İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın düşdüyü palçıq

“O zaman ki, bezikib şah qaçdı,
Mürtəcelər dəxi pünhan oldu;
Parlaman parladı əzası ilə,
Dedik, İran yenə İran oldu”

(Mirzə Ələkbər Sabir)


Müəllifi, yanılmıramsa, Rusiyanın 1990-cı illərdəki baş naziri Viktor Çernomırdın olan bir afyorizm var: “Rusiyada hansı partiyanı qurursan, qur, axırda Kommunist Partiyası alınır”. İndi İranda baş verənləri müşahidə edəndə ağlıma həmin fikir gəldi.

İqtisadi vəziyyətin ağırlaşmasına etiraz edən İran xalqı küçələrə çıxıb, toqquşmalar gedir. Ölənlərin olması xəbəri gəlir. Təbii ki, həm qonşu, həm qohumluğa görə oradakı proseslər bizi hamıdan çox narahat edir. Qədim tarixi, böyük faydalı qazıntı yataqları, kənd təsərrüfatı, turizm, nəqliyyat potensialı olan İranın xalqı indiki pis vəziyyətdə yaşamağa heç layiq deyil. İranı bu hala salan 45 illik mollakratiyadır. Dini siyasətə, iqtisadiyyata, insan hüquqlarına qatışdıranda axırı belə olur.

Ancaq axı təkcə dinin günahı saymaq da olmaz. 1979-cu il islam inqilabından qabaq İranda monarxiya, şah rejimi idi. Neft pulları ilə şişmiş sülalə rejimi SAVAK tipli repressiv alətlərlə xalqın qanını içirdi. “Beynəlxalq Amnistiya” təşkilatının 1977-ci il məlumatına görə İranda siyasi dustaqların sayı 100 min nəfərə çatmışdı. Minlərlə günahsız insan edam edilmişdi. Rejimin əleyhinə azacıq tənqidə də dözümsüz yanaşırdılar. Həbs və repressiya qurbanları arasında şairlər, yazıçılar, jurnalistlər, professorlar – uzun sözün qısası, İranın elitası, İran ziyalı və intellektualları əsas yeri tuturdu. O baxımdan, İran şahı Məhəmməd Rza Pəhləvinin yaratdığı aparatı bizə yaxşı tanış olan, Stalinin 1937-38-ci illərdə qurduğu NKVD repressiyaları ilə müqayisə etmək, onunla paralellər aparmaq mümkündür.

SAVAK-ı yada salmağım isə faydasız deyil. Çox acınacaqlı haldır ki, hazırda İrandakı etiraz aksiyalarında... şahın varisi Rza Pəhləvinin adı çəkilir, onun qayıtmasını arzu edirmişlər. Bir suyu eynilə bizim Qubad İbadoğluna bənzəyən Rza müəllim Qərbdə, səhv etmirəmsə, ABŞ-da yaşayır. Sözgəlişi, Rza Pəhləvini hardasa yarı bakılı saymaq olar, çünki onun ata tərəfdən nənəsi (son şah Məhəmməd Rzanın anası), Tacülmülük ləqəbli şah arvadı Nimtac Ayrımlı 1896-cı ildə Bakıda, ordu zabiti Teymur xan Ayrımlı-nın ailəsində doğulmuşdur.

Uzun sözün qısası, indi iranlı qardaşlarımız bir palçıqdan çıxıb, başqa palçığa girmək istəyirlər. Daha dəqiqi, köhnə palçığa. (Klassiklərimizin bu palçığa batmaq temasında yaxşı fikirləri var, bilənlər bilməyənlərə nəql eləsin, yazsam pis çıxar). Bu köhnə palçığı qurumağa qoymayan amillər isə çoxdur. Həm xarici dəstək, beynəlxalq vəziyyət, həm daxildə demokratik alternativlərin yetişə bilməməyi.
Məsələn, bəzi xəbərlərə görə İrandakı etirazlara soydaşlarımız aktiv qoşulmur. Niyə qoşulsunlar ki? Keçən əsrdə bir neçə dəfə üsyana, inqilaba qalxıb qan içində boğulublar. Heç kim onlara real dəstək verməyib. Həmişə aldadıblar, satıblar, arxadan vurublar. Tək sovet dövləti satmayıb, ABŞ, Britaniya, Fransa da satıb. Ta İrandakı başqa etnosları heç yazmıram.

Əgər ölkədə demokratik elementlər – siyasi partiyalar, QHT, azad media, mədəniyyət və sairə yoxdursa, orada sistem dəyişikliyi həmişə ağrılı olur, bəzən heç mümkün olmur. Ona görə də xalq etiraza çıxanda 45 illik din dövlətini yıxıb boynuna yenidən 54 illik şah rejiminin boyunduruğunu keçirmək istəyir.

Məqsəd nədir? Bir dövrə də vurub təzədən dini inqilab eləmək?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR