Onlayn ictimai-siyasi qəzet
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı 71 min 890 nəfərə çatıb. Bu göstərici son illərin ən yüksək rəqəmlərindən biri hesab olunur. Maraqlıdır ki, abituriyentlərin böyük əksəriyyəti ilk imtahandan sonra yenidən şansını sınamağa üstünlük verib.
Bəs ikinci cəhdə marağın bu qədər yüksəlməsinin səbəbi nədir? Abituriyentlər daha yüksək bal toplamaq istəyir, yoxsa universitetlərə qəbul uğrunda rəqabət daha da sərtləşib? Artan müraciətlərin arxasında duran amillər necə qiymətləndirilir?

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Builki ikinci cəhd imtahanını ötən illə müqayisə etsək, iştirakçı sayında təxminən 700-800 nəfərlik bir artımın olduğunu görərik. Belə ki, ötən il müvafiq olaraq 71 159 nəfər iştirakçı var idisə, bu il bu göstərici 71 890 nəfərə çatıb. İxtisas qrupları üzrə müqayisəyə gəldikdə isə, ötən il ilə bu il arasındakı fərqləri göstərən statistikanı ayrıca təqdim edirəm: 2025 II cəhd ixtisas qrupları üzrə müsabiqədə iştirakçı sayı: I ixtisas qrupu hər iki bölmə üzrə: 24042 nəfər; II ixtisas qrupu hər iki bölmə üzrə: 18014 nəfər; III ixtisas qrupu hər iki bölmə üzrə: 23471 nəfər; IV ixtisas qrupu hər iki bölmə üzrə: 5632 nəfər; Ümumi iştirakçı sayı hər iki bölmə üzrə: 71159 nəfər. 2026 II cəhd ixtisas qrupları üzrə müsabiqədə iştirakçı sayı:I ixtisas qrupu hər iki bölmə üzrə: 24981 nəfər; II ixtisas qrupu hər iki bölmə üzrə: 18903 nəfər; III ixtisas qrupu hər iki bölmə üzrə: 22704 nəfər; IV ixtisas qrupu hər iki bölmə üzrə: 5302 nəfər; Ümumi iştirakçı sayı hər iki bölmə üzrə: 71890 nəfər.
Ümumiyyətlə, müraciət sayındakı bu artım tendensiyası ali təhsil müəssisələrinə sənəd verənlərin ümumi sayında da özünü göstərir. Belə ki, bu il qeydiyyatdan keçən abituriyentlərin ümumi sayı 135 minə yaxın olub. Onlardan 97 min nəfər birinci cəhddə imtahan vermişdisə, ikinci cəhd üçün 71 890 nəfər qeydiyyatdan keçib. Ötən illə müqayisədə ixtisas qrupları üzrə müraciətçi sayında fərqli dinamika müşahidə olunur. Məsələn, birinci qrupda 900 nəfərdən bir qədər artıq, ikinci qrupda isə təxminən 900 nəfərə yaxın artım qeydə alınıb. Əksinə, üçüncü qrupda ikinci cəhdə qatılan abituriyentlərin sayı ötən illə müqayisədə təxminən 700 nəfər, dördüncü qrupda isə yaxın 300 nəfər azalıb. Üçüncü və dördüncü qruplardakı azalmaya baxmayaraq, birinci və ikinci qruplardakı ciddi artım hesabına ümumi müraciətçi sayında ötən ilə nəzərən təxminən 700 nəfərlik bir artım var. Bu tendensiya əhalinin təbii artımı ilə bağlıdır. Belə ki, builki abituriyentlər doğum sayının yüksək olduğu 2008–2009-cu illər təvəllüdlülərdir. Bu artım dalğasının 2034-cü ilə qədər davam edəcəyi gözlənilir. Qarşıdakı 6-7 il ərzində də ali təhsil müəssisələrinə sənəd verənlərin sayında çoxluq müşahidə olunacaq və yalnız 2034-cü ildən sonra bu göstərici kəskin şəkildə aşağı düşəcək”.
Ekspertin sözlərinə əsasən, bütün bunlar onu göstərir ki, həm bu il, həm də növbəti illərdə ali məktəblərə qəbulda rəqabət həddindən artıq güclü olacaq:
“Bu isə ixtisaslar üzrə keçid ballarının yüksəlməsinə gətirib çıxaracaq. Mövcud vəziyyəti tənzimləmək və iştirakçıların sayına uyğun olaraq hər iki nəfərdən birinin tələbə adını qazanmasını təmin etmək üçün yaxın dövrdə yeni universitetlər və ya ixtisaslar açılmalıdır, eləcə də plan yerlərinin artırılması vacibdir. Qarşıdakı illərdə qəbul plan yerlərini 70-80 min həddinə çatdırmaqla hər iki namizəddən birinin ali təhsil almasına şərait yaradılmalıdır”.
Afaq Mirayiq,
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ