Onlayn ictimai-siyasi qəzet
Amerika mediası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komanda təyyarəsinin Yaxın Şərq regionuna, İordaniyaya gəldiyini xəbər verir. Qeyd olunur ki, İranla müharibə baş verəcəyi təqdirdə İordaniya ABŞ üçün əsas hərbi baza rolunu oynaya bilər.
Musavat.com xəbər verir ki, mümkün hərbi qarşıdurma fonunda İran tərəfindən sərt açıqlama verilib:
“Əgər hər hansı ölkə ABŞ və İsraili İrana qarşı hərəkətlərdə dəstəkləsə, həmin ölkə İran üçün qanuni hədəfə çevriləcək”.
Hazırda regionda “Tomahawk” qanadlı raketləri ilə təchiz olunmuş 8 Amerika hərbi gəmisi yerləşdirilib. Bundan başqa, ABŞ Yaxın Şərqə “USS Abraham Lincoln” aviadaşıyıcısının rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupunu göndərib. Qrupda 3 esmines də yer alır. Aviadaşıyıcının göyərtəsində 6 aviasiya eskadrilyası mövcuddur.
Eyni zamanda, əməliyyatların koordinasiyası, rabitə və kəşfiyyat fəaliyyətinin idarə olunmasına cavabdeh olan “USS Mount Whitney” komanda gəmisi də bölgədə yerləşdirilib. ABŞ hərbçiləri bundan əlavə, helikopter əməliyyatları, xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi və logistika tapşırıqları üçün istifadə olunan “USS Lewis B. Puller” mobil dəniz bazasını da regiona cəlb ediblər.
ABŞ sahilyanı əməliyyatlar üçün üç manevr qabiliyyətli gəmidən də istifadə edir. Bu gəmilərin əsas vəzifələri mina təhlükəsi ilə mübarizə, sualtı qayıqlara qarşı müdafiə və İran tərəfindən tez-tez istifadə edildiyi bildirilən kiçik sürətli katerlərin zərərsizləşdirilməsidir.
Bununla yanaşı, bölgəyə logistika və texniki təminat məqsədli dörd gəmi də göndərilib.
Ekspertlərin fikrincə, Yaxın Şərqdə və ona bitişik ərazilərdə bu qədər genişmiqyaslı hərbi-dəniz qruplaşmasının yerləşdirilməsi ABŞ-ın təkcə zərbə qüvvəsi deyil, eyni zamanda uzunmüddətli əməliyyatlar üçün tam operativ infrastruktur - komandanlıq və idarəetmə sistemləri, yanacaq ehtiyatları və kəşfiyyat təminatı formalaşdırdığını göstərir.
“Dəniz yumruğu” adlandırılan bu qüvvə, eyni zamanda, Yaxın Şərqdəki ABŞ aviabazalarında artıq yerləşdirilmiş 10–11 aviasiya eskadrilyası, o cümlədən hücum təyyarələri tərəfindən də dəstəklənəcək.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ