İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli yalamaq haqqında hədis

Heykəltəraş Ömər Eldarovun müsahibəsini oxudum, deyir Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin (soyadı mən xüsusi vurğulamıram, Eldarov belə deyib) portreti üzərində çalışıram: “Özü sifariş verdi. İş tam hazır olmadığı üçün sizə göstərə bilmirəm”. 

Yəqin Anar müəllim həmin portret əsasında heykəlini təraş etməyi də sifariş verər. Yoxsa rəsm şəklində, özü də heykəltəraşa zakazın mənası nədir? Buradan isə belə nəticə çıxır: Anar müəllimdə şöhrətpərəstlik, özünə vurğunluq yaranmışdır. Həmçinin 3 min üzvü olan AYB-nin qanacağı çatmayıb ki, öz sədrinin portret və heykəlini düzəltdirsin.

Xəcalətli haldır. Ən azı Anar müəllim vasitəsilə hökumətdən ev alan şair və yazıçılar, katibə və sürücülər onun heykəl və büstlərini düzəltdirib evlərinin ağzında qoymalı idilər. Qanacaq lazımdır. 

İşin bədii tərəfinə gələndə, açığı, mənim Ömər müəllimin sənətkarlıq xüsusiyyətlərindən o qədər də xoşum gəlmir. Təbii, şəxsi, zövq məsələsi saya bilərsiniz, ancaq Eldarovu həddən artıq şablon, klişe, sosrealizm üslublu konveyer sənətçisi hesab edirəm. Elementar bir sualla hazırda özümə müraciət elədim: Bakıda, Azərbaycanda Ömər Eldarovun imzası olan hansısa möhtəşəm abidə, heykəl xatırlayırsanmı? Yadıma sala bilmədim. O baxımdan düşünürəm ki, Anar müəllimin heykəli də Eldarovun bir-birinin burnundan düşmüş heykəllərindən biri olacaq. Niyə Mikelanceloya sifariş vermir, anlamıram. 

Bəlkə Eldarov Anarı ağzında qəlyan təsvir eləsə, hansısa yenilik, fərq ortaya çıxar. O zaman da Stalinlə assosiasiya yaradacaqdır. Anar müəllim isə Stalini sevmir. Bunu biz Rəsul Rzanın şeirlərindən bilirik: “Quş keçməyən sərhədlərdə, Eldə, obada, hər yerdə, Geniş mavi dənizlərdə Keşik çəkən qızıl əsgər Deyir: - Yaşa, can Stalin! Ey böyük insan Stalin!” Sözgəlişi, buna Niyazi mahnı da bəstələmişdir, hələlik köşəmizin imkanları musiqini verməyə çatmır. 

Ta mövzu açılıb, bu da Rəsul müəllimin şeiridir və Stalinə ithaf olunub: “Türklər bizə qardaş deyib elimizi talayanda, Müsavat hər qəsbkarın ayağını yalayanda, Almanların ac sürüsü rast gələni dalayanda, rus xalqının qardaş əli sıxdı bizim əlimizi” və sairə. Mən hər dəfə Rəsul Rza küçəsindən keçəndə bu şeiri zümzümə edirəm. 

Bax, elə Bakıda SSRİ bayrağı qaldıran yoldaşların hərəkətini də anlamaq olmur. Axı sizin nəyiniz çatışmır? Prinsipcə, hazırda bizdə bir çox qayda-qanunlar elə əziz Sovet dövlətimizi xatırladır. Camaat milli “ov, yev” soyadında, uşaqlar rus sektorunda oxuyur. Eynilə o dövrdəki kimi iqtisadiyyat mərkəzləşib, əsas sahələr dövlətə tabedir. Fəhləni adam yerinə qoyan yoxdur, imperialist dairələrlə mübarizə aparırıq, hər gün yeni-yeni yapon casusları aşkara çıxarılır, xalq düşmənləri də en qədər. O vaxt Buşun toyuq budlarını yeyirdik, indi Braziliya danası. 

Əlbəttə, yüngülvari dekorativ fərqlər var, məsələn, Ramiz müəllim o vaxt MK-da otururdu, indi villada ev dustağı şəklində yaşayır. Qalan hər şey, o cümlədən Anar müəllim və şeyx sovetin vaxtından həmin vəzifələri daşıyırlar. 

Bir də dəqiq xatırlamıram, deyəsən, sovet vaxtının Azərbaycan SSR bayrağı yalnız qırmızı və göy xətlər idi, indi yaşıl artırılıb, Allahımıza şükür. Əsas odur dinimizə qayıtmışıq, qalanları boş şeylərdir prinsipcə. İnsanın o dünyası yaxşı olsun.  

Sonda zati-aliləri əl-Buxari müəllimdən bir gözəl hədislə (5456 nömrəli) bu mübarək yazını bitirək: “Biriniz yemək yedikdə əlini yalamayınca və ya (əhli-əyalına) yalatdırmayınca onu (heç nəyə) silməsin”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR