantı təyin edilib.
Hadisələrin sonrakı inkişafı göstərdi ki, Milli Azadlıq Hərəkatı 4 il sonra – 1992-ci ildə qələbə qazandı və nəticədə Əbülfəz Elçibəy Azərbaycan Respublikasının prezidenti seçildi.
Musavat.com həmin tarixi dövrə işıq salan nadir videogörüntüləri öz oxucularına təqdim edir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ