İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranın bizə etdikləri qonşuluğa yaraşmır” – Professor son hücumlardan danışdı

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü müsahibi professor Qulu Məhərrəmlidir. Onunla söhbətimizin məzmunu İranın Azərbaycana qarşı informasiya müharibəsidir.

Müsahibəni təqdim edirik:

- Qulu müəllim, İran Kəşfiyyat Nazirliyi AzTV-ni “düşmən” elan edib. Son vaxtlar Tehrandan hibrid hücumların artması nədən qaynaqlanır?

- Əslində, İran Kəşfiyyat Nazirliyinin o siyahısının məntiqi əsası yoxdur. AzTV yeganə telekanallardan biridir ki, ABŞ-İran, Rusiya-Ukrayna müharibəsində tərəf tutmur, hər ikisinin xəbərlərini təqdim edir, balansı qoruyur. Ona görə bu siyahı məntiqsizdir. Ümumilikdə isə dövlət müstəqilliyimizə qovuşduqdan bəri İran Azərbaycana qarşı informasiya savaşı aparır, Xəzər üzərindən dalğalar ötürür, müxtəlif kəşfiyyat xarakterli addımlar atır. Mən AzTV-də işlədiyim dövrdə İranın “Səhər” kanalının bağlanması təşəbbüskarı olmuşam. Çünki bizə qarşı davamlı olaraq informasiya müharibəsi aparıblar. İndi də ideoloji və informativ təbliğat həm təəccüb doğurur, həm də təəssüf. Çünki Azərbaycan həmişə İranın vəziyyətini nəzərə alır. Yəni onun çoxtərəfli düşmənləri var, müharibə şəraitindədir... Ona görə belə vəziyyətdə qonşularla yaxşı münasibət saxlamaq əvəzinə, bu addımları atmaq sağlam yanaşma deyil..

- Yeri gəlmişkən, İranın “Channel One” TV kanalının aparıcısı Şəhram Humayun Azərbaycanı “cırtdan ölkə” adlandırıb. Sizcə, belə silsilə hücumların arxasında hansısa siyasi mərkəz dayanıb, yoxsa İran hökumətinin yanaşmasıdır?

- Əslində, İranı kimlərin idarə etdiyi bilinmir. Doğrudur, hazırda bütün hakimiyyət SEPAH-ın əlindədir. Amma hakimiyyətin müxtəlif qolları var. Ən əsası isə prezidentin səlahiyyətləri azdır, onun, xarici işlər nazirinin, parlament sədrinin çıxışları televiziyada qayçılanır, bir sözlə, SEPAH öz gücünü göstərməyə çalışır. Ona görə də İran militarist siyasətin qurbanıdır. Bu da yanlış addımlardır. Bəli, ABŞ və İsrail qarşısında müqavimət göstərir, ancaq əhalini güdaza verməyin əhəmiyyəti yoxdur. Ona görə İranda istər onlayn telekanalların aparıcıları, istər ənənəvi televiziyalarda çalışanlar olsun, onlar həmin qüvvələrin nəzarətindədir. Bəli, Azərbaycan İranla müqayisədə balaca ölkə ola bilər, amma məsələ yanaşmadır, apardığın siyasətin böyük olmasındadır. Bu gün isə SEPAH-ın apardığı yanlış siyasətə, səhvlərə görə çanaq xalqın başında çatlayacaq.

- Necə bilirsiniz, Azərbaycan İranla informasiya cəbhəsində baş verənlərə görə siyasətində nələrisə dəyişməlidirmi?

- Azərbaycan İranla münasibətlərdə ölçülü-biçili, təmkinli siyasət yürüdür. Əksinə, Azərbaycan elə İranın bu addımları ucbatından həssas davranıb. Çünki üzdə bir, əməldə başqa cür olublar. Vətən müharibəsində də bunun şahidi olduq. Eyni zamanda, İranda yaşayan azərbaycanlılara münasibəti qeyd edə bilərik. Məsələn, orada yaşayan bir ovuc erməniyə öz dilində təhsil almaq üstünlüya verilir, azərbaycanlılara yox. Bundan əlavə, TRİPP və digər regional layihələrlə bağlı mənfi mövqe sərgilənir. Təbii ki, bütün bunlar qonşuluğa yaraşmır. Bununla belə, Azərbaycan-İran humanitar koridoru açıqdır, ölkəmizin ərazisindən qonşu dövlətə qarşı hərbi əməliyyatların aparılmasına imkan verilmir. Təəssüf ki, İran bunu qiymətləndirmir. Düzdür, xidmətlərimizi qeyd edənlər də var, amma real siyasəti aparanlar dəyərləndirmirlər.

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR