Onlayn ictimai-siyasi qəzet
Azərbaycan əsgərinin naməlum şəraitdə sərhədyanı Şakiyə keçməsindən sonra Ermənistanda hakimiyyət daxilində ciddi müzakirələrə sdavam edir. Hakim “Mülki müqavilə” partiyasının bir sıra nümayəndələri hadisənin Paşinyan hakimiyyətinin “təhlükəsiz sərhədlər, sülh və sabitlik” barədə açıqlamalarını şübhə altına aldığını düşünür. Hakim komanda daxilində hesab edirlər ki, insidentdə günahkar olan şəxslər məsuliyyətə cəlb edilməlidir. Onların fikrincə, Milli Təhlükəsizlik Xidmətinin(MTX) direktorunun müavini David Sanamyan faktiki olaraq “günah keçisi”nə çevrilib. Bu səbəbdən MTX direktoru Andranik Simonyanın istefası tələb olunur.
Müdafiə naziri Suren Papikyanın məsuliyyəti məsələsində isə hakim komanda daxilində vahid mövqe yoxdur. Nazirin tərəfdarları hesab edirlər ki, sərhədi pozan hərbçilərlə bağlı məsələ Sərhəd Qoşunlarının səlahiyyətində olub. Papikyanın opponentləri isə əks mövqedədir. Onların fikrincə, Ermənistan ordusu öz mövqelərində olsaydı, belə bir insident ümumiyyətlə baş verməzdi.
Məlumata görə, yaxın vaxtlarda MTX direktoru Andranik Simonyanın parlamentə çağırılaraq insidentlə bağlı deputatlara izahat verməsi gözlənilir.
Musavat.com xəbər verir ki, Andranik Simonyan 1989-cu il oktyabrın 10-da Ermənistanın Hoktemberyan şəhərində anadan olub.
2009-cu ildə Ermənistan Polis Akademiyasının hüquq fakültəsini bitirib, 2013-cü ildə Dövlət İdarəçilik Akademiyasında hüquq üzrə magistr dərəcəsi alıb. Həmin il Prokurorluq Məktəbində də təhsil keçib. 2019-2020-ci illərdə Ermənistan Ədliyyə Akademiyasının dinləyicisi olub. Karyerasına 2009-cu ildə Ermənistan Polisinin Hüquq İdarəsində müfəttiş kimi başlayıb, daha sonra baş müfəttiş vəzifəsində çalışıb. 2012-2013-cü illərdə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə strukturunda, o cümlədən maliyyə-kredit sistemində cinayətlər, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində əməliyyatçı olub. 2014-2018-ci illərdə İrəvanın Kentron və Nor-Nork-Maraş inzibati rayonlarının prokurorluğunda prokuror işləyib. 2020-ci ilin iyununda Lori vilayətinin birinci instansiya məhkəməsinə hakim təyin edilib. 2021-ci ilin martında isə Ermənistan İstintaq Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib. Cəmi bir neçə gün sonra — martın 31-də Ermənistan MTX-nin direktor müavini təyin olunub.
Simonyan 2024-cü ildə də MTX direktorunun müavini vəzifəsində qalıb. 2025-ci il iyunun 18-də Armen Abazyanın vəzifədən getməsindən sonra MTX direktorunun səlahiyyətlərini icra edən şəxs olub. İyunun 28-də isə baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib.
2026-cı il avqustun 6-da Simonyan MTX direktorunun vəzifəsinə yenidən təyin edilib. Simonyan general-mayor hərbi rütbəsinə və hüquq elmləri namizədi elmi dərəcəsinə malikdir. 2023-cü ildə “Vətənə xidmətlərinə görə” II dərəcəli medalla təltif olunub.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ