Onlayn ictimai-siyasi qəzet
İran diplomatiyasında gərginlik və ehtiyat mesajları sürətlə artır. Ölkənin xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançin son açıqlamaları göstərir ki, Tehran mümkün qədər tez razılığa gəlməyə hazırdır və bunun üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.
Nazir müavininin bu sözləri həm xəbərdarlıq, həm də diplomatik çağırış xarakteri daşıyır: “Müharibəyə başlamaq mümkündür, amma onu bitirmək asan deyil".
İranın mövqeyinə görə, regionda hər hansı hərbi qarşıdurma yalnız bir tərəfə deyil, bütün qonşu ölkələrə mənfi təsir göstərəcək. Bu mesaj həm qonşulara, həm də beynəlxalq ictimaiyyətə aydın xəbərdarlıqdır ki, hərbi gərginlik yalnız qısa müddətli strategiya ola bilər, uzunmüddətli sülh isə ciddi diplomatik vasitələrlə təmin edilməlidir.
Bu kontekstdə sual açıq qalır: İran hansı şərtlərlə razılığa gəlməyə hazırdır və bölgədə sabitliyin qorunması üçün hansı mexanizmlər işə salına bilər?
"ABŞ-nin İrana qarşı mümkün hücumu proqnozlaşdırılması çətin olan proseslərə yol aça bilər. Ona görə də ABŞ və İran mümkün qədər müharibədən yayınmağın yollarını axtarır".
Bunu Musavat.com-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O, əlavə edib ki, ABŞ hökuməti üzərində İsrail lobbisinin ciddi təzyiqi var: "İsrail hökuməti bütün gücü ilə ABŞ-İran müharibəsinin başlanması üçün səy göstərir. Noyabrda ABŞ-də aralıq seçkiləri baş tutacaq. ABŞ-dəki yəhudi təşkilatlarının seçkiyə ciddi təsir imkanları var. Əgər onlar Trampa qarşı hərəkət etsələr Konqres seçkiləri ABŞ hökuməti üçün arzuolunmaz nəticə yarada bilər. Eyni zamanda İranın ABŞ-yə adekvat cavab vermə potensialı da Vaşinqtonu narahat edir. Əgər ABŞ ordusu bölgədə zərbə alarsa, bu da ABŞ ictimai rəyinin Trampa qarşı yönəlməsinə səbəb olacaq. Ona görə də çıxılmaz vəziyyətdə olan Tramp manevr edir və ortaq məxrəcə gəlməyə çalışır. Digər tərəfdən bu müharibənin dini-ideoloji tərəfi də var və bu çox ciddi məsələdir. ABŞ hökumətinin və srateqlərinin ən çox ehtiyat etdiyi məsələdən biri də budur. Yəni İranın hazırda iki çəkindirici gücü -ballistik raketlər və dini-ideoloji faktor ABŞ-ni narahat edir. Müharibənin baş verməsi nəinki bölgə, ümumiyyətlə dünya üçün ciddi fəsadlarla yadda qala bilər".
Cavanşir Abbaslı
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ