Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, tərəflər əsasən Yaxın Şərqdə artan gərginliyi və bölgədəki son vəziyyəti müzakirə ediblər.
Məlumata görə, danışıq zamanı atəşkəsin uzadılması məsələsi də gündəmə gəlib. Liderlər bölgədə sabitliyin qorunmasının vacibliyini vurğulayıb və diplomatik təmasların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığında Türkiyə–ABŞ münasibətləri və regional təhlükəsizlik məsələlərinə də toxunulduğu bildirilib.
Ərdoğan telefon danışığı zamanı zamanı bölgədə davam edən qarşıdurma fonunda atəşkəsin uzadılması qərarını müsbət addım kimi qiymətləndirdiyini bildirib. Türkiyə lideri mübahisəli məsələlərlə bağlı məqbul həll yolunun mümkün olduğuna inandığını qeyd edib və irəli sürülən konstruktiv təşəbbüslərə Ankaranın dəstəyinin davam edəcəyini vurğulayıb.
Ərdoğan bildirib ki, Suriyada sabitliyin möhkəmlənməsi bütün region üçün mühüm əhəmiyyət daşıyır və Türkiyənin bu ölkəyə dəstəyi fasiləsiz davam edəcək. O, həmçinin Livandakı vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Türkiyə lideri NATO-nun Ankarada keçiriləcək Zirvə toplantısına hazırlıqların davam etdiyini, tədbirin hərtərəfli uğurlu keçməsi üçün maksimum səy göstərdiklərini də qeyd edib.
Rəcəb Tayyip Ərdoğan telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampa San-Dieqoda məscidə edilən hücumla bağlı başsağlığı verib. Ərdoğan Türkiyənin hansı dini qrupa qarşı yönəlməsindən asılı olmayaraq bütün nifrət cinayətlərinə qarşı olduğunu bildirib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ