Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un xəbər verdiyi kimi, ötən həftə Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən ənənəvi “Ərdəbil həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” tədbirlərində iştirak edib. Ölkəmizi bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Ceyhun Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov təmsil ediblər.
Ceyhun bəyin çox maraqlı səfər təəssüratları var. Həm müşahidələrini bölüşməsini istədik, həm də Azərbaycana münasibətdə bəzən əndazəni aşan çevrələrlə bağlı o tayda hansı yanaşmaların olmasına aydınlıq gətirməyə çalışdıq. İkinci bölümdə Azərbaycana qarşı fəaliyyət göstərən çevrələrlə bağlı da çox mühüm açıqlamalar var.
(Əvvəlki iki bölüm burada: https://musavat.com/news/erdebil-seferinden-qayidan-deputatdan-sensasion-aciqlamalar_1278506.html;

- Ceyhun bəy, Ərdəbildə dini liderin ortaya çıxmaması, görünməməsi barədə nələr danışırdılar? Bu məsələ ölkədə narahatlıq, yaxud suallar doğururmu?
- Biz də bu məsələ ilə bağlı çox sual vermədik. Amma görünən odur ki, ümumiyyətlə, o barədə cəmiyyətdə, insanlarda, bir sıra dövlət qurumlarında o qədər də dəqiq və ətraflı məlumat yoxdur.
- İranda, Ərdəbil bölgəsində necə düşünürlər, bu müharibə çoxmu çəkəcək? Yaxud da vətəndaşların münasibəti necədir? Görüşdüyünüz şəxslər bu barədə nələr danışırdı?
- Təbii ki, bizim sadə camaatla çox görüşmək imkanımız olmadı. Amma görüşdüyümüz şəxslərdə özünə ciddi bir inam, güvən, İranın qalib olması barədə qənaətlərin və təsəvvürlərin olduğunu açıq-aydın görürdük. Əslində bu müharibənin qalibi yoxdur. Amma İranın belə müqavimət göstərəcəyini heç də hər kəs gözləmirdi. İran ciddi müqavimət ortaya qoydu. Ciddi müdafiə sistemi qurmuşdu. Söhbət ayrı-ayrı ölkələrə edilən hücumlardan, pilotsuz uçuş aparatları və raketlərdən gedir. O mənada ümumi ab-hava belə idi ki, ABŞ İranı məğlub etmək istəyirdi, amma buna nail ola bilmədi.
- Nə deyirlər: sona qədər döyüşəcəklərmi?
- Bəli, buna hazırdırlar, hədəf və məqsəd odur ki, heç zaman təslim olmayacaqlar.

- Ceyhun bəy, bu müharibənin Xəzər regionuna yayılacağı barədə də ciddi narahatlıq var...
- Bilirsiniz, mən əvvəl də bu məsələni efirdə demişəm, açığı, Tramp İrana hücumları dayandırandan sonra çox sevinmişdim ki, bu müharibə dayandı. Ancaq ABŞ ikinci dəfə hücum etdi. Bu müharibədə qalib gəlmək qeyri-mümkündür. Mən əvvəl də demişəm, İranda çox güclü dövlətçilik ənənəsi, çox güclü idarəçilik sistemi var. Yəni İranı dağıtmaq, bu ölkəni yox etmək çox çətin bir məsələdir.
- Quru əməliyyatı da real görünmür...
- Real görünmür. Mən hesab edirəm ki, əslində İranın hazırda seçdiyi taktika məqsədyönlü taktikadır. İstəyir ki, ABŞ-nin gücünü zəiflətsin. Misal üçün, İranın atdığı, istifadə etdiyi bir raketin, pilotsuz uçuş aparatının bir neçə min dollar, ABŞ-nin atdığının isə milyonlarla dollar qiyməti var. Son hadisələrdə də İran demək olar ki, ABŞ-nin bölgədəki bütün radar sistemlərini sıradan çıxardı və çox güclü müdafiə strategiyası qurdu. Ona görə də İranı məğlub etmək qeyri-mümkündür.
- Deməli, müharibə hələ çox davam edəcək, eləmi?
- Hər halda bu günlərdə də hərbi zərbələrlə bağlı məlumatlar gəlir. Amma mən hesab edirəm ki, bu müharibədə qalib gəlmək çətindir və mümkün deyil. Məsələn, ABŞ-nin xərcləri artıq 40 milyarda çatır, dövlət borcu artır. ABŞ-də neftin, benzinin qiyməti artır, həmçinin dünyada. Bu isə çox ciddi problemlərə aparıb çıxaracaq.
- Bəs sanksiyalar tətbiq olunan İranda bu gedişlə əlavə böhran gözlənilmir?
- İran elə bir sistem qurub ki, onu məğlub etmək, bu ölkəni sıradan çıxarmaq çox çətin məsələdir.
- Əhalinin rejimə qarşı kütləvi etirazları necə, gözləniləndirmi? Trampın da gözlədiyi bu idi...
- Mən hesab edirəm ki, son hadisələr rejimi daha da möhkəmləndirdi. Fikrimcə, ABŞ-nin atdığı son addımlar yanlış idi. Bəlkə də bu addımlar atılmasaydı, müharibə başlamasaydı, İranda vəziyyət indi bir az fərqli olacaqdı. Amma atılan addımlar, müharibə İran daxilindəki proseslərə çox təsir göstərdi.
- İki gün ərzində rastlaşdığınız insanlar, azərbaycanlılar onların ana dilində təhsil almaq hüququnun məhdudlaşdırılması və digər milli məsələlərlə bağlı nələr danışırdılar? Türk əhalinin Məsud Pezeşkiandan gözləntiləri nədir? Prezidentliyinin ilk vaxtlarında bu barədə mesajı da olmuşdu. Pozitiv şeylər varmı o istiqamətdə?

- Var. Amma sizə bir məsələni deyim. Tez-tez bu barədə danışılır, müzakirə olunur. Bizim görüşlərdə, keçirilən tədbirlərimizdə bütün danışıqlar Azərbaycan dilində aparılırdı.
- Tərcüməçisiz?
- Bəli, tərcüməçisiz. Hətta universitetdə, vali ilə də görüş Azərbaycan dilində aparıldı, digər tədbirlərdə də. Təbii ki, müəyyən məhdudiyyətlər var, amma heç də tam təqdim edildiyi formada deyil. Müəyyən məhdudiyyətlər olsa da... Yəni siz təsəvvür edin ki, Ərdəbildə sanki Azərbaycan Respublikasının hansısa bir başqa şəhərindəsən.
- Amma Ərdəbil Universitetində təhsil Azərbaycan dilində deyil axı. Elə deyil?
- Azərbaycan dilində deyil, amma biz bütün danışıqları Azərbaycan dilində apardıq.
- Deməli, İran Konstitusiyasının 15-ci maddəsinə uyğun olaraq, Azərbaycan türklərinə də təhsil hüququ verilməlidir...
- Bəli, bu, həmişə müzakirə olunan bir məsələdir...
- Daha da konkretləşdirsək, İranın yaman günündə, ağır dönəmlərində İran dövləti ilə bir yerdə olan bu aparıcı topluma öz dilində təhsil almaq haqqı da tanınmalıdır. Elə deyil? Bu, həm də ədalətin bərqərar olması deməkdir.
- İnanıram ki, o da olacaq. Yəni hazırda, siz də qeyd etdiyiniz kimi, Pezeşkianın apardığı siyasət, atdığı addımlar onu aparıb çıxaracaq ki, bu hüquqlar da tanınacaq.
- Məsud Pezeşkianla bağlı ictimai rəy necədir?
- Çox sevilir.
- Deməli, növbəti mərhələdə də qalib gələ bilər? Bəzən istefaya gedəcəyi barədə xəbərlər yayılır...
- Yox, xalq onu sevir. Çünki xalqla sıx təmasdadır. Özünü xalqdan ayırmır, xalqla əlaqəsini kəsmir və təbii ki, bu da onu deməyə əsas verir ki, münasibətlərdə hansısa bir problem gözlənilmir.
- İrandakı separatçılarla, silahlı kürd qruplaşmaları ilə bağlı narahatlıqlar nə qədərdir? O barədə danışıldımı?
- Yox, o barədə ümumiyyətlə, danışılmadı.

- Ceyhun bəy, ziyarətində olduğunuz Şah İsmayıl Xətainin də uyuduğu Şeyx Səfiəddin Ərdəbilinin məqbərə kompleksində hansı hisslər keçirdiniz? Deyəsən ilk dəfə olurdunuz, eləmi?
- Bəli, ilk dəfə olurdum. Bilirsiniz ki, Səfəvilər dövlətinin, Səfəvilər sülaləsinin əsası Ərdəbil şəhərində qoyulub. Şah İsmayıl Xətainin bir çox yaxın qohumu, atası, anası, babası, yaxınları həmin şəhərdə və getdiyimiz məqbərədə dəfn olunub. Çox təəssüf ki, bəzən Azərbaycanda da Şah İsmayıl Xətaiyə dil uzadanlar olur. Mən orda çıxışımda da dedim, Şah İsmayıl Xətai nəinki türk dünyasının, bütövlükdə müsəlman dünyasının ən böyük tarixi şəxsiyyətlərindən, siyasi liderlərindən biridir. Ona görə də biz o məsələlərə xırda hisslərlə yox, daha qlobal mövqedən yanaşmalıyıq və tarixi şəxsiyyətlərimizi qiymətləndirməliyik. Biz Şah İsmayıl Xətaiyə bəzən dil uzatmaqla onu özümüzdən alıb, başqalarına vermək istəyirik. Türkçə ilk dəfə şeir yazan, böyük bir imperiya quran, ərazisi Hindistanadək uzanan, Əfqanıstanın, Pakistanın bir hissəsini əhatə edən 2,8 – 3,5 milyon kvadratmetrlik nəhəng bir əraziyə sahib olan imperyanın başçısının, bir siyasi liderin, tarixi şəxsiyyətin məqbərəsini ziyarət etmək, o ziyarətgahda olmaq həqiqətən tamamilə başqa hisslər yaradırdı...
- Şah İsmayılın məzarı başında hansısa diləyiniz oldumu?
- Məzarına yaxınlaşdıq. Mən dua etdim, Quran oxudum, rəhmət dilədim.
- Niyyət tutdunuzmu?
- Yox, elə bir xüsusi niyyət tutmadım, amma sevindim ki, elə bir tarixi şəxsiyyəti ziyarət etmək və onun hüzurunda olmaq bizim də qismətimiz oldu.
- Fotolardan da görünür ki, yüksək səviyyədə təmir olunub. Müharibə səbəbindən ziyarətçilər, turistlər yəqin ki, azsaylı idi, eləmi?
- Bəli, çox yaxşı təmir olunub. Amma yox, mən deməzdim ki, turist az idi. Bəli, lap çox olmasa da, müəyyən sayda ziyarətçilər var idi.
- Növbəti dəfə də Ərdəbilə və digər Azərbaycan şəhərlərinə səfər etməyi fikirləşirsiniz?
- Açığı, böyük bir planım var. Mən İranın hər yerini gəzmək istəyirəm. Çoxdankı bir plandır. Yəni ölkənin bütün tarixi yerlərini səyahət etmək niyyətindəyəm.
- Yəqin ki, xüsusilə də Azərbaycan bölgəsini, eləmi?
- Bəli, Babək qalasını, Savalan dağını, Səreyn bulaqlarını, Təbrizi... Demək olar ki, bütün bu yerlərin hamısını gəzmək istəyirəm.
- Heç Şəhriyarın məqbərəsində olmusunuz?
- Yox, olmamışam. Əslində, planda var. Baxaq, sağlıq olsun, inşallah gedərik.
- İnşallah. Ceyhun bəy, müsahibəyə və maraqlı səfər təəssüratlarına görə təşəkkür edirəm.
- Sağ olun.

Elşad Paşasoy,
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ