Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Patriarxlığının Azərbaycanın Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı son bəyanatı Bakı ilə Tiflis arasında diplomatik polemikaya səbəb olub. Musavat.com “Qruziya- online”yə istinadən xəbər verir ki, Gürcüstan Patriarxlığı məbədi “Gürcüstanın və gürcü kilsəsinin tarixi və mənəvi irsinin mühüm abidəsi” kimi təqdim edərək burada aparılan işlərdən narahatlığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu yanaşmaya sərt cavab verərək Azərbaycan ərazisində yerləşən tarixi və coğrafi toponimlərin başqa adlarla təqdim edilməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Azərbaycan XİN-in mövqeyinə görə, Gürcüstan Patriarxlığının açıqlaması iki ölkə arasında formalaşmış dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna uyğun deyil. Bakı xüsusilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsinin Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas prinsiplərindən biri olduğunu xatırladıb.
Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, Azərbaycan ərazisində yerləşən hər hansı tarixi, mədəni və dini abidə ilə bağlı məsələlər Azərbaycanın suverenliyi və qanunvericiliyi çərçivəsində həll edilməlidir. Gürcüstanın öz ərazisinin bütövlüyünə həssas yanaşdığı halda, eyni prinsipin Azərbaycanın ərazi bütövlüyünə münasibətdə də gözlənilməsi Bakının əsas arqumentidir.
XİN həmçinin dini institutların iki ölkə xalqları arasında əsrlər boyu formalaşmış dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsinin vacibliyini vurğulayıb. Bakı Gürcüstan Patriarxlığına “erməni kilsəsinin məlum yanaşmalarını təkrarlamamaq və onun yolu ilə getməmək” mesajını da verib.
Kürmuk məbədi Qax rayonunun Əmbərçay kəndi yaxınlığında yerləşir. Arxeoloji qazıntılar zamanı müəyyən edilib ki, Gumrux məbədi ərazidə vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsr) qalıqları üzərində tikilib.
İlisu Sultanlığını işğal edən çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə inşa olunmasına qərar verib. İnşa tarixi 1873-cü ilə aid edilən bina gürcü mitropolitinin təklif və təkidləri ilə tikilib. Vaxtilə burada mövcud olmuş alban məbədindən və monastırından isə torpaq altından aşkara çıxarılmış tikinti qalıqları var.
Kilsə qırmızı kərpicdən inşa edilib. Zəng yeri dairəvidir və dar pəncərələr qoyulub. Zəng yerinin üzəri konusşəkilli damla örtülüb və damın üstündə xaç yerləşdirilib. 2006-cı ilin sentyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı məbədin mərhələli şəkildə dörd dəfə müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qaldığı məlum olub. Bununla da məbədin gürcü və ya ermənilərə deyil, ilkin çağlarda alban kilsəsinə aid olduğu sübuta yetirilib.2003-cü ildə yerli əhəmiyyətli memarlıq abidəsi olan Kürmük məbədində Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir işləri aparılıb.
Hazırkı gərginliyin Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığı bir vaxtda baş verməsi məsələni daha həssas edir. Azərbaycan və Gürcüstan Orta Dəhliz, enerji, nəqliyyat və regional təhlükəsizlik məsələlərində yaxın tərəfdaşlardır. İki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyir, Bakı və Tiflis arasında iri iqtisadi və infrastruktur layihələri həyata keçirilir.
Bu səbəbdən Kürmük ətrafında dini-tarixi mübahisənin siyasi müstəviyə keçməsi hər iki tərəf üçün arzuolunmaz əlavə gərginlik yarada bilər. Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakteri nəzərə alınaraq belə həssas məsələlərin qarşılıqlı hörmət, suverenlik prinsipi və diplomatik dialoq çərçivəsində həll edilməsi daha geniş regional əməkdaşlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ