Onlayn ictimai-siyasi qəzet
Britaniyalı alimlər xəstələrin hüceyrələrindən insan orqanlarının miniatür modellərini yetişdirməyə hazırlaşırlar. Yeni texnologiyadan dərmanların sınaqdan keçirilməsində istifadə olunacaq.
Musavat.com xəbər verir ki, “The Guardian”ın məlumatına görə, Kembricdə yaradılan tədqiqat mərkəzi bu məqsədlə Tibbi Tədqiqatlar Şurasından 20 milyon funt sterlinq maliyyə alıb.
Layihə çərçivəsində xəstələrin hüceyrələrindən “orqanoid” adlandırılan üçölçülü mini-orqan və toxuma modelləri yetişdiriləcək. Mərkəzdə böyük orqanoid kitabxanasının yaradılması nəzərdə tutulur. Bu bazadan həm alimlər, həm də əczaçılıq şirkətləri yeni dərmanların hazırlanması və sınaqdan keçirilməsi zamanı istifadə edə biləcəklər.
İlk mərhələdə alimlər bağırsaq xəstəliklərinin modelləşdirilməsi ilə məşğul olacaqlar. Sonrakı mərhələdə isə onkoloji tədqiqatlar üçün şiş toxumalarının, beyin toxumasının modellərinin və döyünən ürək hüceyrələrinin yetişdirilməsi planlaşdırılır.
Yeni texnologiya dərmanların insan biologiyasına daha yaxın modellər üzərində sınaqdan keçirilməsinə imkan verəcək. Proqram eyni zamanda laboratoriya təcrübələrində heyvanlardan istifadənin tədricən azaldılmasını nəzərdə tutan strategiyanın bir hissəsidir.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ