İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla maliyyə əməliyyatları aparmaq riskə çevrilir? – Professor AÇIQLADI

ABŞ İranla əməliyyat aparan xarici maliyyə qurumlarını əvvəlcədən xəbərdarlıq etmədən sanksiya siyahılarına əlavə edəcək.

Bu barədə xəbərdarlığı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

"Sanksiya tətbiq edilən İran maliyyə qurumları ilə əməliyyat aparmağa davam edən xarici maliyyə qurumları istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən sanksiyalara məruz qala bilər və onlar bu cür fəaliyyətləri və Tehranla əlaqələri dayandırmaq üçün dərhal tədbirlər görməlidirlər. Xarici maliyyə qurumları, İranla əlaqəli əməliyyatları ABŞ maliyyə qurumları və ya digər ABŞ şəxsləri tərəfindən sanksiyaların pozulmasına səbəb olarsa, mülki və cinayət məsuliyyətinə cəlb edilə bilərlər", - məlumatda deyilir.

Azərbaycan İranla qonşudur və iki ölkə arasında enerji, nəqliyyat, logistika, sərhəd ticarəti və digər iqtisadi əlaqələr mövcuddur. Bu da təbii ki, maliyyə əməliyyatlarının həyata keçirilməsini labüd edir.

ABŞ-nin İranla əməliyyat aparan xarici maliyyə qurumlarını xəbərdarlıq etmədən sanksiya siyahılarına əlavə etmək barədə qərarı Azərbaycan üçün də risklər meydana gətirə bilərmi?

FİKRET YENİ.jpeg (135 KB)

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, sanksiyalara görə Azərbaycanın İranla iqtisadi əlaqələrini tam dayandırması real görünmür. Əsas məsələ həmin əlaqələrin ABŞ sanksiya rejiminə düşməyəcək şəkildə qurulmasıdır:

"Burada banklar xüsusilə ehtiyatlı davranmağa məcbur ola bilərlər. Çünki ABŞ maliyyə sistemi ilə əlaqəsi olan bank üçün İran əməliyyatının gəlirindən daha böyük məsələ ABŞ maliyyə sisteminə çıxışı itirmək təhlükəsidir. Buna görə banklar bəzən hüquqi baxımdan mümkün olan əməliyyatları belə riskli hesab edib əlavə yoxlamaya və ya imtinaya yönəldə bilirlər. ABŞ-nin son addımı Azərbaycanı İranla iqtisadi əlaqələrdən imtina etməyə məcbur edən qərar deyil. Amma Azərbaycanın maliyyə institutlarını İranla işləyərkən daha seçici olmağa məcbur edə bilər".

Professor hesab edir ki, Azərbaycan üçün müəyyən risklər yarana bilər, amma bu, İranla hər hansı ticarət əməliyyatının avtomatik olaraq ABŞ sanksiyasına səbəb olacağı mənasına gəlmir:

"Əsas risk İranın sanksiyaya məruz qalmış bankları, maliyyə qurumları və sanksiyadan yayınma şəbəkələri ilə əlaqəli maliyyə əməliyyatlarında iştirak edən banklar və şirkətlər üçün meydana gələ bilər. Azərbaycan üçün ən böyük risk bank sektorunadır. Məsələn, Azərbaycan bankı İranın sanksiyalı bankı ilə birbaşa və ya dolayı maliyyə əməliyyatları aparırsa, xüsusilə dollar sistemi, ABŞ bankları və ya ABŞ maliyyə infrastrukturu iştirak edirsə, həmin bank üçün ciddi risk yarana bilər. Azərbaycan şirkətlərinin də risk altına düşə biləcəyinə gəlincə, şirkət ABŞ dolları ilə İranla ödəniş aparırsa, ABŞ və ya Qərb banklarından istifadə edirsə, sanksiyaya məruz qalmış İran bankıyla işləyirsə, İranın neft, enerji, hərbi, gəmiçilik və digər sanksiyalı sektorları ilə əlaqəlidirsə, İranın sanksiyalardan yayınmasına kömək edən vasitəçi şirkətlərdən istifadə edirsə, ABŞ-nin ikinci dərəcəli sanksiyalarının təsir dairəsinə düşə bilər".

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR