Onlayn ictimai-siyasi qəzet
İranın Kəşfiyyat Nazirliyi (“Ettelaat”) ölkənin Baş Prokurorluğuna göndərdiyi məktubda milli təhlükəsizlik və maraqlara qarşı İsrail və digər düşmən ölkələrlə əməkdaşlıq edən, casusluq fəaliyyəti göstərən şəxslərə qarşı sərt tədbirlərin görülməsini tələb edib. Bildirilib ki, bu addım parlamentin ötən il qəbul etdiyi “Casusluğa görə cəzanın şiddətləndirilməsi haqqında Qanun”un 4-cü maddəsinə uyğun olaraq atılmalıdır.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videomaterialda məlumat verilir.
Sözügedən qanunda İsrail və digər düşmən ölkələrlə ideoloji, media və təbliğat sahəsində əməkdaşlıq, o cümlədən onlara bağlı media qurumlarına ölkənin milli təhlükəsizliyinə xələl gətirən xəbər, video və foto materialların ötürülməsi ağır cəzalarla nəzərdə tutulur. Belə əməllərə görə 3-cü və 5-ci dərəcəli həbs (müvafiq olaraq 2 ildən 5 ilə qədər və 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə), eləcə də dövlət qulluğunda çalışmaq qadağası tətbiq edilir.
Kəşfiyyat Nazirliyi məktuba "düşmən mediası" kimi qiymətləndirdiyi televiziya kanalları, saytlar və sosial media hesablarının 3 hissədən və 415 addan ibarət geniş siyahısını da əlavə edib. Nazirlik bu siyahının vaxtaşırı yenilənəcəyini vurğulayıb.
Siyahının "düşmən telekanalları" yer alan 44 addan ibarət birinci hissəsində "Iran International", "BBC Farsca", "Radio Fərda" və "Amerikanın Səsi" kimi media resursları ilə yanaşı, İrandakı qeyri-fars xalqların problemlərini işıqlandıran kanallar, o cümlədən "Güney Azərbaycan Televiziyası" (GünAz TV) da daxil edilib.
Diqqətçəkən və təəssüf doğuran məqam isə siyahının 19-cu pilləsində Azərbaycan Dövlət Televiziyasının – AzTV-nin yer almasıdır. AzTV-nin bu siyahıya salınması heç bir sağlam məntiqə və normal qonşuluq münasibətlərinə sığmayan növbəti absurd addım kimi qiymətləndirilir.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ