Onlayn ictimai-siyasi qəzet
Rusiya Pravoslav Kilsəsi Moskva Kremlində yeni aşkar edilmiş knyaz Dmitri Donskoyun qalıqlarının bir hissəsini Ukraynadakı döyüş zonasına aparmaq niyyətindədir.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Moskva Patriarxlığının Sinodal şöbəsinin sədr müavini Vaxtanq Kipşidze bu ideyanı “ağlabatan qərar” adlandırıb. Onun sözlərinə görə, rusiyalı hərbçilərə Dmitri Donskoyun müqəddəs sayılan qalıqlarına “mümkün qədər tez” sitayiş etmək imkanı yaradılmalıdır.
Kilsənin məlumatına görə, knyazın qalıqları iyul ayında Kremlin Arxangel kilsəsində aparılan bərpa işləri zamanı aşkarlanıb. Antropoloji tədqiqat onların Dmitri Donskoya aid olduğunu təsdiqləyib. Skeletin sol daban sümüyü istisna olmaqla, demək olar ki, tam şəkildə qorunduğu bildirilir. Qalıqların kiçik hissələrinin müxtəlif kilsələrə verilməsi də planlaşdırılır.
Dmitri Donskoy rus tarixinin ən məşhur orta əsr hökmdarlarından biridir. Moskva knyazı 1380-ci ildə Qızıl Orda sərkərdəsi Mamayın qüvvələrinə qarşı Kulikovo döyüşündə rus qoşunlarına rəhbərlik edib. Rus tarixşünaslığında bu döyüş uzun müddət monqol-tatar hakimiyyətindən qurtuluş yolunda dönüş nöqtələrindən biri kimi təqdim olunub. Məhz Kulikovo qələbəsindən sonra knyaz “Donskoy” adı ilə tarixə düşüb.
Rusiyada onun hərbi-siyasi obrazından müxtəlif dövrlərdə vətənpərvərlik və müharibə səfərbərliyi üçün istifadə edilib. İndi isə XIV əsrin knyazının dini və tarixi simvolikasının Ukraynadakı müharibəyə daşınması gündəmə gəlib.
Maraqlıdır ki, Rusiyada müharibə ilə dini müqəddəslərin əlaqələndirilməsinin məşhur tarixi nümunəsi də var. İllərdir yayılan rəvayətə görə, 1941-ci ilin ən ağır günlərində, Hitler qoşunları Moskvaya yaxınlaşarkən Stalin şəhərin möcüzəvi ikona ilə havadan dövrə vurulmasına göstəriş verib. Hekayənin müxtəlif versiyalarında söhbət Tixvin və ya Kazan Tanrı Anası ikonasından gedir və guya müqəddəs obraz təyyarəyə mindirilərək Moskvanın ətrafında dolaşdırılıb. tarixi mənbələr əsasında apardığı geniş araşdırma bu hadisəni təsdiqləyən heç bir sənədin olmadığını göstərib.
Bəlkə də, 1941-ci ildə Moskvanın müdafiəsinə ikonanın “göndərilməsi” böyük ehtimalla sonradan yaranmış əfsanə olub. 2026-cı ildə isə Rusiya Pravoslav Kilsəsi artıq əfsanə yaratmağa ehtiyac duymur: XIV əsrdə Mamayın ordusu ilə döyüşən Dmitri Donskoyun qalıqlarını XXI əsrin müharibəsində əsgərlərin köməyinə göndərmək ideyası açıq şəkildə müzakirə olunur. Görünür, müasir Rusiyada cəbhəyə səfərbərliyin yaş həddi artıq XIV əsrə qədər uzanıb.
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ