Onlayn ictimai-siyasi qəzet
İran XİN-dən Xəzərin hüquqi statusu haqqında Konvensiyanı tezliklə ratifikasiya edəcəyi haqda bu günlərdə verilən açıqlama nəhayət Xəzəryanı dövlətlər arasında dəniz, onun dibi və təbii ehtiyatlarından istifadə ilə bağlı çoxillik hüquqi boşluğun aradan qaldırılmasına imkan verə bilər. 1921 və 1940-cı illərdə imzalanmış sovet-İran müqavilələri ilə 2018-ci ildə qəbul edilmiş Konvensiya arasında əsas fərq məhz hüquqi əhatə dairəsidir. Sovet dövründə Xəzərin istifadəsi ilə bağlı məsələlər əsasən Moskva ilə Tehran arasındakı ikitərəfli razılaşmalarla tənzimlənirdi. Sonrakı dövrdə isə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın iştirak etdiyi tamamilə yeni geosiyasi və iqtisadi reallıq formalaşıb.
İ
ranın Konvensiyanı ratifikasiya məsələsində indiyədək tərəddüd etməsinin əsas səbəblərindən biri Xəzərin bölüşdürülməsi ilə bağlı Tehranda mövcud olan narazılıqlardır. İranda Konvensiyaya qarşı çıxan qüvvələrin əsas arqumentlərindən biri sovet dövründə Xəzərin guya SSRİ ilə İran arasında 50/50 prinsipi ilə bölünməsi barədə təsəvvürdür. Lakin bu yanaşma tarixi reallığa uyğun deyil. Çünki sovet xəritələrinə baxdıqda SSRİ-nin Xəzərin təxminən 85 faizinə nəzarət etdiyi görünür. Buna görə də sovet-İran razılaşmalarının Xəzərin yarıbayarı bölünməsini nəzərdə tutması mümkün olmayıb. Bununla belə, İran üçün yeni delimitasiya modeli müəyyən mənada əlverişsizdir. Xüsusilə Xəzərin dibinin orta xətt prinsipi əsasında bölünməsi Tehranın sovet dövründə malik olduğu nisbətən sərbəst iqtisadi fəaliyyət imkanlarını məhdudlaşdırır.
Digər tərəfdən, Konvensiya İranın mühüm təhlükəsizlik maraqlarından birini təmin edir: Xəzərdə Xəzəryanı olmayan dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsi qadağan edilir. Bu müddəa Tehran üçün prinsipial əhəmiyyət daşıyır. İran Konvensiyanın qəbulundan imtina etməklə real üstünlük əldə etmir. Əksinə, ratifikasiya Tehrana yeni regional reallıqlar çərçivəsində öz maraqlarını müdafiə etmək üçün hüquqi platforma qazandıra bilər.Bu mənada İranın qarşısında seçim daha çox köhnə hüquqi reallığa qayıtmaqla yeni regional sistemə qoşulmaq arasındadır. Konvensiyanın ratifikasiyası gec-tez baş verməlidir. Çünki İran üçün bu sənəd yalnız hüquqi öhdəlik deyil, həm də Xəzərin gələcək iqtisadi və təhlükəsizlik arxitekturasında öz mövqeyini qorumaq üçün mexanizmdir. Beləliklə, İranın Konvensiyanı ratifikasiya edib-etməməsi artıq yalnız texniki hüquqi məsələ deyil. Bu qərar Tehranın Xəzərin yeni regional düzənində özünü necə mövqeləndirəcəyinin göstəricisinə çevrilə bilər.
Azərbaycan üçün isə əsas nəticə ondan ibarətdir ki, Xəzərin hüquqi statusu ilə bağlı çoxillik qeyri-müəyyənliyin aradan qalxması Bakı ilə digər Xəzəryanı dövlətlər arasında enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirir.
Milli Məclisin üzvü Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, İranın Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasını ratifikasiya etməsi, sənədin praktiki icrasını sürətləndirə və Xəzəryanı dövlətlər arasında uzun illər davam edən hüquqi qeyri-müəyyənliyi əhəmiyyətli dərəcədə azalda bilər. Bu addımın həm təhlükəsizlik, həm də iqtisadi və enerji əməkdaşlığı baxımından mühüm nəticələri gözlənilir:“Konvensiya Xəzərin hüquqi statusunu müəyyən edən əsas beynəlxalq sənəddir. İranın ratifikasiyası ilə sənədin bütün beş Xəzəryanı dövlət tərəfindən tam hüquqi dəstəklənməsi təmin olunacaq. Bu isə gələcəkdə sərhəd, gəmiçilik, balıqçılıq, ekoloji mühafizə və dənizdən istifadə ilə bağlı qərarların daha aydın hüquqi baza üzərində qəbul edilməsinə imkan yaradacaq.
Azərbaycan uzun illərdir Xəzərdə neft və qaz yataqlarını beynəlxalq şirkətlərlə birlikdə istismar edir. Hüquqi statusun tam təsdiqlənməsi mövcud enerji layihələrinin hüquqi təhlükəsizliyini gücləndirəcək, yeni investisiyalar üçün riskləri azaldacaq”.
Deputat qeyd edib ki, Xəzər Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas hissəsidir. Hüquqi qeyri-müəyyənliyin aradan qalxması limanlar arasında yükdaşımaların inkişafına, gəmiçilik qaydalarının daha sabit tətbiqinə, Bakı limanının regional logistika mərkəzi kimi rolunun güclənməsinə şərait yarada bilər.A.Əlizadə deyib ki, Konvensiyanın əsas prinsiplərindən biri Xəzərdə yalnız sahilyanı dövlətlərin hərbi iştirakının mümkün olmasıdır. Bu prinsip regiondan kənar hərbi qüvvələrin yerləşdirilməsi ehtimalını məhdudlaşdırır:“Konvensiya, sahilyanı ölkələr arasında dəniz təhlükəsizliyi, sərhəd nəzarəti və terrorizm, qaçaqmalçılıq, qanunsuz balıqçılıqla mübarizə sahəsində əməkdaşlığı gücləndirəcək sənəddir.Konvensiya bütün sektor bölgüsü məsələlərini tam həll etmir. Xüsusilə dənizin dibinin delimitasiyası bəzi hallarda dövlətlər arasında ikitərəfli razılaşmalar tələb edir. İranın ratifikasiyası bu danışıqlar üçün daha əlverişli hüquqi və siyasi mühit yarada bilər”.
Deputat hesab edir ki, İran Konvensiyanı yenə ratifikasiya etməsə sadalanan istiqamətlərdə indiyə qədər mövcud olan vəziyyət davam edəcək.
Etibar Seyidağa,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ