Onlayn ictimai-siyasi qəzet
Erməni əsilli amerikalı rejissor Bared Maronyanın Qarabağ hadisələrini “Genosid 2.0” adı altında təqdim etməsi Azərbaycana qarşı illərdir aparılan birtərəfli informasiya kampaniyasının növbəti nümunəsidir.
Musavat.com bildirir ki, filmdə 2020-ci il müharibəsi, Laçın yolu ətrafında baş verən proseslər və 2023-cü ilin sentyabr hadisələri “blokada”, “etnik təmizləmə” və hətta “genosid” kontekstində təqdim edilir.
Ən diqqətçəkən məqam isə odur ki, 2024-cü ildə filmin yeddi dəqiqəlik versiyası ABŞ Milli Televiziya İncəsənəti və Elmləri Akademiyasının regional bölməsi tərəfindən “Suncoast Emmy” mükafatına namizəd göstərilib. Bu, əsas milli “Emmy” deyil, regional nominasiyadır. Buna baxmayaraq, belə bir filmin nominasiyaya daxil edilməsi onu qiymətləndirən amerikalı televiziya və media mütəxəssislərinin qarşısında mühüm bir sual qoyur: Qarabağ münaqişəsinin 30 illik tarixinin digər tərəfi haradadır?

Azərbaycan cəmiyyətinin yaddaşında həmin tarix 2020-ci ildən başlamır.
Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafındakı yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Yüz minlərlə azərbaycanlı öz yaşayış yerlərindən didərgin düşmüş, Azərbaycan ümumilikdə bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdi.
1992-ci ilin fevralında Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı soyqırımı törədildi. Xocalı soyqırımı Qarabağ münaqişəsinin ən qanlı və dəhşətli səhifələrindən biri kimi tarixə düşdü.
İşğal dövründə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və digər ərazilərdə yaşayış məntəqələrinin böyük hissəsi dağıdıldı. Evlər, ictimai binalar, tarixi və dini abidələr ciddi dağıntılara məruz qaldı. Meşələrin qırılması və təbii sərvətlərin istismarı ilə bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq qurumlara materiallar təqdim edib. 2020-ci ildə həmin ərazilərə daxil olan xarici jurnalistlər də çoxsaylı şəhər və kəndlərin xarabalığa çevrildiyini öz gözləri ilə gördülər.
Bütün bunları görmədən Qarabağ tarixini yalnız 2020 və 2023-cü illərdən başlatmaq obyektiv sənədli kino yanaşması sayıla bilməz.

Azərbaycan 2020-ci ildə beynəlxalq səviyyədə öz ərazisi kimi tanınan torpaqların böyük hissəsi üzərində nəzarətini bərpa etdi. 2023-cü il sentyabrın 19-da isə Qarabağda lokal antiterror tədbirlərinə başladı. Əməliyyat təxminən 24 saat davam etdi və sentyabrın 20-də Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah olunması barədə razılıq əldə edildi.
Bakı Qarabağ ermənilərinə Azərbaycan qanunları çərçivəsində reinteqrasiya və Azərbaycan vətəndaşlığını qəbul edərək bölgədə yaşamağı təklif etmişdi. Azərbaycan rəsmiləri dəfələrlə bəyan etmişdilər ki, Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi təmin ediləcək.
2023-cü ilin sentyabr hadisələrindən sonra bölgəni tərk edən erməni sakinlər Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistana keçdilər. Həmin günlərdə Azərbaycan hərbçilərinin və polis əməkdaşlarının bölgəni tərk edən erməni sakinlərlə xoş rəftar etdiyini, onlara ərzaq və su verildiyini əks etdirən çoxsaylı görüntülər yayıldı. Ermənistana gedən sakinlərin avtomobillərinin yanacaqla təmin edilməsi, yolda nasaz vəziyyətə düşən maşınların təmirinə Azərbaycan əməkdaşlarının kömək göstərməsi də kameralara düşmüşdü. Laçın yolunda xarici və yerli media nümayəndələrinə müsahibə verən bölgəni tərk edən erməni sakinlər Azərbaycan hərbçiləri və polisinin onlarla normal və xoş rəftar etdiyini, yolda onlara yardım göstərildiyini bildirirdilər.
Bu faktlar “Genosid 2.0” filmi kimi saxta və qeyri-obyektiv bir ad altında təqdim olunan qərəzli yanaşmanın göstəricisidir.
Əgər məqsəd həqiqətən sənədli film çəkməkdirsə, onda kamera 30 illik işğalı, Xocalını, doğma yurdlarından qovulmuş azərbaycanlıları, dağıdılmış Ağdamı, Füzulini, Cəbrayılı və digər yaşayış məntəqələrini də göstərməlidir. Əks halda ortaya tarixi araşdıran sənədli əsərdən çox, əvvəlcədən müəyyən edilmiş saxta siyasi tezisi sübut etməyə çalışan təbliğat məhsulu çıxır.

Digər mühüm məsələ keçmiş separatçı qurumun rəhbərləri ilə bağlıdır. Onların bir qismi Azərbaycan ərazisində həbs olundu və barələrində məhkəmə tərəfindən konkret hökmlər verildi.
Ancaq bir həqiqət dəyişmir: Qarabağın tarixini 2020-ci ildən başlatmaq mümkün deyil.
30 ilə yaxın davam etmiş münaqişəni, azərbaycanlı məcburi köçkünləri, Xocalı soyqırımını, işğal altında qalmış rayonları və həmin ərazilərdəki dağıntıları kənara qoyub yalnız son üç ili saxta “Genosid 2.0” adı altında təqdim etmək birbaşa iyrənclikdir.
Qarabağ haqqında film çəkilirsə, Qarabağın bütün tarixi göstərilməlidir.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ