Onlayn ictimai-siyasi qəzet
Rusiyada Georgi Piroqov adlı şəxs Polşa kəşfiyyatı ilə əməkdaşlıq etməkdə təqsirli bilinərək 23 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) versiyasına görə, Piroqov Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ölkəni tərk edib və Polşanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlayıb.
İstintaqın məlumatına görə, o, Rusiyanın yeni silahları, raket komplekslərinin istehsalı və istifadəsi barədə məxfi məlumatlar, həmçinin dövlət sirrinə çıxışı olan müdafiə sənayesi müəssisələrinin əməkdaşları haqqında məlumatlar toplayıb.
Məhkəmə Piroqovu 23 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edib.
Məlumata görə, müharibə başlayandan sonra Piroqov Gürcüstana köçüb və burada sənaye alpinisti kimi işləyib. 2024-cü ilin yayında isə işgüzar səfərlə Özbəkistana gedib və burada qəfil yoxa çıxıb.
Bir neçə gün sonra onun artıq Rusiyada olduğu məlum olub. Piroqovun Özbəkistandan Rusiyaya kim tərəfindən və hansı şəraitdə aparıldığı isə indiyədək məlum deyil.
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ