İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlində Rusiya kəşfiyyatına məxsus SİLAH ANBARI TAPILDI

Almaniyanın hüquq-mühafizə orqanları ötən ilin sonunda Berlin yaxınlığında silah anbarı aşkarlayıb.

Musavat.com "Spiegel"ə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik orqanlarının əlində bu gizli anbarın Rusiya kəşfiyyatının sifarişi ilə yaradıldığına dair sübutlar var.

"Sueddeutsche Zeitung"un məlumatına görə, silah anbarı Berlinlə Brandenburq torpağı arasındakı sərhədə yaxın meşəlik ərazidə aşkarlanıb. Hüquq-mühafizə orqanları anbarın yeri barədə daxil olan məlumat əsasında axtarış aparıb və gizli anbarı müəyyən ediblər. Torpağın altında yerləşən anbarda tapançalar gizlədilib.

Almaniya hakimiyyəti aşkarlanan silah anbarı barədə ictimaiyyətə məlumat verməyib. "Spiegel"in yazdığına görə, araşdırmanı Almaniyanın dövlət təhlükəsizliyi və əks-kəşfiyyat orqanları həyata keçirib. Anbarda tapılan silahlar sıradan çıxarılıb və yenidən əvvəlki yerinə qoyulub. Bundan sonra hüquq-mühafizə orqanları bir neçə ay ərzində anbarı müşahidə altında saxlayıb. Lakin həmin müddət ərzində silahları götürmək üçün heç kim gəlməyib.

İstintaqla Karlsruedəki Baş Prokurorluq məşğul olur. Nəşr qeyd edir ki, Berlinə xeyli uzaqda yerləşən bu şəhərin hüquq-mühafizə orqanlarının araşdırmaya niyə rəhbərlik etdiyi məlum deyil.

Jurnalistlərin məlumatına görə, araşdırma “dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktının hazırlanması” şübhəsi üzrə aparılır. İş üzrə şübhəli şəxs artıq Rumıniyada həbs edilib.

"Spiegel"in yazdığına görə, müstəntiqlər aşkarlanan gizli silah anbarı ilə Rusiyanın Ukraynaya təchizat yollarına qarşı həyata keçirdiyi diversiya kampaniyası arasında əlaqənin olub-olmadığını araşdırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR