Onlayn ictimai-siyasi qəzet
Rusiyada siyasətçi Aleksandr Petrovun qətli ilə bağlı iş üzrə saxlanılan tanınmış biznesmen İlya Traberin şirkətlərinin maliyyə vəziyyəti diqqət çəkib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Traberə bağlı doqquz şirkətdən səkkizi 2025-ci ili zərərlə başa vurub.
Araşdırmaya görə, İlya Traberə məxsus və ya onun iştirak etdiyi şirkətlərin böyük hissəsi son dövrdə zərərlə işləyib. Daha diqqətçəkən məqam isə biznesmenin saxlanılmasından əvvəl iri layihələrdən çıxmağa başlamasıdır.
Bildirilir ki, Traber vaxtilə dəyəri 1,5 milyard dollar qiymətləndirilən “Baltik Metanol” layihəsindəki payını da sataraq şirkətin təsisçiləri sırasından ayrılıb.
Bundan başqa, maliyyə sənədləri göstərir ki, o, həbsindən əvvəl əsas layihələrindən birinə yatırdığı vəsaitlərin böyük hissəsini geri almağa nail olub. Araşdırma müəlliflərinin iddiasına görə, söhbət milyardlarla rubl məbləğində vəsaitdən gedir.
Məhz bu səbəbdən bəzi müşahidəçilər Traberin saxlanılmasından əvvəl biznes aktivlərini və maliyyə maraqlarını mümkün risklərdən qorumağa çalışdığı qənaətindədirlər.
Qeyd edək ki, “Antikvar” ləqəbi ilə tanınan İlya Traber 1990-cı illərdən Sankt-Peterburqun neft və liman biznesində mühüm fiqurlardan biri hesab olunur. Onun adı müxtəlif illərdə Tambov mütəşəkkil cinayət qrupu ilə bağlı araşdırmalarda hallanıb. İspaniya prokurorluğu onu vaxtilə Avropadakı “rus mafiyası”nın əsas nümayəndələrindən biri adlandırsa da, məhkəmə bu ittihamları sübuta yetirilmiş hesab etməyib.
Traberin adı həmçinin 1990-cı illərdən etibarən Kreml rəhbərliyinə yaxın biznes çevrələri ilə əlaqələr kontekstində də çəkilib. Rusiya hakimiyyəti də onun ölkə rəhbərliyi ilə tanışlığını müxtəlif vaxtlarda təsdiqləyib. Traberin biznes maraqları əsasən limanlar, neft məhsullarının ixracı və nəqliyyat infrastrukturu kimi strateji sahələri əhatə edib.
Araşdırmada qeyd olunur ki, Traberin saxlanılması fonunda üzə çıxan maliyyə əməliyyatları və iri layihələrdən çıxışı istintaqın diqqət mərkəzində olan məsələlərdən biridir.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ