Onlayn ictimai-siyasi qəzet
“Ermənistan süni intellekt və data-mərkəzləri sahəsində regional mərkəzə çevrilmək istiqamətində irəliləyir”.
Bu barədə Bloomberg-in 22 sentyabr 2026-cı il tarixli materialında bildirilir.
"Bakı-Xəbər" yazır ki, məqalədə əsas diqqət ABŞ-ın Firebird startapının Razdanda yaratdığı data-mərkəzə yönəldilir.

Avqustda fəaliyyətə başlayan kompleksin gücünün 2027-ci ilin sonunadək 300 MVt-a, Nvidia çiplərinin sayının isə 70 mindən çoxuna çatdırılması planlaşdırılır. Materialda Nvidia çiplərinin Ermənistana ixracına verilən ABŞ icazələrinin regiondakı diplomatik proseslərlə paralelliyi də diqqət çəkir. Bloomberg bunu Vaşinqtonun Ermənistan-Azərbaycan razılaşmasına nail olmaq səyləri ilə əlaqələndirir.
Bu proses Azərbaycanın təhlükəsizliyi baxımından hansı riskləri yarada bilər?
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bununla bağlı Ermənistanla ABŞ arasında uzun müddətdir müzakirələr aparılır. Görünən odur ki, Ermənistan tərəfi daha çox sülhə, eyni zamanda Zəngəzur dəhlizinin açılmasına, Azərbaycanla əməkdaşlığın və sülhün əldə olunmasına deyil, bu istiqamətdə öz resurslarını, imkanlarını və zamanını daha çox ayırır. Amma hər bir halda həm Ermənistan tərəfi çox gözəl bilir, həm biz bilirik, bütün dünya bilir ki, bu, yalnız və yalnız İkinci Qarabağ müharibəsindən sonra regionda siyasi və tarixi ədalətin bərqərar edilməsini ortaya qoyan proseslərin nəticəsidir. Yəni niyə ABŞ bundan öncə, elə müharibəyə qədər və yaxud keçmiş münaqişənin mövcud olduğu dövrdə bu addımları atmırdı, Ermənistana bu marağı, bu cazibəni göstərmirdi? Əgər bunu Donald Trampla əlaqələndiririksə, Donald Tramp 2017-2021-ci illərdə də hakimiyyətdə idi. Niyə həmin dövrdə Ermənistanla bu proseslər reallaşdırılmırdı? Deməli, bütün bunların kökündə Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar və bu reallıqların dünyanın əksər dövlətləri, o cümlədən ABŞ tərəfindən qəbul edilməsi dayanır. Əsas səbəb elə budur. Bir regionda sülh yoxdursa, münaqişə mövcuddursa, həmin münaqişənin nəticəsində müharibənin baş verməsi gözlənilirsə, o halda heç kim həmin regiona investisiya yatırmır. Xüsusilə də bu gün dünyada trendə çevrilmiş süni intellekt, çiplər, ABŞ-ın Ermənistanla bu istiqamətdə əməkdaşlığı və data mərkəzlərinin yaradılması kimi layihələrdən söhbət gedirsə, ABŞ heç bir halda buna bu marağı göstərməzdi, əgər indiki reallıqlar ortada olmasaydı və Azərbaycanla Ermənistan arasındakı danışıqlar, sülh prosesi irəliləməsəydi”.

Azərbaycana münasibətdə təhlükəsizlik məsələsinə gəldikdə isə hüquqşünas deyib:
“Belə halların Azərbaycanın təhlükəsizliyinə, Azərbaycanın formalaşdırdığı yeni reallıqlara və Cənubi Qafqazda yaratdığımız təhlükəsizlik çətirinə təhdid yaratması, əslində, elə zərbəni Ermənistana və Ermənistanla bu prosesdə maraqlı olan qüvvələrin maraqlarına vuracaq. Azərbaycan əgər burada sülh prosesini reallaşdırıbsa və bu reallaşmış sülh prosesi nəticəsində Ermənistana hansı istiqamətlərdə investisiyalar yatırılırsa, Ermənistan ABŞ kimi dövlətlərlə əməkdaşlıq edirsə, təbii ki, bunun səbəbkarı kimi Ermənistan Azərbaycana təşəkkür etməlidir. Amma Azərbaycanın təhlükəsizliyinə hər hansı bir təhdid yaratmaq niyyəti ilə addım atılacaqsa və yaxud bu düşüncədə olunacaqsa, təbii ki, bunun əsas zərəri elə bu gün həmin prosesləri reallaşdırmaq istəyən tərəflərin maraqlarına, o cümlədən Ermənistanın öz maraqlarına vurulacaq.
Bu baxımdan, əgər bu, Ermənistanın inkişafına, Ermənistanın iqtisadi cəhətdən yararlanmasına gətirib çıxaracaqsa, təbii ki, biz buna heç bir etiraz etmirik. Əksinə, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin mövcud olmasının və bunun fonunda Cənubi Qafqazın bütün dövlətlərinin iqtisadi cəhətdən inkişaf etdirilməsinin tərəfdarıyıq. Biz bunu həmişə həm açıq şəkildə bəyan etmişik, həm də addımlarımızda göstərmişik. Amma əgər bu proseslərdən sui-istifadə edib, məsələn, Metsamor Atom Elektrik Stansiyası kimi Cənubi Qafqaz regionuna təhdid yaradacaq addımları paralel şəkildə aparacaqlarsa və yaxud revanşist qüvvələrə bu güclərindən, iqtisadi güclərindən, iqtisadi imkanlarından istifadə edərək gələcəkdə Azərbaycan üçün təhdid yarada biləcək proseslərə şərait yaradacaqlarsa və ya həmin revanşist qüvvələrin qarşısını almaq üçün heç bir addım atmayacaqlarsa, o halda bunun məsuliyyəti həmin qüvvələrin üzərinə düşür. Bu prosesə göz yuman və yaxud buna şərait yaradan qüvvələr buna görə açıq şəkildə məsuliyyət daşıyırlar və yaxud daşıyacaqlar”.
Afaq Mirayiq,
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ