Onlayn ictimai-siyasi qəzet
Bu gün Xalq artisti İlhamə Quliyevanın vəfatından 10 il ötür.
Musavat.com xatırladır ki, o, 2016-cı il fevralın 25-də səhər saatlarında qəfil şəkildə dünyasını dəyişib. Fevralın 26-da isə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında torpağa tapşırılıb.
Aradan on il keçməsinə baxmayaraq, İlhamə Quliyevanın adı, sənəti və özünəməxsus xarakteri hələ də unudulmur. O, təkcə səsi ilə deyil, həm də cəsarətli çıxışları, qalmaqallı açıqlamaları və sənətə münasibəti ilə hər zaman gündəmdə olub. Səhnədə olduğu kimi, həyatında da fərqli və seçilən bir sima idi.
Maraqlıdır ki, bir zamanlar sağlığında ətrafında olan, yanında görünən dostlardan onun ölüm ildönümünü xatırlayan bir tək aktyor Sərxan Kərəmoğlu olub.
O, İlhamə Quliyeva ilə birlikdə çəkildikləri "Adam ol" filmindən bir parça paylaşaraq sənətkarı yad edib və bu sözləri yazıb:
“Gedən gedir və bir daha nə bənzəri, nə də ki havası gəlir. İlhamə xanım çox özəl biri idi. Nə qədər savaşsaq və barışsaq da unudulmayacaq günlərimiz olub. Həyatı sevərək yaşayaq. Kiməsə acıq qıcıq verərək, qisas alaraq, ev yıxaraq və s kimi şeylərlə yaşamaq olmur! İlhamə xanımın bu gün rəhmətə gedən günüdür. Allah günahlarını bağışlasın və məkanını cənnət eləsin”.
Xalidə Gəray
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ