İnsanlara hürriyət, millətlərə istiqlal!

Evsizlər üçün HƏRƏKƏTƏ KEÇDİLƏR: Boş ərazidə yüzlərlə insanın yaşayacağı evlər tikiləcək

ABŞ-da artan mənzil böhranı və evsizlik probleminə qarşı yeni layihəyə start verilib. Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən boş torpaq sahəsində 51 mikro evdən ibarət yaşayış məntəqəsinin yaradılması planlaşdırılır. Layihənin əsas məqsədi küçələrdə və çadırlarda yaşayan evsiz insanların daha təhlükəsiz şəraitə köçürülməsidir.

Musavat.com xəbər verir ki, layihə çərçivəsində tikiləcək mikro evlər daimi mənzil hesab olunmur. Şəhər rəhbərliyi bildirir ki, bu yaşayış sahələri küçə həyatı ilə daimi ev arasında keçid mərhələsi kimi nəzərdə tutulub. Kompleksdə yüzlərlə insanın yerləşdirilməsi planlaşdırılır və gənclər üçün ayrıca yerlər də ayrılacaq.

Los-Anceles meri Karen Bassin iştirakı ilə təməlqoyma mərasimi may ayında keçirilib. Layihənin 2027-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Şəhər administrasiyası ərazidə əvvəllər mövcud olan çadır düşərgələrinin ləğv edildiyini və yeni yaşayış məntəqəsinin sosial xidmətlərlə birlikdə fəaliyyət göstərəcəyini açıqlayıb.

Mikro evlərdə yaşayanlara yalnız sığınacaq deyil, həm də sosial dəstək göstəriləcək. Proqram çərçivəsində sakinlərə tibbi xidmətlərə yönləndirmə, məsləhət xidməti və daimi mənzil tapmaq üçün yardım təqdim olunacaq. Oxşar layihələrdə yemək, duş, camaşırxana və sosial müşavirə xidmətlərinin də göstərildiyi bildirilir.

Rəsmi məlumatlara görə, Los-Anceles şəhərində 43 mindən çox, bütövlükdə regionda isə təxminən 68 min evsiz insan yaşayır. Artan kirayə qiymətləri və mənzil çatışmazlığı səbəbindən yerli hakimiyyət orqanları boş torpaq sahələrinin müvəqqəti yaşayış məntəqələrinə çevrilməsi layihələrinə üstünlük verir.

Təxminən 33 milyon dollarlıq dövlət dəstəyi ilə həyata keçirilən proqramın yalnız Los-Ancelesdə deyil, həmçinin Sacramento, San Jose və San Diego şəhərlərində də tətbiq olunması planlaşdırılır. Rəsmilər bu modelin evsizlik problemini tam həll etmədiyini, lakin küçədə yaşayan insanların daha təhlükəsiz şəraitə keçməsi üçün vacib ara mərhələ olduğunu vurğulayırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR