İnsanlara hürriyət, millətlərə istiqlal!

"İkinci əl mal alan istehlakçı çox zaman şüurlu şəkildə müəyyən riskləri qəbul etmiş olur"

İkinci əl məhsul bazarında “zəmanətli ikinci əl məhsul” ifadəsi daha çox istifadə olunur və alıcıların diqqətini cəlb edir. Bu anlayış bir tərəfdən alıcılara əlavə etibar və təhlükəsizlik hissi versə də, digər tərəfdən onun həqiqətən hüquqi və texniki təminata söykəndiyi, yoxsa sadəcə marketinq üsulu olduğu ilə bağlı suallar yaradır. Bəs, “zəmanətli ikinci əl məhsul” anlayışı real təminat mexanizmidir, yoxsa satışları artırmağa hesablanmış yanaşmadır?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericilikdə ikinci əl malların satışı ilə bağlı birbaşa xüsusi tənzimləmə olmasa da, alıcı və satıcı arasında yazılı müqavilə bağlandığı, tərəflərin onu imzalayaraq müəyyən öhdəliklər götürdüyü hallarda bu müqavilə hüquqi qüvvəyə malik olur.

“Bununla belə, ikinci əl malların satışı ümumilikdə dünyada istehlakçı hüquqları baxımından riskli sahə hesab edilir və burada əsas problemlər daha çox avtomobillər, mebellər, evlər və digər iri dəyərli əşyalarla bağlı ortaya çıxır. Təəssüf ki, bu problem ölkəmizdə də mövcuddur və ikinci əl mal alan istehlakçı çox zaman şüurlu şəkildə müəyyən riskləri qəbul etmiş olur”.

Ekspert bildirib ki, xüsusilə ikinci əl avtomobil alan şəxslərə tövsiyə edilir ki, hər bir avtomobilin servis kitabçasına diqqət yetirsinlər.

“Servis kitabçasında avtomobilin zəmanət müddətində hansı vaxtlarda servisə müraciət etdiyi, yürüş göstəriciləri, aparılan texniki xidmətlər və dəyişdirilən hissələr barədə məlumatlar əks olunur. Servis kitabçası olmayan ikinci əl avtomobillərin alınmaması məsləhət görülür, çünki belə hallarda yürüşün geri çəkilməsi və ya məlumatların tam olmaması ehtimalı yaranır”.

Onun sözlərinə görə, bununla yanaşı, uzun illərdir ki, yürüş göstəricilərinin süni şəkildə dəyişdirilməsi və bu sahədə fəaliyyət göstərən qeyri-rəsmi qrupların ifşa olunması istiqamətində problemlər qalmaqdadır.

“Təəssüf ki, bu kimi hallar hələ də tam şəkildə aradan qaldırılmayıb və ölkədə istehlakçıların etibarlı məlumat əldə etməsi baxımından çətinliklər yaradır”.

Beləliklə, ikinci əl bazarında "zəmanətli məhsul" ifadəsi əksər hallarda sadəcə marketinq gedişidir. Alıcıların rəsmi servis sənədləri və yazılı müqavilələr tələb etməsi fırıldaqçılıq hallarının qarşısını alacaq. Hüquqi tənzimləmənin gücləndirilməsi istehlakçıların maddi zərərə düşməsinin qarşısını əhəmiyyətli dərəcədə alar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR