Onlayn ictimai-siyasi qəzet
Hazırda dünya mediasının mərkəzi mövzularından biri Seuta muxtar bölgəsidir. İndiyə qədər bəlkə də çoxu heç bu anklavın adını eşitməmişdi. Amma Mərakeşdən İspaniyanın Şimali Adfrikada yerləşən bu muxtar regionuna dəniz yolu ilə keçməyə çalışan miqrantlar indi anklavı hamıya tanıtdı.

Son xəbərə görə, miqrantlar arasında ölənlərin sayı 67-yə çatıb. “El País” qəzeti bu məlumatı yayıb. Qeyd olunur ki, minlərlə miqrant Seutaya üzərək, eləcə də şəhəri Mərakeşdən ayıran dalğaqıranın ətrafından piyada keçərək şəhərə daxil olmağa müvəffəq olub.
İspaniya və Mərakeş hakimiyyət orqanları sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib, miqrantların geri qaytarılması istiqamətində birgə fəaliyyət göstərir. Ən son məlumata görə, demək olar ki, hamısı geri qayıdıb. Bizim üçün maraqlı olan isə Seuta muxtar bölgəsi və onun siyasi-iqtisadi həyatıdır. Musavat.com oxucuları üçün də cəlbedici olar deyə sözügedən anklav barəsində arayış hazırlamışıq.
Seuta İspaniyanın Şimali Afrikada yerləşən ərazisidir. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadis muxtar bölgəsinin tərkibində olub və həmin tarixdən sonra muxtar ərazi statusu alıb. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi.

Bölgənin 80 mindən çox əhalisi var. Dini inanc baxımından xristianlar və müsəlmanlar üstünlük təşkil edirlər. Şəhər əhalisinin 54 mini xristian, 16 mini müsəlman, 600-700 civarında yəhudi və 500 nəfərə yaxını sindlərdən ibarətdir. Mərakeş isə Seuta və Melilyanın tarixi əraziləri olduğunu iddia edir.
Ərazidə ilk insan məskənləri eramızdan əvvəl V əsrdə formalaşmağa başlayıb. Müsəlman hakimiyyətinin sona çatması isə 1415-ci ilin 14 avqust tarixinə təsadüf edir. Xuan Xesus Vivas 2001-ci ilin 8 fevral tarixindən muxtariyyətin prezidentidir.
1979-cu ildən etibarən hər dörd ildən bir şəhər şurasında mövcud olan 25 nəfərlik məclis üçün seçkilər keçirilir. Ərazi muxtar bölgə olduğundan seçilmiş ən ali şəxsdə prezident statusu daşıyır və bölgənin idarə olunmasında yüksək söz sahibidir. 2011-ci ildə keçirilən seçkilər zamanı Xalq Partiyası 25 mümkün yerdən 18 yeri əldə edərək Seutada başa keçib. Seuta Məsclisində mövcud olan 25 yerdən 4 yerə İspaniya Sosialist İşçi Partiyası və yenə də 4 yerə Kaballas koalisiyası sahibdir.

Mərakeş öz iddialarında həmin ərazilər başda olmaqla daha bir necə mübahisəli ərazidə İspaniyanın suverenliyini tanımır. İstər Seutada, istərsə də Melilyada olan toplumlar hər iki şəhərin iki dövlət arasında problemli ərazi kimi təqdim edilməsinə qarşıdır və rəyi sorşulanların əksəriyyəti Mərakeşdən daha çox İspaniyanın nəzarəti altında qalmağa üstünlük verdiklərini bəyan ediblər.
Bundan başqa, Seutada müsəlmanlar üçün bir necə məscid fəaliyyət göstərməkdədir və bölgədə müsəlman icmasına məxsus böyük qəbristanlıq da mövcuddur.
İqtisadiyyatına gəlincə, muxtariyyətdə pul vahidi kimi avrodan istifadə olunur. Seuta İspaniyada aşağı dərəcəli vergilərin alındığı bölgələr qruplar daxildir. Seuta Melilya ilə birlikdə İspaniyanın Şimali Afrika bölgəsində yerləşən iki liman şəhərindən biridir. Limanlardan orta əsrlərdə hərbi məqsədlər üçün istifadə edilsə də, bu gün əsasən neft və ticarət gəmilərinin tədarük məntəqəsi kimi fəaliyyət göstərir.

Eyni zamanda, balıqçılıq da Seutada geniş yayılıb. Muxtariyyətin əsas gəlirləri limandan əldə olunan gəlirlər və daxili pərakəndə obyektlərdən əldə olunan gəlirlər olmaqla iki hissəyə bölünüb. Seutanın özünün ali təhsil mərkəzi olmasa da Qranada Universitetinin kampüsü fəaliyyət göstərməkdədir. Belə ki, Qranada Universitetindən iki ixtisas üzrə (Tibbi və Ümumi Elmlər) Seutada təhsil almaq mümkündür. İbtidai və orta təhsil yalnız ispan dilində keçirilir. Seutada ümumiyyətlə iki dilin tədris olunduğu məktəb fəaliyyət göstərmir.
Prezident Xesusa gəldikdə, ispandır. Onu üstün tutan tərəf isə 2001-ci ildən bu həssas bölgəni idarə edə bilməsi və mərakeşli miqrantlarla apardığı mübarizədir. O, həm İspaniya mərkəzi hökuməti ilə didişən, həm də anklavda büdcə və bürokratiya ilə mübarizə aparmağı bacarna siyasətçidir. Son çıxışında da mərkəzə çağırış edib ki, əhali sayına yaxın bir qaçqın axını var və bu humanitar fəlakətə qarşı kömək lazımdır.
Emil Salamoğlu
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ