Onlayn ictimai-siyasi qəzet
İran Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması məqsədilə yeni silah sistemlərinin hazırlanmasını davam etdirir.
Musavat.com xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi açıqlayıb.
Onun sözlərinə görə, İranın silahlı qüvvələri mümkün təhdidlərə qarşı hazırlıq səviyyəsini yüksəltmək istiqamətində fəaliyyətini davam etdirir.
“Xalqı və ölkəni qorumaq üçün silahlı qüvvələrimizin döyüş hazırlığını artırırıq”, – deyə Mohebi bildirib.
Bu açıqlamanın İranın nüvə proqramı ətrafında gərginliyin və Tehranla Qərb arasında qarşıdurmanın davam etdiyi bir vaxtda səslənməsi xüsusi diqqət çəkir. SEPAH sözçüsünün yeni silahların hazırlanmasının davam etdirildiyini və İran Silahlı Qüvvələrinin döyüş hazırlığının artırıldığını bəyan etməsi Tehranın təhlükəsizlik siyasətində hərbi komponentin önə çıxdığını göstərir. Xüsusilə İranın bir tərəfdən ABŞ-la mümkün diplomatik təmasların yollarını açıq saxlaması, digər tərəfdən isə hərbi imkanlarını gücləndirdiyini nümayiş etdirməsi regiondakı vəziyyətlə bağlı yeni suallar yaradır.
Tehran bununla hansı mesajı verir? İran yeni mümkün qarşıdurmaya hazırlaşır?
Politoloq Afsəddin Nəbiyev Musavat.com-da diqqətə çatdırdı ki, İranın hərbi bəyanatları və yeni silah nümayişi təkcə döyüş hazırlığı deyil, diplomatiya masasında əlini gücləndirmək məqsədi daşıyır:

“Tehran hazırda iki paralel xətt üzrə hərəkət edir. Bir tərəfdən SEPAH çəkindirici gücünü və müharibə riskini nümayiş etdirir, digər tərəfdən isə ABŞ-la vasitəçilər üzərindən diplomatik kanalları açıq saxlayır. Buradakı əsas mesaj zəiflikdən deyil, güclü mövqedən danışmaq niyyətini göstərməkdir. Genişmiqyaslı qarşıdurmanın iqtisadi və təhlükəsizlik xərclərini nəzərə alan İran müharibə riskindən təzyiq aləti kimi istifadə edir. Bəyanatlar həm daxili auditoriyaya, həm də Vaşinqton və Təl-Əvivə ünvanlanıb. Bu saatda əsas risk tərəflərdən birinin bu çəkindirmə addımlarını real hücum kimi qiymətləndirib preventiv zərbə endirməsidir ki, bu da arzuolunmaz eskalasiyaya gətirib çıxara bilər. Prosesin gedişatını üç amil müəyyən edəcək. Nüvə proqramı üzrə kompromis, atəşkəsin davamlılığı və hərbi eskalasiya sərhədinin keçilməməsi. İndiki mərhələ nə mütləq müharibə, nə də tam sülhdür. Bu, hərbi güc nümayişi ilə diplomatiyanın paralel yürüdüldüyü mürəkkəb bir strategiyadır”.
Cavanşir Abbaslı,
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ