İnsanlara hürriyət, millətlərə istiqlal!

““İstədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın” dövrü bitməlidir”

Deputat Razi Nurullayev Milli Məclisin iclasında vətəndaşları narahat edən məsələlərdən bəhs edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, bu gün yüzlərlə, minlərlə ailə yarımçıq qalan binaların girovuna çevrilib:

“Səbəb isə açıqdır: bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərliyin hüquqi problemləri. Təəssüf ki, mövcud qanunvericilik vətəndaşı tam qoruya bilmir.

Bu sahədə artıq konkret mexanizmlər yaradılmalıdır.

Birincisi, MTK-lar üçün maliyyə təminatının həlli üçün mexanizmlər olmalıdır. Tikintiyə başlamazdan əvvəl şirkətin bank zəmanəti və ya sığorta təminatını təqdim etməsi nəzərdən keçirilməlidir. Əgər tikinti yarımçıq qalarsa, bina həmin vəsait hesabına tamamlanmalıdır.

RAZİ.jpg (86 KB)

İkincisi, vətəndaşın pulu qorunmalıdır. Alıcıların ödədiyi vəsait birbaşa MTK-ya yox, nəzarətli depozit hesablarına köçürülə bilər. Pul yalnız tikintinin real mərhələlərinə uyğun olaraq mərhələli şəkildə açılmalıdır.

Üçüncüsü, MTK rəhbərliyinin şəxsi məsuliyyəti olmalıdır. Dələduzluğa və ya vəsaitin təyinatdan kənar istifadəsinə görə təkcə şirkət yox, rəhbərlik də şəxsi məsuliyyət daşımalıdır. Belə şirkət və şəxslərə uzunmüddətli tikinti qadağaları və daha sərt məsuliyyət tətbiq olunmalıdır.

Dördüncüsü, dövlət nəzarəti gücləndirilməlidir. Riskli MTK-ların açıq “qara siyahı”sı yaradılmalıdır.

Beşincisi, zərərçəkmiş vətəndaşlar üçün sürətli hüquqi mexanizm olmalıdır: tikinti mübahisələri üzrə xüsusi prosedur, müvəqqəti dövlət tamamlayıcı fondu və pulsuz hüquqi yardım”.

Razi Nurullayev ardınca qeyd edib:

“Mövqeyim aydındır: “İstədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın” dövrü bitməlidir. Burada söhbət bazardan yox, insan taleyindən gedir. Bu səbəbdən Mülki Məcəlləyə və Şəhərsalma və Tikinti Məcəlləsinə kompleks dəyişiklik paketi hazırlanmalı və birlikdə qəbul edilməlidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR