İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda yeni qarşıdurma mərhələsi: deputat mandatlarından imtina...

Müxalifətin parlamentə daxil olub-olmaması Ermənistanın siyasi gündəminin əsas mövzularından birinə çevrilib.

Musavat.com xəbər verir ki, Ermənistanın keçmiş ədliyyə naziri və parlamentin sabiq vitse-spikeri Arpine Ovannisyan yeni parlamentin müxalifətsiz formalaşdırılması ehtimalının hüquqi və siyasi nəticələrini şərh edib.

Ermənistanda parlament seçkilərindən sonra müxalifətin deputat mandatlarından imtina edib-etməməsi məsələsi geniş müzakirə olunur. Siyasi qüvvələr bu barədə hələ yekun qərar verməyib və nəticələrin bəzi seçki məntəqələrində yenidən sayılmasından sonra mövqelərini açıqlayacaqları gözlənilir.

Arpine Ovannisyan bildirib ki, mandatlardan imtina mürəkkəb hüquqi prosedurdur. Qanuna görə, seçki siyahısında yer alan hər bir namizəd mandatdan fərdi qaydada, yazılı ərizə ilə imtina etməlidir. Siyasi partiya və ya blok onların adından belə qərar verə bilməz.

Onun sözlərinə görə, müxalifət mandatlardan imtina edərsə, həmin yerlər hakim “Vətəndaş Müqaviləsi” Partiyasına verilməyəcək. Parlamentdə müxalifətə aid yerlər boş qalacaq, parlament isə seçkilərin nəticələrinə uyğun olaraq formalaşacaq.

Sabiq nazir qeyd edib ki, hər bir namizədin imtinasından sonra mandat növbəti namizədə təklif olunmalıdır və bu proses siyahının sonuna qədər davam edir. Proseduru sürətləndirmək üçün isə siyahının sonundakı namizədlərin əvvəlcədən öz namizədliklərini geri götürməsi məqsədəuyğun hesab olunur.

Ovannisyan vurğulayıb ki, müxalifət mandatlardan imtina etmək qərarı verərsə, bütün komanda üzvlərinin bu qərara sadiq qalacağına əmin olmalıdır. Əks halda, ayrı-ayrı şəxslərin hakimiyyətlə razılaşaraq mandatları qəbul etməsi bütün planı pozacaq.

Onun fikrincə, mandatlardan imtinanın əsas siyasi məqsədi parlamentin legitimliyini sual altına almaq və hökumətin gələcək qərarlarına qarşı siyasi etiraz formalaşdırmaqdır.

Arpine Ovannisyan bildirib ki, hazırkı hesablamalara əsasən, əgər “Çiçəklənən Ermənistan” Partiyası parlamentə düşməzsə, “Vətəndaş Müqaviləsi” Partiyası 64 mandat əldə edəcək. Bu isə yeni Konstitusiya layihəsinin qəbulu və ya onun referenduma çıxarılması üçün tələb olunan üçdəiki çoxluğun təmin edilməsi baxımından kifayət etmir.

O əlavə edib ki, hakim partiya üçdəiki çoxluğa malik olmadığı halda nə Konstitusiya dəyişikliklərini qəbul edə, nə də referendumun keçirilməsi barədə qərar verə bilər. Həmçinin zərurət yaranacağı halda Ermənistan prezidentinin vəzifədən kənarlaşdırılması üçün də kifayət qədər səsə sahib olmayacaq.

Digər mümkün variant – mandatların qəbul edilərək parlament fəaliyyətində iştirak edilməsi məsələsinə toxunan Ovannisyan bildirib ki, bu yanaşmanın tərəfdarları hakim partiyadan deputatların ayrılmasına və hakimiyyət dəyişikliyi prosesinin başlanmasına ümid edirlər. Lakin o, son beş ilin təcrübəsinin belə ssenarinin real olmadığını göstərdiyini deyib.

Sabiq nazir qeyd edib ki, son illərdə baş vermiş ən ağır hadisələr, o cümlədən Qarabağ ermənilərinin köçü fonunda belə hakim partiyadan deputatların ayrılması baş verməyib. Buna görə də parlamentə daxil olmağın siyasi nəticələri barədə əlavə izahatlara ehtiyac olduğunu vurğulayıb.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR