Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Ordusu (SAXAL) İranın dərinliklərinə doğru yeni və genişmiqyaslı hücum dalğasına başladığını rəsmən elan edib.
Musavat.com xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, İsrail hərbi hava qüvvələri paytaxt Tehranla yanaşı, ölkənin strateji şəhərləri olan Şiraz və Təbrizi də eyni vaxtda bombardman edir. "Aslan nərəsi" (Roaring Lion) əməliyyatı çərçivəsində həyata keçirilən bu zərbələr rejimin hərbi infrastrukturunu tamamilə iflic etmək məqsədi daşıyır. Məlumata görə, Tehranda Mehrabad hava limanı və SEPAH-ın qərargahları, Şirazda elektronika sənayesi kompleksləri, Təbrizdə isə kəşfiyyat idarələrinin binaları hədəfə alınıb. Şahidlərin sözlərinə görə, şəhərlərdə güclü partlayış səsləri eşidilir və hava hücumundan müdafiə sistemləri intensiv işləyir.
Hərbi ekspertlər bu hücumu müharibənin başladığı 16 gün ərzində ən genişmiqyaslı əməliyyatlardan biri hesab edirlər. SAXAL-ın sözçüsü briqada generalı Effi Defrin bildirib ki, hələ vurulmalı olan minlərlə hədəf var və əməliyyatların ən azı daha üç həftə davam etməsi planlaşdırılır. Tehran valiliyi əhalini sığınacaqlara çağırıb, lakin intensiv zərbələr rabitə və elektrik sistemlərində ciddi kəsintilərə səbəb olub. Təbrizdə isə valilik binası və kəşfiyyat nazirliyinin regional ofisləri ətrafında böyük tüstü dumanlarının yüksəldiyi bildirilir. Bu sinxron hücum İranın komanda-idarəetmə mərkəzlərini eyni anda sıradan çıxarmaq strategiyasının tərkib hissəsidir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ