Onlayn ictimai-siyasi qəzet
ABŞ eyni vaxtda həm hərbi-strateji resurslarının azalması, həm də süni intellekt və yüksək texnologiyalar sahəsində qlobal rəqabətin kəskinləşməsi ilə üz-üzə qalıb. Bu iki proses bir-birindən fərqli görünsə də, əslində, Ağ Evin Rusiya və Çinlə qarşıdurmada üzləşdiyi daha böyük strateji problemin iki ayrı istiqamətini göstərir: ABŞ öz resurslarını bölüşdürməli, müttəfiqlərini isə getdikcə daha sərt metodlar ilə öz tərəfinə çəkməli olur.
“The New York Times”ın yazdığına görə, ABŞ-ın İranla müharibəsi ölkənin müəyyən silah ehtiyatlarının ciddi şəkildə azalmasına səbəb olub. Yüksək rütbəli amerikalı rəsmilərin bildirdiyinə əsasən, Ağ Ev həm silah ehtiyatlarını bərpa etməlidir. Həm də Avropa və Asiyaya əvvəlcədən nəzərdə tutulan bəzi hərbi tədarükləri yenidən istiqamətləndirmək məcburiyyətində qalıb.
Onu da qeyd etmək lazımdır ki, bu vəziyyət ABŞ üçün sadəcə, logistika problemi deyil. Yəni, problem daha çox potensial olaraq, eyni vaxtda bir neçə strateji istiqamətdə hərbi qarşıdurmaya hazır olmaq imkanları ilə bağlıdır. ABŞ-ın silah ehtiyatlarının azalması xüsusilə də, Rusiya və Çin kimi böyük hərbi potensiala malik dövlətlər üçün önəmli situasiya hesab oluna bilər. Çünki əgər, Rusiya və Çin ABŞ-ın uzunmüddətli müharibəni eyni intensivliklə davam etdirmək imkanlarının məhdudlaşdığını düşünərsə, bu, onların hərbi-strateji risk iştahasını artıra bilər.
Ancaq burada əsas məsələ yalnız raketlərin və digər silah sistemlərinin sayının azalması deyil. Müasir müharibədə sənaye istehsalının sürəti, sursat ehtiyatlarının bərpası, logistika imkanları və müdafiə sənayesinin uzunmüddətli münaqişəyə uyğunlaşdırılması həlledici əhəmiyyət daşıyır. ABŞ-ın bir neçə istiqamətdə eyni vaxtda hərbi-strateji resurslarını səfərbər etmək zərurəti Ağ Evin qarşısında məhz bu problemi daha da aktuallaşdırır.
Bütün bunlara paralel olaraq, ABŞ-Çin rəqabətinin daha bir önəmli istiqamətlərindən biri olan süni intellekt və strateji texnologiyalar uğrunda mübarizə sürətlə sərtləşir. “Reuters”in məlumatına görə, Ağ Ev təxminən 35 ölkəni süni intellekt sahəsində ABŞ və Çin arasında seçim etməyə məcbur edə biləcək yeni siyasətə start verir. Belə ki, ABŞ-ın “AI Opportunity Statement” proqramına qoşulan ölkələr paralel şəkildə Çinin təşəbbüsündə iştirak edəcəkləri təqdirdə, Ağ Evlə koalisiyadakı mövqelərini itirmək təhlükəsi ilə üzləşə bilərlər.
Məsələ ondadır ki, ABŞ Dövlət Departamentinin hazırladığı yeni layihədə bununla bağlı olduqca sərt mesajların verildiyi bildirilir: “Hər şeyin bir hissəsi olmaq, heç nəyin bir hissəsi olmamaq deməkdir”. Bu yanaşma tərzi Ağ Evin yeni strategiyasının mahiyyətini açıq şəkildə göstərir. Ağ Ev artıq tərəfdaş ölkələrin həm ABŞ, həm də Çin texnoloji platformalarında paralel iştirak etməsini qəbul etmək istəmir.
Belə anlaşılır ki, süni intellekt sahəsində əməkdaşlıq tədricən texnoloji seçimdən daha geniş geopolitik seçimə çevrilir. Belə ki, Ağ Evin “Pax Silica” təşəbbüsü süni intellekt modelləri, yarımkeçiricilər və kritik əhəmiyyətli mineralların tədarük zəncirlərinə nəzarəti gücləndirməyə yönəlib. Rəsmi Pekinin yaratdığı “World AI Cooperation Organization” isə bu sahədə Çinin alternativ platforma formalaşdırmaq cəhdi hesab olunur.
Göründüyü kimi, ABŞ və Çin arasında rəqabət artıq yalnız çip istehsalı və süni intellekt modellərinin inkişafı ilə məhdudlaşmır. Mövcud mübarizənin mərkəzində eyni zamanda bu texnologiyaların işləməsi üçün lazım olan xammal, enerji, istehsal infrastrukturu, məlumat və tədarük zəncirləri də dayanır. Və bu baxımdan, Qazaxıstanın vəziyyəti ABŞ üçün xüsusilə böyük əhəmiyyət daşıyır.
Məsələ ondadır ki, son məlumatlara görə, Qazaxıstan hazırda hər iki tərəfin təşəbbüsünə qoşulan yeganə ölkədir. Qazaxıstanın ABŞ və Çin arasında balans siyasəti yürütməsi isə qətiyyən təsadüfi deyil. Belə ki, Qazaxıstanın böyük həcmdə önəmli mineral ehtiyatlarına malik olması onun həm texnologiya, həm də geopolitik baxımından, əhəmiyyətini daha da artırır. Və Qazaxıstan örnəyi əslində, qarşıdakı dövrün daha böyük mənzərəsini təxminən ortaya qoyur.
Yəni, ABŞ və Çin arasında rəqabət dərinləşdikcə, Mərkəzi Asiya, Yaxın Şərq və resurslarla zəngin digər regionlarda yerləşən dövlətlər də daha sərt təzyiqlər ilə üzləşə bilərlər. Üstəlik, yaxın gələcəkdə bu ölkələrdən yalnız iqtisadi əməkdaşlıq deyil, eyni zamanda strateji loyallığın tələb olunma ehtimalı da artır. Və bu baxımdan, süni intellektə maraq göstərən bir çox ölkənin ABŞ-ın təzyiq hədəfinə düşə biləcəyi artıq indidən qətiyyən şübhə doğurmur.
Beləliklə, ABŞ hazırda iki paralel problemlə mübarizə aparmağa məcbur qalıb. Yəni, bir tərəfdən, genişmiqyaslı hərbi əməliyyatlar ABŞ-ın strateji silah ehtiyatların azaldıb. Bu, Avropa və Asiyaya yönələn hərbi resursların yenidən bölüşdürülməsini tələb edir. Digər tərəfdən isə Çin süni intellekt, yarımkeçiricilər və önəmli xammal sahələrində ABŞ-a alternativ qlobal sistem qurmağa çalışır.
Bu baxımdan, indi ən təhlükəli məqam isə bu iki önəmli prosesin bir-birini gücləndirə bilməsi ilə bağlıdır. Çünki ABŞ hərbi resurslarını bir neçə cəbhə arasında bölməli olduqca, Çin və Rusiya Ağ Evin strateji imkanlarının məhdudlaşdığını düşünə bilər. Eyni zamanda, texnologiya və önəmli xammal uğrunda mübarizənin sərtləşməsi isə ABŞ-ın dolayısı ilə "xəyanət"də suçladığı müttəfiqlərindən daha aydın geopolitik seçim tələb etməsinə gətirib, çıxarır.
Bütün bunlar isə dünyanın yeni bloklaşma mərhələsinə daxil olduğunu göstərən əsas əlamətlər hesab edilir. Belə ki, "soyuq müharibə" dövründə əsas qütbləşmələr daha çox hərbi-siyasi ittifaqlar üzərindən aparılırdı. İndi isə yeni qarşıdurma mühitində silah arsenalı ilə yanaşı, süni intellekt, çiplər, önəmli minerallar və tədarük zəncirləri də strateji silaha çevrilməyə başlayıb.
Göründüyü kimi, indi daha vacib məsələ Ağ Evin eyni vaxtda Rusiya və Çinlə rəqabət aparmaq, müttəfiqlərini öz ətrafında saxlamaq və önəmli texnoloji resurslara nəzarəti qorumaq imkanlarının nə qədər effektiv olması ilə bağlıdır. Əgər, Ağ Evin rəqibləri ABŞ-ın hərbi və iqtisadi resurslarının həddindən artıq bölündüyü qənaətinə gəlsələr, bu, onların daha cəsarətli addımlar atmasına səbəb ola bilər. ABŞ isə texnologiya və önəmli xammal sahəsində tərəfdaşlarını Çinlə əməkdaşlıqdan çəkindirməyə nail olarsa, Ağ Ev özünün yeni hərbi-strateji blokunu formalaşdırmaq imkanları qazanmış olar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ