İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranı parçalamaq istəyirdilər” – SEPAH rəsmisi ABŞ-nin öz məqsədinə çatmadığını deyir

ABŞ-İran qarşıdurması fonunda Tehran Vaşinqtonun hərbi əməliyyatlarının əsas məqsədləri ilə bağlı yeni diqqətçəkən açıqlama yayıb. İranda hesab edirlər ki, ABŞ-nin İrana qarşı siyasətinin arxasında yalnız hərbi təzyiq və nüvə proqramı ilə bağlı məsələlər deyil, daha geniş geosiyasi hədəflər dayanıb.

Musavat.com xəbər verir ki, SEPAH komandanının müşaviri Məhəmməd Rza Naqdi RT-yə açıqlamasında ABŞ-ın İranda iki əsas məqsədinin olduğunu bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatların planı İran hökumətini devirmək və ölkəni parçalamaq olub. Naqdi iddia edib ki, hər iki məqsəd uğursuzluqla nəticələnib.

“Bütün dünya gördü ki, ABŞ və sionist rejimin İrana hücum etməklə nail olmaq istədikləri məqsədə heç bir şəkildə nail olmadı”,-deyə SEPAH rəsmisi vurğulayıb.

Siyasi şərhçi Azər Hüseynovun fikrincə, İranla Birləşmiş Ştatlar arasında davam edən, zaman-zaman forma və xarakterini dəyişən gərginliyin hər iki tərəf üçün öz arqumentləri, eləcə də, əsaslandırmaları var: "ABŞ-nin əsas arqumentlərindən biri İranın regionda təhlükə yaratması və onun regional siyasətinin sabitliyə mənfi təsir göstərməsidir. İranın irəli sürdüyü əsas arqument isə ABŞ-ın uzun müddətdir İranın suverenliyini və ərazi bütövlüyünü sarsıtmağa, hətta ölkədə mövcud siyasi sistemi dəyişdirməyə çalışmasıdır.

Düşünürəm ki, ABŞ ilkin mərhələdə daha çox İranın parçalanmasında deyil, rejim dəyişikliyində maraqlı olub. Yəni məqsəd İranın mövcud siyasi elitasının dəyişdirilməsi və dövlət idarəçiliyinin fərqli formada qurulması olub. Çünki İranın parçalanması, əslində, idarəolunmaz xaosun yaranmasına və regionda daha böyük təhlükəsizlik problemlərinin meydana çıxmasına gətirib çıxara bilərdi. İran tərəfi isə bu proseslərə, təbii olaraq, öz ərazi bütövlüyünə və dövlət suverenliyinə yönəlmiş təhdid kimi yanaşır. Bu məsələdə tərəflərdən birinin tamamilə haqlı, digərinin isə tamamilə haqsız olduğunu söyləmək də düzgün olmaz. Burada daha çox uzunmüddətli strateji qarşıdurma və zaman-zaman üstünlüyün bir tərəfdən digərinə keçməsi müşahidə olunur".

Siyasi şərhçi hesab edir ki, bu qarşıdurmada ABŞ qarşısına qoyduğu məqsədlərə tam şəkildə nail olmayıb: "İran dövləti həm ərazi bütövlüyü, həm də siyasi rejim baxımından hələ də mövcuddur və öz idarəçilik sistemini qoruyub saxlayır. Bununla yanaşı, İran da bu qarşıdurmadan ciddi itkilərlə çıxıb. Xüsusilə iqtisadiyyatına böyük zərbə dəyib, sanksiyalar və digər məhdudiyyətlər ölkənin xarici ticarətinə və ixrac imkanlarına ciddi təsir göstərib. Ona görə də mövcud vəziyyəti tərəflərdən birinin qəti qələbəsi və digərinin məğlubiyyəti kimi qiymətləndirmək doğru olmaz. Daha düzgün yanaşma budur ki, İran-ABŞ qarşıdurmasında üstünlüklərin zaman-zaman taktiki şəkildə bir tərəfdən digərinə keçdiyi uzunmüddətli bir mübarizə gedir".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR