Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin İranda rejim dəyişikliyini hədəflədiyi açıq şəkildə görünür. Uzun illərdir tətbiq edilən sanksiyalar təkcə İranın iqtisadi potensialını zəiflətməyə deyil, eyni zamanda sosial-iqtisadi böhran fonunda əhalinin rejimə qarşı narazılığını dərinləşdirməyə hesablanmış strateji planın tərkib hissəsidir. Bu strategiyanın ilk mərhələsində İranın regional proksi qüvvələrinə ardıcıl zərbələr endirildi. İran Suriyada faktiki olaraq məğlub oldu, Livanda “Hizbullah” ciddi şəkildə zəiflədilir, HƏMAS əvvəlki təsir imkanlarını itirib. Nəticədə Tehran öz daxili problemlərinə fokuslanmağa məcbur qalıb və rejim faktiki olaraq “ölüm və ya qalım” dilemması ilə üz-üzədir.

Siyasi ekspert Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Tehran rejiminin mövcud sosial-iqtisadi böhrandan çıxış üçün real resepti yoxdur:
“Prezident Məsud Pezeşkianın etirazların dinc və dialoq yolu ilə yatırılmasıyla bağlı mövqeyi həlledici olmadı. Ali dini rəhbər Əli Xamneyinin müraciətindən sonra etiraz aksiyalarına qarşı güc tətbiq olundu. Tehran və digər bölgələrdə baş verən hadisələr yüzlərlə insanın həyatını itirməsi ilə nəticələndi. Bu isə etirazların səngiməsinə səbəb olmadı, əksinə, uzunmüddətli və daha dərin proseslərin əsasını qoyur.
Etirazçıların bir qismi arasında xarici kəşfiyyat orqanları ilə əlaqədə olan qrupların mövcudluğu istisna edilmir. Bu qruplar dinc etirazların silahlı mərhələyə keçməsində və mümkün vətəndaş qarşıdurmasının qızışdırılmasında katalizator rolunu oynaya bilər.
Eyni zamanda ABŞ hərbi kontingentinin Avropaya daşınması və İran ətrafında hərbi qüvvələrin yerləşdirilməsi Vaşinqtonun növbəti mərhələyə hazırlaşdığını göstərir. İrana qarşı “nöqtə əməliyyatları” istisna edilmir. Bu mərhələdə əsas hədəf siyasi və hərbi rəhbərliyin sıradan çıxarılmasıdır. ABŞ yeni dünya siyasi nizamında İran və Rusiyanı zəiflətməyi, növbəti mərhələdə isə Çini balanslaşdırmağı hədəfləyir. Beynəlxalq siyasi düzəni ABŞ özü formalaşdırır və İran artıq eniş mərhələsinə qədəm qoyub.
Bu proseslər fonunda İranda Güney azərbaycanlılarla bağlı Türkiyə və Azərbaycanın koordinasiyalı şəkildə hərəkət etməsi son dərəcə vacibdir. Məsələyə səthi yanaşılarsa, İranda kürd faktoru ön plana çıxa bilər. Türkiyənin İraq və Suriyada türkmənlərə yetərli siyasi dəstək verməməsi nəticəsində kürd kartı ilə üz-üzə qalması bunun real nümunəsidir. Oxşar ssenari Güney Azərbaycan məsələsində də ortaya çıxa bilər”.
Cavanşir ABBASLI
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ