İnsanlara hürriyət, millətlərə istiqlal!

Hesablama Palatası aydınlıq tələb etdi - 1,4 milyard manat hara xərclənib?

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, əsas bölmələrə aid edilməyən xərclərin icra məbləği təxminən 1,4 milyard manat çox, həmin xərclərin yönəldiyi istiqamətlər isə həmin məbləğ qədər az göstərilib.

Onun sözlərinə görə, aparılmış təhlillər sənəddə əks etdirilmiş dövlət büdcəsi gəlirlərinin və xərclərinin əsasən düzgün olduğunu deməyə əsas verib:

“Bununla yanaşı, iki əsas məqamı da diqqətinizə təqdim etmək istərdim. Birinci məqam, 2025-ci ilin 14 iyul tarixli dəyişikliyə əsasən, “Büdcə sistemi haqqında” qanunun 18.4.1-ci maddəsində, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili üzrə funksional, iqtisadi və inzibati təsnifatı olaraq yönəldilən vəsaitlərin uçotunun, həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılmalı olduğu təsbit edilib. Lakin ilin ikinci yarısında qəbul edilmiş dəyişiklik, bu dəyişikliyə verdiyimiz rəydə göstərildiyi kimi, müvafiq fondlardan icra edilmiş xərclərin ünvanlılığı baxımından müsbət addım olsa da, uçota alma mexanizminin formalaşmasına isə zərurət var. 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində bu məqam tətbiq edilməyib. İkinci məqam, kənd təsərrüfatı üzrə ilin sonunda geri qaytarılan subsidiyalar (bu, təxminən 10 milyon manatdır) büdcəyə qaytarılması zamanı xərc kimi tanınması ilə bağlıdır. Əvvəlki illərdə bu, nəzərə alınıb”. (Report)

İqtisadçı Xalid Kərimli hesab edir ki, vəsaitin konkret hansı istiqamətlərə xərcləndiyinin aydın olmaması şəffaflığın pozulması deməkdir.

xalid-2.jpg (80 KB)

Musavat.com-a şərhində o bildirib ki, bu, səmərəlilik baxımdan da risk yaradır:

“Fondlardan ayrılan vəsaitləri real nəticə ilə ölçməliyik. Xərclənən vəsaitlə nəticə arasında əlaqəni qiymətləndirmək mümkün deyilsə, bu zaman xərclərin səmərəliliyinin qiymətləndirilməsi ciddi sual altında qalır. Digər məsələ imtiyazla bağlıdır - uçot zəifliyi nəzarətin zəifləməsinə gətirib çıxara bilər. Əsas risklər bunlardır. Xüsusilə, fors-major vəziyyətlərdə vəsaitlərin hara yönəldiyi bəlli olmadıqda gələcək dövr üçün planlaşdırmada da qeyri-müəyyənliklər yaranır”.

“Problemin həlli üçün hansı institusional mexanizmlər tətbiq edilə bilər?” sualına cavabında isə iqtisadçı qeyd edib ki, ölkəmizdə proqram əsaslı büdcə sistemi tətbiq olunur (red: Proqram əsaslı büdcə sistemi vəsaitlərin xərclənmə istiqamətləri əvəzinə qarşıya qoyulan strateji məqsədlərə və əldə ediləcək gözlənilən nəticələrə üstünlük verən müasir büdcə planlaşdırma modelidir. Bu yanaşmada diqqət xərc maddələrindən (məsələn, maaş, kommunal) konkret proqramların yaratdığı faydaya yönəlir):

“Proqram əsaslı büdcə sisteminə görə, təkcə, xərclər yox, nəticələr də ölçülür. Bu baxımdan Hesablama Palatasının qaldırdığı məsələlərdə problem həllini tapmış olur. Məqsədli fondlar üçün xəzinədarlıq sistemində ayrıca izləmə mexanizmi yaradıla bilər. Xüsusilə, elektron xəzinədarlıq sistemində bu, çətin məsələ deyil. Konsolidasiya hesabatının tərtib olunması da məqsədəuyğun ola bilər. Əgər risk varsa, Hesablama Palatası auditi rolunu gücləndirməlidir. Milli Məclisin də xərclər üzərində nəzarət funksiyaları var, odur ki, bu funksiyaları düzgün icra etməlidir”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR