İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan həqiqətənmi MÜHARİBƏ istəmir? – Bir ildir açıq qalan sual və “qızıl fürsət” haqda

Bir il öncə, 2025-ci il avqustun 8-də Ağ evdə Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin imzaladıqları sənədlərin qiyməti indi daha çox bilinir. Bu da təbiidir. Ona görə ki, sülh, dinclik, əmin-amanlıq həmişə dava-qırğından qat-qat dəyərli sayılıb.

Ağ Evdəki həmin anlaşmalar, sözsüz ki, ən əvvəl Azərbaycan Prezidentinin uzaqgörən və düşünülmüş siyasəti, diplomatik bacarığı və böyük zəhməti sayəsində mümkün olub. Lakin görülən bu qədər işlərə, atılan addımlara rəğmən, ötən bir ildə sülh müqaviləsi əfsuslar olsun ki, imzalanmayıb.

Reallıq belədir ki. “top” çoxdan Ermənistan tərəfdə olsa da, Paşinyan hökumətinin buna ya siyasi iradəsi çatmayıb, ya da bilmədiyimiz səbəb(lər) var. Hərçənd, 7 iyun seçkilərində erməni cəmiyyətinin əksəriyyəti Nikol Paşinyan komandasına daha 5 illik mandat tanıyıb, Nikolun bugünkü sözləri ilə desək, “ermənilər sülhə sahib çıxıb”. Hanı bəs?..

Hələ parlamentin təzə sədri Ruben Rubinyan görün iki gün qabaq nə çərənləyib. Rubinyan bildirib ki, Bakı ilə sülh sənədi imzalanmadığı üçün Azərbaycandan Ermənistana təhlükə qalır. Tutaq ki, belədir, o zaman məntiqlə İrəvan sülh müqaviləsində ən maraqlı tərəf olmalı deyilmi? Kim maneə yaradır sənədi imzalamağa? Nədən konstitusiya dəyişikliyi məsələsi 5 ildir uzadılır?

Başqa gerçək budur ki, Ermənistana, bütövlükdə Güney Qafqaza ən böyük təhlükə-təhdid elə Ermənistanın özündən, lap dəqiqi, onun Azərbaycana, Türkiyəyə qarşı əsassız ərazi iddiasından qaynaqlanır. Öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmamasından mənbə götürür. Axı hansı normal dövlət onun torpaqlarına rəsmən iddia edən qonşusu ilə sülh müqaviləsi bağlayar?

O səbəbə diplomatiyamız bu mühüm məqamı bundan sonra çevik və ardıcıl şəkildə beynəlxalq gündəliyin predmetinə çevirməyi bacarmalı, Ermənistanın həqiqi niyyətini dünyaya açmalı, bu məsələdə İrəvana hər hansı güzəşt tanınmamalı, rəsmi İrəvanın yeni siyasi hoqqalarına, yalançı “göz yaşlarına” imkan verilməməlidir.

Vaşinqton anlaşmaları bu xüsusda çox qiymətli tarixi və legitim qaynaq hesab oluna bilər. Daha bir səbəbə: o sənədlərdə Ermənistanın legitim rəhbərinin və şahid-qarantor kimi ABŞ lideri Donald Trampın imzaları var.

Bütün hallarda İlham Əliyevin 8 avqust Ağ Ev zəfəri şübhə yox ki, illərlə görülən işlərin, göstərilən inadlı səylərin yekunu idi. İşğalçı və kapitulyant Ermənistanın bölgədə bir daha fitnə-fəsad yuvası olmamasına hesablanmış strategiyanın növbəti və mükəmməl uğuru idi.

Ağ Evdə tarixi anlaşma

Buna qədər isə əlbəttə ki, xeyli məsafə qət edilmişdi. Söhbət ilk növbədə 44+1 Vətən müharibəsindən sonra rəsmi Bakının irəli sürdüyü, Ermənistanı sülhə məcbur edən, onu fakt qarşısında qoyan 5 baza prinsipindən gedir.

Buradaca xüsusi vurğulayaq ki, keçmiş Dağlıq Qarabağ konflikti zamanı sülh təşəbbüslərinin hamısı Azərbaycana məxsus olub. Son olaraq, təşəbbüs yenə Bakıdan gəlib. Azərbaycan tərəfi bölgədə möhkəm sülh və əməkdaşlıq üçün, düşmənçilik səhifəsinin bağlamaqdan ötrü Ermənistana beynəlxalq hüquqa əsaslanan 5 baza prinsip ibarət sülh planı, “yol xəritəsi” təklifi verib. Aylarla yazışmalar gedib.

Onları yada salmağın yeri var:

1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini tanıması.

2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmadığını təsdiqi və gələcəkdə belə iddialar qaldırmayacağına dair hüquqi öhdəlik götürməsi.

3. Münasibətlərdə təhlükəsizliyə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı gücdən və ya hədədən istifadə etməmək.

4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, eləcə də diplomatik münasibətlərin qurulması.

5. Nəqliyyat və kommunikasiya xətlərinin açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin yaradılması.

Sadalananların hamısı artıq paraflanmış sülh sənədində və TRIPP (Zəngəzur dəhlizi) layihəsinin yer aldığı, Trampın da imzası duran üçtərəfli Birgə Bəyannamədə əksini tapıb. Yalnız bir sual açıq qalır. Bu da 2-ci prinsiplə, “dövlətlərin bir-birlərinə qarşı gələcəkdə ərazi iddiaları qaldırmayacağına dair hüquqi öhdəlik götürməsi” ilə bağlıdır.

Sual da belədir ki, görəsən, Azərbaycanı özünə təhlükə sayan Ermənistan gələcəkdə qarşılıqlı şəkildə ərazi iddiasının olmayacağı haqda prinsipi axıra kimi niyə qəbul eləmir, əgər həqiqətən müharibə istəmirsə, öz konstitusiyasını qaydaya salmağa niyə tələsmir?..

Və sonda. 8 avqust Ağ Ev razılaşmaları şəksiz ki, İlham Əliyevin bölgənin rifahına yönəlmiş sülh strategiyasının növbəti möhtəşəm uğurudur. Bu gün Vaşinqton anlaşmalarının ildönümü ilə bağlı öz xalqı ilə yanaşı, Azərbaycan xalqını də təbrik edən Ermənistan Baş nazirinin müraciətində isə belə bir cümlə yer alır: “Bir il əvvəl – 2025-ci il avqustun 8-də Prezident Donald Trampın təşəbbüsü və iştirakı ilə ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə keçirilən üçtərəfli görüşün nəticəsində Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu”.

Ancaq etiraf edək ki, bu, hələ möhkəm və daimi sülh deyil, hətta kövrəkdir. Doğrudur, istənilən pis sülh müharibədən yaxşıdır, ancaq nə qədər ki, məlum səbəbdən Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanıb ratifikasiya edilməyib, bəzi xarici məkrli güclərin, özəlliklə Rusiyanın Ermənistan vasitəsi ilə sülhü pozmaq, regionu təzədən qarışdırmaq imkanı da qalır.

Odur ki, İrəvan, erməni xalqı zamanı düzgün qiymətləndirməli, “qızıl fürsəti” buraxmamalıdır...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR