Onlayn ictimai-siyasi qəzet
Monakoda ukraynalı milyonçu Vadim Yermolayevə qarşı bombalı sui-qəsdlə bağlı yeni və diqqətçəkən detallar üzə çıxıb. CNN-in apardığı araşdırma hücumda şübhəli bilinən və bir neçə gün sonra Ukraynada öldürülən Anastasiya Berezovskanın arxasında daha böyük bir şəbəkənin ola biləcəyi barədə sualları artırıb.
Musavat.com xəbər verir ki, CNN müxtəlif ölkələrdə istintaq materiallarını, şahid ifadələrini və qətldə ittiham olunan şəxslərdən birinin məhkəmədə söylədiklərini araşdırıb.
Xəbər verdiyimiz kimi, iyunun 29-da Yermolayevin Monakodakı evinin girişində bomba partladılıb, milyonçu və ailə üzvləri yaralanıb. İstintaq hücumu həyata keçirən şəxsin Almaniyada yaşayan 39 yaşlı ukraynalı Anastasiya Berezovska olduğunu müəyyənləşdirib. Qadın hücumdan sonra Avropanı keçərək Ukraynaya qaçmağa nail olmuş, lakin az sonra öldürülərək meşədə basdırılmışdı.
CNN-in araşdırmasının ən mühüm yeni məqamlarından biri Berezovskanın Ukraynaya qayıtdıqdan sonra əlaqə saxladığı şəxslərin kimliyidir. İstintaqa görə, iyulun 3-də Berezovskanı qara BMW-də Vladislav Reut və Vitali Jıkoviç qarşılayıblar. Prokurorluğun məlumatına əsasən, hər iki şəxs Monako hücumundan əvvəlki aylarda qadınla əlaqədə olub. Berezovskaya bank köçürmələri və kriptovalyuta ilə pul göndərildiyi də müəyyənləşdirilib. Jıkoviçin vəkilinin CNN-ə bildirdiyinə görə, söhbət ümumilikdə 6–7 min avrodan gedir.
Ən diqqətçəkən fakt isə Vladislav Reutun həmin vaxt Ukrayna Hərbi Kəşfiyyatının – GUR-un fəaliyyətdə olan əməkdaşı olmasıdır. Reut Berezovskanın qətlində iştirak etdiyini etiraf edib, lakin bunu rəhbərliyinin xəbəri olmadan etdiyini bildirib.
Ukrayna hərbi kəşfiyyatı da sui-qəsd və qətllə hər hansı institusional əlaqəsini rədd edib və iki şübhəlinin saxlanılmasında hüquq-mühafizə orqanlarına yardım göstərdiyini açıqlayıb.
Digər şübhəli Vitali Jıkoviç də təhlükəsizlik strukturlarına yad şəxs olmayıb. CNN-in əldə etdiyi məlumatlara görə, o, əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb və Ukrayna Təhlükəsizlik Xidmətində könüllü əməkdaş kimi fəaliyyət göstərib.
İstintaq zamanı Jıkoviçin evinin zirzəmisində aşkar edilən otaq da diqqət çəkib. Orada döşəməyə sərilmiş böyük plastik örtük, bir neçə balta və başlıq olduğu bildirilir. İstintaq materiallarında otağın “işgəncə kamerasına bənzədiyi” qeyd edilsə də, Jıkoviçin vəkili bunu “tamamilə cəfəngiyat” adlandıraraq zirzəminin hava hücumları zamanı sığınacaq kimi istifadə edildiyini deyib.
İşin başqa mühüm detalı Berezovskaya Monakodakı partlayışı lentə almaq tapşırığının verilməsi ehtimalıdır. Ukrayna prokurorluğunun məlumatına görə, qadın küçədə gizli kamera yerləşdirib və bombanın partlamasını çəkib. İstintaq hesab edir ki, video “sifarişin yerinə yetirildiyini sübut etmək” məqsədilə hazırlanıb.
Bu detal Berezovskanın hücumu təkbaşına planlaşdırması versiyasını daha da şübhəli edir. CNN-in istinad etdiyi Ukrayna istintaqına yaxın mənbələr də Berezovskanı əməliyyatın təşkilatçısı deyil, pul müqabilində istifadə edilmiş aşağı səviyyəli icraçı hesab edirlər. Lakin hücumun son sifarişçisinin kim olduğu barədə onlar hər hansı şəxs və ya qurumun adını çəkməyiblər.
Berezovskanın Ukraynaya qayıtdıqdan sonra öldürülməsi isə işi daha da müəmmalı edib. Məhkəmə materiallarına görə, qadın Reut və Jıkoviçlə görüşdükdən sonra Kiyev yaxınlığındakı meşəlik əraziyə aparılıb və başından bir neçə dəfə güllələnib. Reut əvvəlcə Berezovskanı Jıkoviçin göstərişi ilə öldürdüyünü etiraf edib. Daha sonra ifadəsini dəyişərək atəşi məhz Jıkoviçin açdığını bildirib. Jıkoviçin vəkili isə bunun əksini iddia edir və qətlin təşkilatçısı ilə icraçısının Reut olduğunu deyir.
Beləliklə, CNN-in araşdırmasından sonra Monako sui-qəsdində əsas sual artıq hücumçunun kimliyi deyil. İndi əsas müəmmalar Berezovskaya bombalı hücumu kimin sifariş etməsi, ona pul ödəyən və yardım göstərən şəbəkənin kimə işləməsi və ən əsası, qadının Ukraynaya qayıtdıqdan dərhal sonra niyə aradan götürülməsidir.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ