Onlayn ictimai-siyasi qəzet
“İstəyərdik ki, Hörmüz boğazından keçid pulsuz və rüsumdan azad olaraq həyata keçirilsin”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “əl-Cəzirə” telekanalına müsahibəsi zamanı deyib. O, bunun daha uyğun və praktik bir yanaşma olacağını və qlobal gəmiçilik və ticarətə müsbət təsir göstərəcəyini bildirib.
Məlumdur ki, İranın əsas hədəflərindən biri Hörmüzə nəzarətdə saxlamaqla yanaşı, boğazdan keçən kommersiya gəmilərindən rüsum yığmaqdır. Buna isə ABŞ, prezident Tramp da qətiyyətlə qarşıdır. İndi isə Türkiyə lideri eyni çağırışı edir. Tehranda eşidiləcəkmi?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Hörmüz boğazı ətrafında baş verən hadisələr tək regionda deyil, bütövlükdə dünyada vəziyyəti olduqca təhlükəli və hələ ki, çıxış yolları görünməyən acınacaqlı bir duruma gətirib:
“Belə mürəkkəb durumda hadisələrin hansı ssenari ilə və necə inkişaf edəcəyinə hər hansı proqnoz vermək də o qədər asan deyil. Atəşkəs və sülh danışıqları adı altında keçirilən görüşlərin hər hansı bir nəticə verməyəcəyi bəlli idi. Belə də oldu. Real olan budur ki, bu müharibə mütləq və mütləq tərəflərdən birinin tam qələbəsi, digərinin isə tam məğlubiyyəti ilə yekunlaşmalıdır. Bir müharibədə hər iki tərəfin özünü qalib elan etməsi absurddur. Bu müharibə bitməyib və o tərəflərdən birini tam qələbəsi, digərinin isə tam məğlubiyyəti baş verənə qədər davam edəcək. Hesab edirəm ki, müharibənin əsas və həlledici fazası ABŞ-da bu ilin noyabrayında keçiriləcək seçkilərdən dərhal sonra başlayacaqdır. ABŞ-la İran arasında hərbi toqquşmada ABŞ-n əsas hədəfi İran neftinə və qazına nəzarəti ələ keçirməkdir. İran buna qarşı mücadilə edir və əksinə, cəlb edildiyi bu müharibədən üstün çıxacağını düşünür və hesab edir ki, Birləşmiş Ştatlar və İsrail cütlüyünün İrana qarşı başlatdığı müharibədən daha uğurla çıxmaq mümkündür və bu uğurlardan birini Hörmüz boğazından keçən gəmilərdən rüsum toplamaqda görür. Ancaq İran anlamaq istəmir ki, böyük güclər qarşısında bu kimi gedişlər olduqca təhlükəlidir və acı sonluqla nəticələnə bilər”.
Professor hesab edir ki, əgər İran Hörmüz boğazından keçən gəmilərdən rüsum toplamağa cəhd edərsə, bu addım ona qarşı dünya birliyinin gerçək bir müharibə başlatması ilə nəticələnəcəkdir:
“İranı idarə edən başbilənlər bunun fərqində olmalıdılar. Əgər İran Hörmüz boğazından rüsum toplamağa qalxarsa, bu gün İrana qarşı ABŞ-İsrail cütlüyünün ətrafında birləşən dövlətlərin sayı yağışdan sonra göbələk kimi artacaqdır”.
Etibar Seyidağa,
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ