Onlayn ictimai-siyasi qəzet
"İranın valyuta axını sabit olaraq qalır və bir neçə ay ərzində vacib dərmanların və digər malların alınmasını maliyyələşdirmək üçün kifayətdir".
Bunu İran Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati deyib.
O, qeyd edib ki, ölkədə davamlı resurs təminatı üçün alternativ mexanizmlər tətbiq olunur. Bu tədbirlər, adətən inflyasiyaya səbəb olan pul çapından istifadə etmədən davamlı iqtisadiyyatın təşviq edilməsinə yönəlib.
Bundan öncə verilən rəsmi açıqlamaya görə isə hətta müharibə və sanksiyaların ağır təzyiqi altında İran Mərkəzi Bankının valyuta ehtiyatları 4,5 milyard dollar artıb. Bu, Tehran üçün hazırda çox mühüm “nəfəs payı” yaradır.
Bəs, İran valyuta axınını hansı resursların hesabına sabit saxlaya bilir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, İran bir neçə fərqli valyuta mənbəyini paralel şəkildə işlədərək xarici valyuta çatışmazlığını idarə edir: "Əsas mənbələr sırasında neft və neft məhsullarının ixracı ən mühüm mənbə olaraq qalır. ABŞ sanksiyalarına baxmayaraq İran neftini, xüsusilə Çinə, müxtəlif vasitəçilər və “kölgə donanması” kanalları ilə sata bilir. ABŞ Maliyyə Nazirliyi də İran neftinin satışından əldə edilən gəlirlərin mürəkkəb mübadilə şirkətləri və vasitəçi şəbəkələri vasitəsilə hərəkət etdiyini bildirir.
Digər bir resurs Çinlə hesablaşmalarda dollar yox, yuandan istifadə edilməsidir. İran neftinin mühüm hissəsi dollarla deyil, yuanla hesablanır. Bu vəsait sonradan İranın ehtiyac duyduğu digər valyutalara və ya idxal ödənişlərinə çevrilə bilir. ABŞ Xəzinədarlığı İranın valyuta dəyişmə şəbəkələrinin neft gəlirlərini istifadə edilə bilən valyutalara çevirdiyini xüsusi qeyd edir.
Daha bir mənbə neft-kimya və digər qeyri-neft ixracından gələn vəsaitlərdir. İran üçün ikinci mühüm kanal neft-kimya məhsulları, qaz kondensatı, metallurgiya, kənd təsərrüfatı və digər məhsulların ixracıdır. Yəni İranın valyuta gəlirini yalnız xam neftlə məhdudlaşdırmaq düzgün deyil.
Bloklanmış İran aktivlərinin müəyyən hissəsinin istifadəyə açılması da İranın valyuta ehtiyatları məsələsində müsbət rolu var. Hemmati iyunun 22-də İsveçrədə aparılan danışıqlardan sonra İranın bloklanmış vəsaitlərinin istifadəyə verilməsi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirmişdi”.
Deputat onu da deyib ki, İran valyuta bazarının qeyri-rəsmi və alternativ kanallarının olduğu barədə zaman-zaman məlumatlar yayılıb: “İran sanksiyalar səbəbindən klassik beynəlxalq bank sistemindən tam istifadə edə bilmir. Buna görə də valyuta dəyişmə məntəqələri, vasitəçilər, regional banklar və müxtəlif qeyri-rəsmi maliyyə kanalları mühüm rol oynayır. ABŞ Maliyyə Nazirliyi İranın belə mübadilə şəbəkələrinin ildə milyardlarla dollarlıq əməliyyat apardığı barədə indiyə qədər bir neçə dəfə açıqlama yayıb”.
Etibar Seyidağa,
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ